İranda gecə etirazları - Tehran, Əhvaz və Banədə xalq yenidən ayağa qalxdı

İranda gecə etirazları -

İranda bir müddət öncə səngiyən etiraz aksiyalarına yenidən start verilib

Belə ki, fevralın 11-i axşam saatlarında paytaxt Tehranda və İranın bir sıra digər şəhərlərində rejimə qarşı kütləvi növbəti etirazlar keçirilib.

GünAzTV xəbər verir ki, İslam inqilabının 39-cu ildönümünə təsadüf edən aksiyalarda, dinc etirazçılar İranın dini lideri, axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. Tehranın “Vəliyi-əsr” küçəsində və “Şəhər teatrı” qarşısında toplaşan minlərlə aksiyaçı, “Diktatora ölüm” və “İstiqlal, azadlıq, İran Respublikası” şüarları səsləndirərək, ölkədəki rejimə son qoyulmasını tələb ediblər.

Məlumatda deyilir ki, Əhvaz şəhərinin “Şühəda” meydanında toplaşan minlərlə etirazçı “Diktatora ölüm” şüarı səsləndirərkən motosikletçi polis qüvvələrinin hücumuna məruz qalıblar. Hazırda həmin meydanın rejim qüvvələri tərəfindən nəzarətə götürüldüyü bildirilir. Bundan əlavə, etirazlar İsfahan şəhərində də keçirilib və rejimin motosikletçi qüvvələri dinc aksiyaçıları dağıtdıqdan sonra şəhərin əsas küçə və meydanlarını nəzarətə götürüblər. Hər üç şəhərdə onlarla etirazçının saxlandığı xəbər verilir.

Bundan əvvəl İslam İnqilabının ildönümü münasibətilə Kürdüstan əyalətinin Banə şəhərinin müxtəlif məkanlarında asılan İran bayraqları, gecə saatlarında bir neçə gənc etirazçı tərəfindən yandırılıb. Etirazların pərakəndə şəkildə digər şəhərlərdə də davam etdirildiyi bildirilir.

Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə qarşı kütləvi etirazlar keçirilmişdi. Məlumata görə, etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Gələn xəbərlərə görə, hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şəkildə davam etdirilir.

Bu arada yayılan digər xəbərə görə, İranda molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq daha 5 qadın küçədə baş örtüklərini açıblar. İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, fevralın 10-da Yəzd şəhərində gənc bir xanım, küçədə məcburi hicaba etiraz bildirən bir plakat qaldıraraq baş örtüyünü açıb. O, plakat üzərində yazdığı şüarda qadınları məcburi hicaba qarşı birgə mübarizəyə çağırıb. Həmin gün, İsfahan şəhərinin “Nəqşi-cahan” meydanında daha 4 qadın “məcburi hicaba yox” kampaniyasına qatılıblar. Onlar birlikdə baş örtüklərini açaraq, hakim axundların ölkə qadınlarına qarşı zorakılığına etiraz bildiriblər. Küçə və meydanda baş örtüklərini açan həmin xanımların tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

Məlumata görə, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb. Son həftələr, İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Təkcə Tehranda isə, küçə və meydanlarda baş örtüyünü açan 29 qadın həbs edilib. İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

Diqqətçəkən budur ki, farsların və kürdlərin çoxluq təşkil etdiyi budəfəki etiraz aksiyalarını da Azərbaycan türkləri sadəcə müşahidə edirlər. İslam İnqilabında aparıcı qüvvə olmalarına baxmayaraq, konstitusiyada əksini tapan təbii haqlarını bugünədək ala bilməyən soydaşlayımız növbəti dəfə əbəs yerə qurbana çevrilmək istəmir. Azərbaycan türklərinə hər dəfə məktəblərdə ana dilində tədris imkanı veriləcəyi vəd olunsa da, bu günədək irəliyə doğru addım atılmayıb.(Musavat.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...