Bakıdan rayonlara işləyən “ölüm avtobusları” - FOTO

Bakıdan rayonlara işləyən “ölüm avtobusları” -
Martın 9-da Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnmiş dəhşətli qəza ictimaiyyətin diqqətini bir məsələyə yönəltdi: yollarda qanunsuz sərnişindaşıma ilə məşğul olan və təhlükəsizlik normalarına cavab verməyən avtobus və mikroavtobuslar bizləri gedər-gəlməzə apara bilən “ölüm maşınları”dır.

Modern.az-ın məlumatına görə, belə maşınlara təkcə Bakı-Sumqayıt magistralında deyil, digər yollarda da rast gəlmək mümkündür. Və müxtəlif yerləri icazəsiz dayanacaqlara çevirən “ölüm maşınları”nın sürücüləri hazırda da qanunsuz sərnişindaşıma ilə məşğuldurlar.

Əməkdaşımız belə dayancaqlardan birində müşahidə aparıb. “Binə” Ticarət Mərkəzinin yaxınlığında yerləşən həmin dayancaqdan müxtəlif rayonlara sərnişin daşınır. Müşahidələr göstərir ki, köhnə, bəzilərinin pəncərələrinə şüşə əvəzinə karton vurulan, konstruksiyasına müdaxilə edilən, oturacaq yerlərinin sayı artırılan, qapıları hətta məftil və ya iplə bağlanan, sınıx-salxaq mikroavtobuslar nəinki sərnişin daşınmasına, hətta yükdaşımaya belə, yararlı deyil. Amma bütün bunlara rəğmən, onlar rayonlardan Bakıya - “Binə” və “Sədərək” ticarət mərkəzlərinə və əks istiqamətlərə sərnişin daşımaqla məşğuldurlar. Bu maşınların sürücülrəi insanları göz görəsi təhlükəyə atırlar. Əlbəttə ki, təhlükəsizlik normalarına cavab verməyən həmin maşınların sürücüləri kimlərəsə “haqq” verməklə yollarda hərəkət edirlər. Şübhəsiz ki, o sürücülərin sənədləri də qaydasında deyil. Və yəqin ki, dəfələrlə inzibati xətaya cəlb olunublar... Elə Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olan “Ford”un sürücüsü Namiq Hüseynov kimi..
Onlara kim nəzarət edir, pərakəndə şəkildə fəaliyyət göstərən bu mikroavtobuslar niyə diqqətdən kənarda qalır? Axı təhlükəsizlik qaydalarını pozan bu mikroavtobusların sürücüləri hər gün yüzlərlə sərnişinin qəsdinə dururlar...

Mövzunu diqqətdə saxlayacağıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...