Abutalıbov yanan bina ilə bağlı önəmli məqamları və tenderi udan şirkətin adını açıqladı

Abutalıbov yanan bina ilə bağlı önəmli məqamları və tenderi udan şirkətin adını açıqladı

“Bakı Şəhər İcra Hakimiyyətinə ümumilikdə bu məsələləri həll etmək üçün ilkin məbləğ olaraq, 5 milyon manat ayrılıb”.

Binəqədi rayonunda yanan binanın hansı şirkət tərəfindən təmir olunacağı və bu işlərə nə zaman yekun vurulacağı ilə bağlı suallar mətbuatın gündəmindən düşmür. Xüsusən də baş nazirin müavini Abir Şərifovun bu haqda jurnalistlərə açıqlama verməkdən imtina etməsi mətbuatı bir az da məsələnin üzərinə getməyə sövq edib.

“Yeni Müsavat” olaraq, bu məsələyə aydınlıq gətirmək və yanan binanın sakinlərinin durumu ilə bağlı son məlumatları öyrənmək üçün aparılan işlərə birbaşa nəzarəti həyata keçirən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxladıq.

“Maksimum müddət 3-5 aydır”

H.Abutalıbov bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazi tam nəzarətdədir: “Tender vasitəsilə bir şirkət seçilib, həmin şirkət tərəfindən bina yüksək səviyyədə təmir olunacaq. Narahatçılığa heç bir əsas yoxdur. Mənzil Kommunal Təsərrüfat Birliyi birbaşa sifarişçidir. Nazirlər Kabinetinin qərarı ilə birbaşa müqavilə bağlanılması təklif olunub. Ona görə də, “Aqrar tikinti” MMC hazırda həmin 16 mərtəbəli binanı təmir edir. Bu şirkət tenderin qalibi olub. Nazirlər Kabinetinin qərarı var. Bakı Şəhər İcra Hakimiyyətinə ümumilikdə bu məsələləri həll etmək üçün ilkin məbləğ olaraq, 5 milyon manat ayrılıb. Tikinti-təmir işlərinin aparılması üçün bu şirkətlə müqavilə bağlanıb və hansı işi görəcəklərsə, o qədər də pul ödəniləcək. Ancaq bu vəsait təkcə təmir-bərpa üçün deyil, sakinlər üçün vəfat edənlər, yaralananlar və kirayə evlərə yerləşdirilməyə görə kompensasiyaların ödənilməsi də buraya daxildir. Kompensasiyalar ödəniləndən sonra qalan vəsait tikintiyə sərf olunacaq”.

İcra başçısı bildirdi ki, 5 milyon manatdan əlavə 150 min manat da binanın təmirinin layihəsi üçün ayrılıb və layihə artıq hazırdır: “Biz çalışırıq ki, binanın təmiri 3-5 aydan artıq vaxt aparmasın. Bu, maksimum müddətdir. Buraya binanın təmiri, bərkitmə işləri, evlərin təmiri, mənzillərin mebellərlə təminatı və sair daxildir. Tez bir zamanda sakinləri evlərində yerləşdirəcəyik”.

Sakinlərin yerləşdirilməsinə gəlincə, BŞİH-nin başçısı bildirdi ki, dövlət tərəfindən ayrılan yerlərdə insanlar həm yemək, həm də geyimlə təmin olunurlar: “Qoradil” qəsəbəsində ayrı-ayrı koteclərdə yaşayanlar üçün yemək də, geyim də təşkil olunur. Buzovna sanatoriyasında yaşayanlar da lazım olan hər şeylə, gündəlik yeməklə təmin olunurlar. Öz qohumlarının evində yaşayanlara da kirayə pul verilir, qohum evində olsalar da, bu pul onlara ödənilir. Kirayə yaşayanlara isə ev sahibləri ilə bağladıqları müqavilə əsasında hansı qiymətə razılaşıblarsa, həmin kirayə haqqı da ödənilir. Bununla bağlı hər hansı narahatçılıq yoxdur”.

Mənzil sahibləri kirayənişinlərlə razılaşmır

BŞİH başçısı qeyd etdi ki, hazırda kirayənişinlərlə mənzil sahibləri arasında narazılıq yaşanır və biz onları da yoluna qoymağa çalışırıq: “Bu gün onlardan ikisi gəlmişdi, kirayənişin 5 min manat aldı, ev sahibi isə 15 min manat... Onlar bunu öz aralarında razılaşdırırlar. Eləsi də var ki, ana evin sahibidir, oğlu ilə gəlini orada yaşayır. Onların arasında da narazılıq var. Biz onlarla danışdıq ki, öz aralarında razılaşsınlar, pulu yarı-yarıya bölək, hərəsi 10 min manat alsın. Biz bütün tərəflərlə fərdi qaydada görüşüb, onlarla razılaşırıq. 6 nəfər narazı olan var. Onlardan ikisi həll olunub, 4-ü qalıb. Onlarla da görüşəcəyik”.

“Bütün üzlüklər FHN-ə göndərilib”

Müsahibimin sözlərinə görə, görülən işlərlə bağlı hər gün ölkə başçısına məlumat verilir: “Ölkə başçısının tapşırığı ilə şəhərdəki üzlüklərin hamısı sökülür. Bu gün demək olar ki, tam qurtarmalıyıq. Sabahdan Bakı Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi memarlıq üslubunda binaların hamısı rənglənəcək və ya üzlənəcək. Əgər bina ağ daşlı binadırsa, onlar təmizlənəcək, ağ daşın üzərinə üzlük vurmağın heç bir mənası yoxdur. Digər üzlüklər də gətirilib. Amma BŞİH-nin başçısı olaraq, onların hamısını Fövqəladə Hallar Nazirliyinə ekspertizaya göndərmişəm. Onların rəyi olmadan üzlük vurulmayacaq. Biz çalışacağıq ki, bu proses tez yekunlaşsın”.

Hacıbala Abutalıbov sakinlərə mənəvi dəstək olmasından da danışdı: “Hər gün sakinlərlə görüşürük, onların müəyyən çətinlikləri var, psixoloji baxımdan gərginlik keçiriblər. Biz onlarla söhbət edirik. Dünən mən 20 nəfərlə görüşdüm, sadəcə, söhbət etdik, onların problemlərini dinlədim. Onlar qaldıqları yerdən razıdırlar. Mən istəyirəm ki, onlar danışıb, sakitləşsinlər. Mən onların dərdlərinə şərik olmaq istəyirəm. Çünki, bu faciə hamımızındır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...