Partiyalara ildə 100 min manat bəs etmir? - 5 deputatın təklifi

Partiyalara ildə 100 min manat bəs etmir? -

Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı siyasi partiyalara ayrılan illik vəsaitin artırılması təklif olunub. Parlamentdə təmsil olunan partiya sədrləri hesab edirlər ki, dövlətin onlara ayırdığı pul seçicilərlə görüşə və planlaşdırılan layihələrin həyata keçirilməsinə bəs etmir.

Partiyalara ayrılan pul onlara niyə bəs etmir?

AzVision.az mövzu ilə bağlı parlamentdə təmsil olunan partiya rəhbərlərindən münasibət öyrənib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, dövlətin ayırdığı vəsait partiyanın güclənməsinə xidmət edir: “Dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsi ilk növbədə ölkədə çoxpartiyalı sistemin formalaşmasına xidmət edir. Bu, Azərbaycanda siyasi sistemi gücləndirir. Təbii ki, daha çox maliyyə partiyanın güclənməsi deməkdir. Vəsaitin artırılması ilk növbədə regionlarda partiya təşkilatlarının güclənməsinə və partiyanın müdafiə etdiyi fikirlərin cəmiyyətdə daha geniş yayılmasına dəsətk verə bilər”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə isə deyib ki, ayrılan vəsait partiyanın fəaliyyəti üçün yetərlidir: “Əlbəttə, maliyyə vəsaitinin artması yaxşı olardı. Amma, hazırda ayrılan məbləğ bizə bəs edir”.

Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı hesab edir ki, siyasi aktivliyin artması üçün partiyalara ayrılan vəsait artırılmalıdır: “İmkan varsa, niyə də maliyyə vəsaiti artırılmasın? Siyasi aktivliyin artması və dövlətin inkişafı üçün partiyalara ayrılan vəsait artırılmaldır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin fikrincə, siyasi partiyalara ayrılan vəsaitin artırılmasına ehtiyac var: “Ölkənin inkişafı həm də müxalifət partiyalarının fəaliyyəti ilə bağlıdır. Müəyyən tənqidlərin olması, alternativlərin təşviq olunması, etirazların meydanlardan masa arxasına aparılması partiyaların fəaliyyəti ilə əlaqədardır. Biz konstruktiv şəkildə müəyyən problemlərin aradan qaldırılmasını təklif ediriksə, müxalifətçiliyimiz də qərəzli şəkildə müəyyən adamlara yox, problemlərə qarşıdırsa, belə partiyaların fəaliyyəti üçün şərait yaradılmalıdır”.

F.Quliyev hesab edir ki, siyasi partiyalara ayrılan vəsait azdır: “Bu vəsait ayda təxminən 7 min manat civarındadır. Bunun da müəyyən hissəsi müxtəlif xərclər vasitəsilə dövlətə qaytarılır. Vəsait aparatın saxlanılmasına bəs etmir. Yerlərdə iş təşkil etmək, bunun mətbu məsələlərini qurmaq lazımdır. Bundan başqa xarici səfərlər var. Hesab edirəm ki, partiyaların normal fəaliyyəti üçün vəsaitin artırılması dövlətin xeyrinə olan məsələdir. Bununla bağlı deputat həmkarlarım məsələ qaldırıblar. Hesab edirəm ki, onlar haqlıdırlar”.

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli isə qeyd edib ki, siyasi partiyaların fəaliyyətinin səmərəli olması üçün dövlət tərəfindən ayrılan vəsaitin artırılmasına ehtiyac var:

“Siyasi partiyalara yardım olmazsa, onların ayaqda qalması mümkün deyil. Ölkədə Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə, maddi yardım almadan heç bir siyasi partiya güclü şəkildə təşkilatlana bilməz. Etiraf edək ki, biz üzvlük haqlarını toplaya bilmirik. Hazırda ayrılan vəsaitlə aya 8 min manat pul düşür. Bunun da xeyli hissəsi vergiyə gedir. Bizim icarə haqqı, təşkilati tədbirlər, rayon və şəhər strukturlarının saxlanılması kimi məsələlərə xərclərimiz çıxır. Bunun müqabilində ayrılan məbləğ cüzidir. Biz rayon təşkilatlarımızın 70 faizini maliyyələşdirə bilmirik. Elə ictimai birliklər var ki, bizdən çox maliyyə vəsaiti ayrılır. Bizə irad tuturlar ki, zəifsiniz. Axı bizə ayrılan vəsait artmalıdır ki, güclənək. Ona görə də vəsaitin artırılmasına ehtiyac var”.

Qeyd edək ki, adları qeyd olunan partiyalara il ərzində 100 min manat vəsait ayrılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...