Rusiya kiberordusunu gücləndirir – ildə 300 milyon dollar pul ayırır

Rusiya kiberordusunu gücləndirir –


Ruslar üçün kiberməkan da döyüş meydanı sayılır. Rusiya müdafiə naziri Sergey Şoyqu Dövlət Dumasının deputatları qarşısında çıxış edərək Rusiyada informasiya əməliyyatları qoşunlarının yaradıldığını bəyan edib. Beləliklə, Rusiya kibernetik ordusunun mövcudluğunu bununla ilk dəfə rəsmi ağızdan etiraf etmiş olub. Sergey Şoyqu yeni qurulan hərbi təşkilatın fəaliyyətinə olduqca yüksək qiymət verib. Şoyqunun sözlərinə görə, informasiya və kibertəbliğat ağıllı, savadlı və effektiv həyata keçirilməlidir.

“Bu gün bir çox təhdidlər kibersahə deyilən məkanlara keçib və bu gün informasiya mübarizəsi ümumi rəqabətin tərkib hissəsidir. Bundan irəli gələrək Rusiyada bu işlə məşğul olan strukturların yaradılması zərurətə çevrilib”, - Dövlət Dumasının müdafiə komissiyasının sədri Vladimir Şamanov bəyan edib.

Şamanovun sözlərinə görə, informasiya əməliyyatları qoşunları milli müdafiə və informasiya sahəsində maraqların müdafiəsi üçün yaradılıb.

Rusiya Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi (2004-2008) Yuri Baluyevskinin dediyinə görə, müasir dünyada informasiya mübarizəsində əldə olunan qalibiyyət silahların tətbiq olunduğu klassik müharibədəki qələbədən daha önəmlidir.

“Rusiya informasiya əməliyyatlarının köməyi ilə xarici ölkələrin rəhbərliyinə, əhalisinə və elitar təbəqələrinə dünyadakı situasiya haqqında öz həqiqətini effektiv şəkildə çatdırmalı və Qərbi müdafiə vəziyyətinə keçməyə məcbur etmlidir”, - Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov qeyd edib.

Rusiyanın güc strukturlarında kibernetik hissələrin yaradılması mövzusu artıq neçə illərdir ki gedir. 2012-ci ilin martında baş nazirin müavini Dmitri Roqozin Rusiya ordusunda bənzər qurumun yaradılmasının vacib olduğunu bildirmişdi.

2013-cü ildə Müdafiə Nazirliyi informasiya texnologiyaları sahəsində hərbi mütəxəssislərin təlim keçdiyi elmi bölük yaradılıb.
Rusiyanın bu sahədə əldə etdiyi nailiyyətlər onun əsas rəqibləri tərəfindən də etiraf edilir.

2017-ci ilin başlanğıcında “Kommersant” qəzeti “Zecurion Analytics” şirkətinə istinadən Rusiyanın kiberorduların inkişaf səviyyəsinə görə dünyanın 5 ölkəsi sırasına daxil olduğunu yazmışdı.

Mətbuatın yazdığına görə, sayına və texnoloji gücünə görə ən qüdrətli kiberordu ABŞ-a məxsusdur. ABŞ-ın bu sahədə çaılışan 9 min “əsgəri” var. Ordunun maliyyələşdirilməsinə hər il ABŞ büdcəsindən 7 milyard dollar pul xərclənir.

İkinci sırada Çin dayanır. Çinin kibertəhdidlərə qarşı qurduğu orduda 20 mindən çox hərbçi çalışır və Çin hökuməti hər il onlara 1,5 milyard dollar pul ayırır.

3-cü sırada isə 2 min müətəxəssisə 450 milyon dollar pul ayıran Böyük Britaniya gəlir. 4-cü yer 700 nəfərlik ştat və 400 milyon dollarlıq büdcə ilə Cənubi Koreyaya məxsusdur.

“Zecurion Analytics”-ə görə, Rusiyanın kiberqoşunlarına hər il 300 milyon dollar pul xərcləyir.

SSRİ dövründə DTK-nın analitik mərkəzinin rəisi vəzifəsində çalışmış Vladimir Rubanov Rusiyanın kiber ordusunun sayının min əsgər civarında olduğunu güman edir. “İnformasiya məkanı həm quruda, həm dənizdə, həm də hava və kosmosda aparılan hərbi əməliyyatlar teatrına bərabər olan hərbi əməliyyatlar sahəsidir”, - Rubanov “Oqonyok” jurnalına verdiyi müsahibədə deyib.

Rusiya politoloqları assosiasiyasının eksperti Aleksandr Perenciyevə görə, bu istiqamətdə həyata keçirilən hərbi quruculuq fəaliyyəti baş qərargahın informasiya rəqabəti ilə bağlı kurslarda da işlənib hazırlanıb. Onun bildirdiyi kimi, bu cür mübarizə sahəsində təkcə hərbçilər deyil, həm də jurnalist cəmiyyətləri, Rusiya Jurnalistlər Birliyi, habelə sosioloq və politoloqlar iştirak edirlər.

ABŞ mütəxəssisləri də Rusiyanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirlər.

“ABŞ-da Rusiyanın çökməkdə olduğunu deyirlər, lakin kiberhücumlarla bağlı məsələ oraya çıxan kimi məlum oldu ki, ölkə nəinki iflas etmirmiş, hətta əvvəlikdən daha böyük imkanlara malik olub”, - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, The Atlantic Council şirkətinin eksperti Metyu Berrouz gazeta.ru-ya bildirib.

Rusiyanın kiber gücünün qüdrəti isə ABŞ-ın prezidentlik seçkilərində daha çox özünü göstərib.

ABŞ analitiklərinə görə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə tabe olan Fancy Bear və Cozzy Bear adlı iki haker qrupundan istifadə edib.

2017-ci ilin əvvəllərində FTB, MKİ və Milli Təhlükəsizlik Agentliyi rus hakerlərinin ABŞ-da prezident seçkilərinə qarışdığı barədə sübutları təqdim edib. Analitiklərin rəyinə görə, bununla bağlı göstəriş şəxsən Vladimir Putinin özü tərəfindən verilib.(musavat.om)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
437 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...