Zaur Hüseynov metrodakı İNTİHARLARLA bağlı hərəkətə keçəcəkmi?

Zaur Hüseynov metrodakı İNTİHARLARLA

Bu həftə ərzində “Bakı Metropoliteni”ndə ard-arda iki intihar hadisəsi qeydə alınıb. İntihar edənlərdən biri 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur. O, yanvarın 8-də, saat 22:10 radələrində "H.Aslanov" stansiyasından "İçəri Şəhər"ə gedən, 11 saylı marşrut üzrə hərəkət edən qatarın altına atılıb. Nəticədə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Analoji hal yanvarın 12-də saat 09:18 radələrində qeydə alınıb. "Həzi Aslanov" stansiyasından "Dərnəgülə"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev" stansiyasına daxil olarkən, 1971-ci il təvəllüdlü Cəmil Cəlilov özünü qatarın altına atmaq istəyib. Relslərin üstünə yıxılmaq cəhdi baş tutmasa da, qatar onu vurub platformaya atıb. Ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb. Dolayı da olsa C.Cəlilov istəyinə nail olub...

Əksəriyyət isə metroda baş verən intiharların qarşısının alınması, hadisələr zamanı qurumun işində fasilə yaranmaması, ən əsası insanların gözü qarşısında belə bir halın yaşanmaması üçün xarici təcrübədən yararlanmağı tövsiyə edir. Tövsiyə qatarın platformaya yaxın hərəkət zolağının xüsusi şüşələrlə qapadılması barədədir.

Maraqlıdır, son hadisələr “Bakı Metropoliteni”nin rəhbər şəxslərinin də müzakirəsinə səbəb olubmu? Ümumiyyətlə, belə bir praktikanın ölkəmizdə tətbiqi reallaşa bilərmi?

Modern.az-ın bu qəbildən olan suallarını “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev cavablandırıb.

Qurum rəsmisi, bu praktikanın böyük xərc tələb etməsə də, Azərbaycanda tətbiqini birmənalı şəkildə mümkünsüz sayır:“Bu cür vasitələr layihələndirmədə nəzərdə tutulmalı idi. Qoruyucu çəmbərləri qoymaq, yenidən quraşdırmaq çox çətin prosesdir. Qatar gəlib dayananda həmin plastik şüşələr üz-üzə açılmalıdır. Bu elə də sadə mexanizm deyil”.

N.Paşayev “Metropoliten rəhbəri Zaur Hüseynov intiharların qarşısının alınması üçün hansısa tədbirlər görmək barədə fikir irəli sürübmü? Ümumiyyətlə, bu məsələ müzakirə olunubmu” suallarına cavab olaraq, bunları bildirib:

“Sərnişinlərin rahat və təhlükəsiz daşınması bizim hər zaman əsas vəzifəmizdir. Bu mövzu hər gün müzakirə olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...