“Qarabağ”ın ÇL-dəki qazancı - 16 MİLYON AVRO

“Qarabağ”ın ÇL-dəki qazancı -

Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıran "Qarabağ”ın UEFA-dan alacağı vəsaitin təqribi məbləği məlum olub. Gundeminfo/az "Report"a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası 16 milyon avro əldə edəcək.

2015 - 2018 kommersiya tsiklində gəlirlərin bölüşdürülmə sxeminə əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan bütün klublara 12,7 milyon avro ödəniləcək. Qrup mərhələsində isə qələbəyə görə 1,5 milyon, heç-heçə üçün isə 500 min avro veriləcək. Hər bir heç-heçədən qalan 500 min avro isə qrup mərhələsinin bütün iştirakçıları arasında qələbə sayına uyğun olaraq bölünəcək.

Əlavə olaraq, marketinq gəlirləri bir sıra amillərə, o cümlədən klubun məxsus olduğu ölkənin teleyayım bazarındakı çəkisinə görə paylanılacaq.

Beləliklə, ÇL-in qrupuna düşməklə 12,7 milyon avro qazanan "Qarabağ” iki heç-heçə etməklə, əlavə 1 milyon avro götürüb. 2017/2018 mövsümündə qrup mərhələsində 20 heç-heçənin qeydə alındığını nəzərə alsaq, bu, əlavə 10 milyon avro deməkdir. Lakin Ağdam klubu heç bir matçda qalibiyyət sevinci yaşamayıb.

Ötən mövsüm "Qarabağ” kimi 2 heç-heçə etməklə qrup mərhələsini sonuncu pillədə başa vuran İsveçrənin "Bazel” klubuna marketinq gəlirlərindən 2 milyon 568 min avro ödənilib. Bazardakı çəkisi Azərbaycana daha yaxın olan Xorvatiya təmsilçisi və qrup mərhələsini 0 xalla başa vuran Zaqreb "Dinamo”su isə 2 milyon 282 min avro qazanıb. Bu isə o deməkdir ki, "Qarabağ" ən pis halda təqribən 2 milyon 300 min avro marketinq pulu alacaq. Yəni, ümumi qazanc 16 milyon avro təşkil edəcək.

Qeyd edək ki, sxemə əsasən, 1/8 finala çıxan hər bir klub 6 milyon avro, 1/4 finala yüksələnlər 6,5 milyon avro əldə edəcək. Yarımfinalçılara 7,5 milyon, finalda məğlub olan kollektivə 11 milyon avro ödəniləcək. Turnirin qalibinə isə 15,5 milyon avro veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...