“Soyuq müharibə” qayıdır: Azərbaycan nə etməlidir? - TƏHLİL

“Soyuq müharibə” qayıdır: Azərbaycan nə etməlidir? -

Son illərdə dünya düzəni sürətlə dəyişir. Artıq bu düzənin iki hissəyə bölündüyünü əminliklə söyləmək mümkündür. Bir tərəfdə Amerika, digər tərəfdə Rusiya dayanıb. Çin və digər böyük dövlətlərin də getdikcə bu proseslərə qoşulduğunu demək olar. Sürətlə şəkillənən hazırkı dünya düzəni “soyuq müharibə” illərini xatırladır.

Son illərdə dünya düzəni sürətlə dəyişir. Artıq bu düzənin iki hissəyə bölündüyünü əminliklə söyləmək mümkündür. Bir tərəfdə Amerika, digər tərəfdə Rusiya dayanıb. Çin və digər böyük dövlətlərin də getdikcə bu proseslərə qoşulduğunu demək olar. Sürətlə şəkillənən hazırkı dünya düzəni “soyuq müharibə” illərini xatırladır.

Azərbaycanın yerləşdiyi region üçün də bəzi təhlükələrin yarandığı göz önündədir. Dünyada cərəyan edən proseslərin başında duran iki dövlətdən birinin-Rusiyanın ölkəmizin yerləşdiyi regionun aparıcı dövləti olması bunu deməyə əsas verir. Qərb tərəfindən ciddi təzyiqlərlə üz-üzə qalan cənub qonşumuz İranı da bu sırada xüsusi qeyd etmək olar. Bütün bunların fonunda hər kəsi Azərbaycanın bu çətin situasiyada yürütdüyü xarici siyasət düşündürür. İndiyə qədər balanslı siyasətə üstünlük verən Azərbaycanın bu siyasəti davam etdirməsinin getdikcə çətinləşdiyi qeyd olunur.

Politoloq Nəzakət Məmmədova tarix boyu dünya düzəninin formalaşması üçün mübarizələrin getdiyini söylədi: “Hazırda yeni dünya düzəninin formalaşması uğrunda dövlətlər arasında böyük mübarizə gedir. SSRİ-nin süquta uğramasından sonra hər kəs ikiqütblü dünya sisteminin çökdüyünü və Amerikanın hegemonluğu altında yeni dünya nizamının yarandığını düşünürdü. Lakin Putinin hakimiyyətə gəlməsi və yenidən fövqəldövlət statusuna iddia etməsi hər şeyi dəyişdirdi. Amerika artıq ikiqütblü dünya sistemindən qalan hər şeyi məhv etmək üzrə idi. Beş dövlətin dünya siyasətində əsas söz sahibi olması, istənilən qərara veto tətbiqi hüququ tanınmayaraq, BMT-nin sanksiyası olmadan Körfəz müharibəsi başladı. Yuqoslaviya müharibəsi və ondan sonrakı bir çox proseslər Rusiyanın Yaxın Şərqdən və Balkanlardan çıxarılmasını nəzərdə tuturdu.

Rusiya SSRİ-nin varisi kimi Şərqi Avropa, Balkan yarımadası, Yaxın Şərq və postsovet məkanında ciddi şəkildə sıxışdırıldı. Putinin dövlət başçısı olması bunların qarşısını aldı. Əfqanıstan Qorbaçov, İraq, Balkanlar Yeltsin, Liviya Medvedyevin dövründə itirildi. Nəcibulla, Səddam Hüseyn, Qəddafi kimi Rusiya ilə yaxşı münasibətləri olan liderlər edam edildi. Yuqoslaviyada soyqırım törədən rusların tarixi müttəfiqləri serb liderləri, generalları Haaqa Beynəlxalq Tribunalında cəzalandırıldı. Bunlar təsadüfi proseslər deyildi. Qərb yeni dünya nizamını Rusiyasız görmək istəyirdi. Lakin Putin Rusiyanın postsovet məkanı və rusların Yaxın Şərqdə sonuncu qalası, Aralıq dənizinə çıxış yolu olan Suriyadan çıxarılmasına imkan vermədi. Ukrayna və Suriya müharibələri bunun təzahürü idi. ABŞ rəngli inqilablarla özünə lazımlı şəxsləri hakimiyyətə gətirsə də, postsovet ölkələrində bu məqsədlərinə nail ola bilmədi.

