Çingiz Qənizadə Hacı Qalibi “sərsəm” adlandırdı

Çingiz Qənizadə Hacı Qalibi “sərsəm” adlandırdı

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib. Hacı Qalib oğlunun həbsinin arxasında Baş prokuror Zakir Qaralovun dayandığını və bunu aralarındakı düşmənçiliklə əlaqəli olduğunu bildirib.

GUNDEMİNFO.AZ xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a danışıb.

O bildirib ki, Qalib Salahzadənin açıqlamaları inandırıcı deyil: “Hacı Qalib yenə öz ampluasındadır. Yenə də ağlına gələni dərhal dilinə gətirir və müəyyən ifadələr işlədir. Xüsusilə oğlunun həbsi və Baş prokurorla bağlı açıqlaması hesab edirəm ki, normal oxucu tərəfindən ciddi qəbul edilə bilməz. Ölkənin Baş prokuroru ilə onun düşmənçilik aparması arasında çox böyük məsafə var. Yəni kiçik adamla baş prokurorun hansı ədavəti və düşmənçiliyi ola bilər?. Bu, inandırıcı deyil. Zakir Qaralovun Sabunçu rayon prokuroru işləyən zaman Bilgəhdə zəfəran torpaqlarını qeyri-qanuni yolla zəbt etmək iddiası ilə bağlı iddiaya gəldikdə, fürsətdən istifadə edib qurumlara müraciət etmək istəyirəm. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi Baş prokurorluq və digər qurumlara müraciət edərdim ki, zəfəran kolxozunun torpağının taleyini araşdırsınlar.

Hacı Qalib birinci dəfə deyil ki, belə fikirlər ifadə edir. Bu yaxınlarda şeyxin varisi ilə bağlı fikir ortaya atdı. Şeyxin oğlunun varisi olması məsələsini gündəmə gətirdi. Hamı bilir ki, şeyxin oğlu savadlı gəncdir və dini fəaliyyətlə məşğul deyil, varis ola bilməz. Beləliklə şeyxi zərbə altında qoymuş oldu. Parlamentdə olanda cəmi bir-iki dəfə çıxış edib. Ən böyük qüsurlarından biri də bələdiyyə seçkiləri zamanı idi. Hələ seçkilərə bir neçə ay qalmış, guya bələdiyyə sədrlərinin təyin olunduğu barədə fikirlər səsləndirməsi, ölkənin seçki sistemini şübhə altına alan sözlər söyləməsi heç bir məntiqə sığmırdı”.

Ç.Qənizadə qeyd edib ki, Qalib Salahzadənin açıqlamaları əslində özünə qarşı yönəlib: “Eyni zamanda, hacı Qalibin 500 nəfəri Həcc ziyarətinə göndərməsi ilə əlaqəli fikirlərinin də şahidi olduq. O zaman da bunun gülünc açıqlama olduğunu bildirdim. O qədər insanın Həccə göndərilməsi yüklü məbləğ tələb edir. Bunun əvəzinə ona ali məktəblərə qəbul olunan, lakin təhsil haqqını ödəyə bilməyən gənclərə kömək göstərməsini təklif etdim. Bu cür sərsəm açıqlamalar həmişə olub.

Hacı Qalibin bu ifadələri və Baş prokurorluğa qarşı ünvanlanan ifadələr hesab edirəm ki, əksinə, özünə qarşı yönələn ifadələrdir. Oxucu digər fikirlər kimi, bunları da ciddi saymayacaq. Zakir Qaralov indiyə qədər adı hansısa neqativ məsələlərdə hallanmayan dövlət məmurlarından biridir. Onun rəhbərlik etdiyi dövrdə prokurorluqda əsaslı dönüş yaradılıb. Yəni kadrların yerləşdirilməsindən tutmuş istintaqın kefiyyətinə qədər bütün sahələrdə bir dönüş müşahidə edilib. Prokurorluq orqanlarının əməkdaşlarının davranışı, onların qanunun aliliyinə hörməti heç də digər orqanlardan geri qalmır. Hesab edirəm ki, hacı Qalibin bu cür açıqlamaları olub və olacaq. Sadəcə görünür, həmişə cəzasız qaldığına görə hər dəfə yeni ampluada öz fikirlərini ifadə etməyə çalışır. Prokurorluq orqanları həbs qərarı seçməklə döyülmüş Azərbaycan vətəndaşının hüquqlarını qorumuş olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...