Trampın Qüdslə bağlı qərarının axrasındakı 3 səbəb - TƏHLİL

 Trampın Qüdslə bağlı qərarının axrasındakı 3 səbəb -
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünyanın gündəmini dəyişib. Trampın qalmaqallı qərarı müsəlman ölkələrinin etirazına səbəb olub. Eləcə də Böyük Britaniya və Fransa daxil olmaqda 8 ölkə BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırb. ABŞ-ın Qüdslə bağlı qərarına etiraz olaraq Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclası keçiriləcək.

ABŞ-ın “Brookings İnstitu”nun yaydığı məlumata görə, amerikalıların 63 faizi ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarının əleyhinədir.

ABŞ prezidenti Donald Trampın daxili və xarici təpkilərə baxmayaraq, Qüdsü İsrailin paytaxtı kimi tanıması sual doğurur. Buna səbəb nə idi?

İddialara görə Tramp Qüdslə bağlı qərarında israrçı olmaqla 3 mühüm hədəfə çatmağı planlaşdırır.

Birinci səbəb

ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi barədə qərarı 1995-ci ildə verib. Ancaq, bu dövrdən başlayaraq heç bir ABŞ prezidenti bunu reallaşdırmağa cəhd etməyib. İqtidara gəldikdən sonra qəti addımlar atmamaqda ittiham edilən Tramp 22 il sonra bu qərarı reallaşdıran prezident olmaq istəyir. Bununla da o, qərarların icraçısı olan prezident kimi özünü göstərməyə çalışır.

İkinci səbəb

“Brookings İnstitu”nun araşdırmasına görə, ABŞ-da demokratların çoxluğu səfirliyin Qüdsə köçürülməsi barədə qərarın əleyhinədir. Respublikaçılar arasında isə fikirayrılığı hökm sürür. Ehtimal edilir ki, Tramp bu addımı atmaqla yəhudi lobbisi vasitəsi ilə respublikaçılar arasında reytinqini artırmağa çalışır.

Üçüncü səbəb

Bu iddiaya görə, Tramp tarixdə “İsrail-Fələstin problemini həll edən prezident” olaraq qalmaq istəyir. Yəni, bu qərarla sülh danışıqlarında Fələstinə daha çox təzyiq etməyi planlaşdırır. Bəzi ekspertlər hesab edirlər ki, Tramp bu məsələdə yalnış mövqe tutur. Bildirilir ki, Tramp səfirliyi Qüdsə köçürmə qərarının səbəb olacağı nəticələri düzgün hesablaya bilmir, yaxud müşavirləri tərəfindən səhv istiqamətləndirilir.
AzVision.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...