TürkPA-nın baş katibi: “Birinci Avropa Oyunları: Xoşməramlı baxış” - MƏQALƏ

TürkPA-nın baş katibi: “Birinci Avropa Oyunları: Xoşməramlı baxış” -

TürkPA-nın baş katibi Jandos Asanov Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr olunmuş məqalə yazıb.

APA həmin məqaləni təqdim edir:

“Biz beynəlxalq miqyaslı möhtəşəm hadisənin astanasındayıq. 12-28 iyun 2015-ci il tarixləri arasında Bakıda Birinci Avropa Oyunları baş tutacaq. 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verdiyi qərardan sonra Azərbaycanda tez bir zamanda müvafiq hazırlıqlara başlanıb. Xalqın həll edilməmiş münaqişə yükü və bundan irəli gələn böyük problemlərinin mövcud olduğu bir zamanda vaxt məhdudiyyətinə baxmayaraq, ölkə son dərəcə çətin vəzifəni qəbul edərək bütün çətinliklərə sinə gəlməyə bacardı. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı onu həmçinin idman üçün cəlbedici ölkəyə çevirib.


İdmanın inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir. Paytaxt şəhərdən əlavə rayon mərkəzlərində də gənc vətəndaşların fiziki tərbiyəsində və ümumilikdə ölkədə idmanın davamlı inkişafında rolu olan müasir müxtəlif təyinatlı idman obyektləri - üzgüçülük hovuzları, qapalı və açıq stadionlar, əyləncə və istirahət mərkəzləri mövcuddur. Son dövrlərdə, 2009 və 2014-cü illərdə keçirilən Bədii Gimnastika üzrə Avropa Çempionatı da daxil olmaqla, Bakıda bir sıra beynəlxalq miqyaslı tədbirlər baş tutub. Qusarda və Qəbələdə yeni istifadəyə verilmiş qış idman obyektləri bütün dünyadan turistləri cəlb etməkdə davam edir.

Birinci Avropa Oyunları müasirliklə zəngin mədəni irsi bir araya gətirən Xəzərin incisi - Bakıda keçirilir. Yeni tikilmiş binalar – saray, mehmanxana və idman obyektləri müasir Azərbaycanın şövq və ideyalarını təcəssüm etdirir.

Azərbaycan heç bir mədəni və dini ayrı-seçkilik yükü altında qalmamaqla öz zəngin tarixi irsini ehtiramla qoruyaraq cəsarətlə gələcəyə baxır. Ona görə də Avropa Oyunları xoşməramlı dünyagörüşün göstərilməsi kimi qiymətləndirilməlidir.

Azərbaycan prezidenti İlham Əliyevin 18-19 may 2015-ci ildə Bakıda keçirilən Üçüncü Mədəniyyətlərarası Forumun açılışında etdiyi çıxışından sitat gətirmək yerinə düşərdi. “Bu oyunların təşkil edilməsi böyük çağırış idi, lakin Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlarından biridir. Biz 600-dən çox Avropa idmançısını bir araya gətirəcəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq”.

Avropa Oyunları nəinki Azərbaycan və Avropa idman aləmində, eləcə də bütün Türk dünyasında əlamətdar hadisədir. Belə ki, bir türkdilli ölkənin kifayət qədər zəhmətli bir vəzifənin öhdəsindən gəlməyi çox sevindirici haldır.

Türklər təbiətən mədəniyyət və dini cəhətdən təcrid olunma meyillərini rədd edən xalqlardır. Sakit və Atlantik okeanları boyunca uzanan İslam, Buddizm, İuadizm, Tanrıçılıq kimi müxtəlif dinlərə etiqad edən türk xalqları və icmalarının müxtəlif irqi və mədəni görünüş və xüsusiyyətləri vardır. Tarix boyu əsasən, köçəri həyat tərzi keçirən türklər atlarla bağlı və digər milli idman növlərinə yaxın olublar. Manas, Alpamıs, Qobulandı, Er Tarqın, Koroğlu və Dədə Qorqud kimi zəngin ədəbi irsi olan türk dastanlarında (eposlar) mərdlik, igidlik və alicənablıq mücəssəməsi olaraq tərənnüm edilir.

Hazırda idmanın müasir növlərinin inkişafı ilə yanaşı milli idman növləri də dirçəlir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə çövkən, kökpar, jeered, qız quu, audarıspaq (at üstündə güləşlər), jambu atu, asıq atu, toqızqumalaq, at yarışlarının müxtəlif növləri, surpapaq, çiling-ağac, toquz-korqool, ordo və başqa oyunlar üzrə mütəmadi yarışlar keçirilir. Qartal və şahin ilə ovçuluq yenidən dirçəlmişdir və dünyada rəğbət qazanmaqdadır.

Son illərdə türkdilli ölkələrdə idman tədbirlərinin təşkil edilməsi dünyada idman sayəsində sülh və inkişafı təşviq etmək üçün onların geniş potensialının beynəlxalq səviyyədə tanınmasını sübut edir. 2011-ci ildə Qazaxıstanın ev sahibliyində Yeddinci Qış Asiya Oyunları (Asiada), müvafiq olaraq 2011 və 2013-cü illərdə Türkiyədə İyirmi Birinci Qış Universiadası və On Yeddinci Aralıq dənizi Oyunları keçirilib. Əlavə olaraq, Bakı və İstanbulun Yay Olimpiya Oyunlarına, Almatının 2022-ci ildə Qış Olimpiya oyunlarının ev sahibliyinə namizədliyi, eləcə də Qazaxıstan və Azərbaycanda 2017-ci ildə gözlənilən Qış Universiadası və İslam Həmrəyliyi Oyunları türkdilli ölkələrin dünyada qlobal təhlükəsizik və ictimai birliyə ardıcıl dəstəyini bir daha təsdiqləyir.

Qırğızıstanda İssık-Kul gölünün sahillərində 2014-cü ildə keçirilən Birinci Dünya Köçəri Oyunları milli mədəniyyət və idman ənənələrinin canlanması və qorunmasına böyük töhfə verməklə gözəl bir nümunə olaraq türk xalqları və icmaları üçün əlamətdar hadisə kimi tarixə düşdü. Köçəri oyunları Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə təkan verməklə Türk əcdadlarımızın əzəli ənənələri, mənəvi özünüdərki və tarixi yaddaşını dirçəltmiş oldu. İdman aləmində bu cür qlobal hadisələrin baş verməsi əsasən, ev sahibi olan ölkənin infrastrukturunun inkişafına birbaşa töhfədir. Azərbaycanda Oyunlara hazırlıq mərhələsində bir sıra idman obyektlərinin və eyni zamanda nəqliyyat infrastrukturunun inşasına başlanıb. Həmçinin, sağlam həyat tərzi və gəncliyin maarifləndirilməsi istiqamətində kütləvi təbliğatı və davamlı inkişafın nəticəsi olaraq qazanılan nailiyyətlərin gələcək nəsillərə ötürülməsinə dair təşviqat fəaliyyəti mövcuddur.

Azərbaycan bu cür təşəbbüsləri davam etdirmək niyyətindədir. Belə ki, ölkədə 2017-ci ildə İslam Həmrəyliyi oyunları və 2020-ci ildə isə Avropa Futbol Çempionatının keçirilməsi planlaşdırılır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...