Lavrov Bakıya konkret təkliflərlə gəlir - ŞƏRH

Lavrov Bakıya konkret təkliflərlə gəlir -

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana səfər edəcək. XİN rəhbəri səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakıda müzakirə aparacaq.

Lavrov səfər öncəsi çıxışında deyib: “İlk növbədə bu səfərdə məqsəd Azərbaycan-Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı tədbirlərə qatılmaqdır. Görüşlər zamanı, ikitərəfli, o cümlədən regional məsələlər müzakirə olunacaq. Həmçinin biz prezidentlərin sonuncu görüşündən sonra Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesində hazırda harada olduğumuzu aydınlaşdırmağa çalışacağıq”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bəyan edib ki, rəsmi Bakı münaqişənin həlli ilə bağlı görüşlərə görüş xatirinə qatılmaq istəmir: “Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz bəllidir. Azərbaycan tərəfi görüş xatirinə görüşlərə qatılmaq istəmir. Biz artıq tələb edirik ki, görüşlərin nəticələri olsun. Mən münaqişəni yerindən tərpətmək məsələsəni Sergey Lavrovla müzakirə edəcəyəm. Biz məsələnin üstündə dururuq, prezidentlər tapşırıb. Həmsədrlər də münaqişənin həll yolunu tərpətmək üçün iş aparırlar”.

Rusiya xarici işlər nazirinin regiona səfərindən gözləntilər nədir? Bu səfər münaqişənin həlli prosesinə necə təsir edəcək?

Politoloq Sahil İskəndərov AzVision.az-a bildirib ki, Lavrovun münaqişə tərəfi olan ölkələrə səfəri təəccüblü və təsadüfi deyil:

“Son bir neçə ildə, xüsusilə də ABŞ-da daxili ziddiyyətlər kəskinləşdiyindən Moskva Dağlıq Qarabağ münaqişəsi, ümumən Cənubi Qafqazda gedən proseslərlə bağlı təsirini gücləndirməyə, nüfuzunu artırmağa çalışır. Hesab edirəm ki, Lavrovun həm Azərbaycana, həm də Ermənistana səfəri məhz bu kontekstdən qiymətləndirilməlidir. Lavrov boş-boşuna gəlib-getmir. İstisna deyil ki, o, hər dəfə konkret təkliflərlə gəlir. Amma, bu təkliflər geniş ictimaiyyətə açıqlanmır. Bu məsələdə Moskvanın tərəflər qarşısında qoyduğu əsas şərtlərdən biri məhz budur ki, münaqişə tərəflərinə hansı təkliflərlə müraciət etməsi geniş və beynəlxalq ictimaiyyətə açıqlanmasın. Burada elə təkliflər ola bilər ki, digər həmsədr dövlətlərin xoşuna gəlməsin. Bu baxımdan, təkliflər həmin həmsədrlərin həm Dağlıq Qarabağ münaqişəsinin həllinə, həm də Azərbaycan və Ermənistana təsir imkanlarını azaldır. Hesab edirəm ki, səfərldən nəsə gözləmək lazımdır. Amma, təkliflər və səfərlərin konkret detalları barədə hələ uzun müddət heç nə bilməyəcəyik. Düşünürəm ki, rəsmi Moskva Lavrovun səfərləri vasitəsilə həm Azərbaycanın, həm də Ermənistanın siyasi rəhbərliyinin fikirlərini öyrənməyə çalışır”.

Politoloq hesab edir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Lavrovdan konkret təkliflər tələb edəcəyini bəyan etməsi təsadüfi deyil: “Elmar Məmmədyarov kifayət qədər peşəkar və ehtiyatlı diplomatdır. O, bir müddət əvvəl açıq şəkildə bəyan etmişdi ki, yaxın müddətdə münaqişənin həlli ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verəcək. Amma, görünür, kənar qüvvələrin, digər həmsədrlərin Ermənistana təsir addımları bu kontekstdən kənarda qalmadı və düşmən ölkə bir daha ortaya destruktiv mövqe qoydu.

Eyni zamanda Lavrovun bölgəyə səfərinin hansı hadisələrin fonunda baş verdiyini nəzərdən qaçırmayaq. Məlum olduğu kimi bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı RəcəbTayyib Ərdoğanla görüşüb. Türkiyə prezidenti bu səfərdən əvvəl iki dəfə açıqlama verdi ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli konkret olaraq Moskvadan asılıdır. Hətta, səfər öncəsi bildirdi ki, bu məsələni Putinlə müzakirə etməyə çalışacaq. Görüşdən sonra Türkiyə və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə apardığına dair heç bir açıqlama verilmədi. Amma, bu, o demək deyil ki, məsələ müzakirə olunmayıb. Ehtimal etmək olar ki, iki prezident arasında münaqişənin həlli ilə bağlı məsələ müzakirə olunub. Bu, çox böyük ehtimaldır.

Ötən gün isə Ermənistan prezidenti Serj Sarkisyan təlimatlandırılmaq üçün Moskvaya çağırılıb. Bu, adətən Ermənistanın mövqeyindən geri çəkilməməsi ilə bağlı təlimatlardır. Amma, son iki hadisə fonunda istisna deyil ki, Sarkisyan Moskvaya konkret olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa təkliflərin qəbul etdirilməsi üçün çağırılıb”.

S.İsgəndərov qeyd edib ki, Lavrovun Bakı səfərindən çox yüksək gözləntilərə ümidli olmaq lazım deyil: “İnanıram ki, istənilən halda bu səfərlərin arxasında kiçik də olsa, hansısa fəaliyət dayanır. Düşünürəm ki, kəmiyyət dəyişiklikləri son nəticədə keyyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...