Ukrayna, Gürcüstan, Qırğızıstana bu inqilablar heç nə vermədi. Rusiya öz geosiyasi maraq dairəsi hesab etdiyi ərazilərdən çıxmaq istəmədiyini hər addımda göstərir. Putinin son modern silahlarla bağlı təhdidedici çıxışı da bunu sübut edir. İran, Çin kimi ölkələr də ABŞ hegemonluğu altında olan dünya nizamına qarşıdır. Çin öz iqtisadi potensialını artırıb Qərb bazarlarına ekspansiya etməklə, İran nüvə silahı hazırlamaqla ABŞ-ın hegemon mövqeyinə müqavimət göstərməyə çalışdı. Son dövrlərdə artıq ABŞ və Avropa ölkələri arasında müttəfiqlikdə çatların yarandığı görünür. Burada Tramp hakimiyyətə gələndən ABŞ-ın öz daxilində Ağ Ev, Konqres və Pentaqon arasındakı qarşıdurmadan savayı Rusiyanın rolunu da qeyd etmək olar. Qərbin Rusiyanı sıxışdırmasına cavab olaraq o da kibermüharibə, fəal diplomatiyadan tutmuş müharibələrədək istənilən əks-təsir üsullarından istifadə edir. Rusiyanın Türkiyə ilə əməkdaşlığı da NATO-nu parçalamaq planlarının əsas hissəsidir. Göründüyü kimi, ABŞ-Rusiya qarşıdurması və bunun nəticələri yeni dünya nizamının gələcək taleyini həll edəcəkdir”.

Politoloq Azərbaycanın yürütməli olduğu xarici siyasətə də toxundu: “Artıq dünyada ikiqütblü yox, çoxqütblü dünya düzəni yaranmağa doğru gedir. NATO-ya alternativ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Birliyinə alternativ kimi Avrasiya İqtisadi Birliyi yaradılıb. Belə olan halda postsovet ölkələri də çətin seçim qarşısında qalır. Onların birtərəfli mövqe tutması vəziyyəti çətinləşdirə bilər. Artıq bu ölkələrin rəhbərliyinə 90-cı illərdə olduğu kimi millətçi yox, yaxud 2000-ci illərdəki rəngli inqilablar nəticəsində amerikapərəst yox, məhz hazırkı Rusiya və Avropa yaxınlaşmasının, razılaşmasının nəticəsi olaraq biznesmenlərin gətirilməsini görürük. Ukraynada ”şokolad kralı" Petro Poroşenko, Ermənistanda “tetris oyunları kralı” Armen Sarkisyan, Gürcüstanda biznesmen Bdzina İvanaşvili, bankir baş nazir Kverelişvili məhz bu qəbildən olan dövlət və hökumət başçılarıdır. Görünür, artıq Rusiya və Avropa bu məsələdə ortaq dil tapmaqdadır. ABŞ və Avropa Birliyinin münasibətlərindəki soyuqluq Avropa-Rusiya münasibətlərini yaxınlaşdırıb. Əslində Avropada zaman-zaman hələ soyuq müharibə dövründə Amerikadan uzaqlaşıb ruslarla yaxınlaşma meylləri olub. Lakin bunun qarşısı alınıb. De Qollun NATO əsgərlərini ölkədən çıxarması, SSRİ ilə yaxınlaşmaq istəyi buna sübut idi. Eləcə də hazırkı Rusiya-Türkiyə yaxınlaşması ABŞ-la münasibətlərin gərginliyi fonunda davam edir. Atatürk, Menderes də Qərbə qarşı ruslarla eyni mövqedə idilər. Ərdoğanın siyasəti də hazırda buna oxşardır. Nəzərə alsaq ki, Türkiyə-Rusiya və Rusiya-Avropa yaxınlaşmasının əsasında enerji əməkdaşlığı durur, o zaman Rusiya və Avropa Birliyinin MDB məkanında razılaşma əsasında siyasət yürütdüyünü demək olar. Ermənistanın Avropa Birliyi ilə saziş imzalamasını Rusiyanın sakitliklə qarşılaması buna bariz nümunədir. “Azərbaycan hazırkı şəraitdə nə etməlidir” sualı hər birimizi düşündürür. Azərbaycanın ətrafında yeni geosiyasi reallıqlar meydana gəlməkdədir.

Ölkəmizin indiyədək həyata keçirdiyi siyasəti praqmatik hesab etmək olar. Lakin yeni situasiya yeni təhdidləri də özü ilə gətirə bilər və biz buna hazır olmalıyıq. Daxili siyasi sistemdə dəyişikliklərin güc yolu ilə dəyişdirilməsindən tutmuş xarici siyasətin bir çox aspektlərinə qədər müdaxilə etmək istəyən, ölkəmizin siyasətini özlərinə sərf edən şəkildə yönləndirməyə çalışan güc mərkəzləri çoxdur. Azərbaycanın strateji ölkə olduğunu sübut etməyə ehtiyac yoxdur və bu, ölkəmizə böyük maraq, eyni zamanda təhdid yaradır. Dövlət başçısı da daima öz çıxışlarında vurğulayıb ki, bizə təzyiq göstərmək istəyən qüvvələr var. Burada ən əsas amil xalqın və hakimiyyətin birliyidir. Belə olan halda ölkəni heç bir qüvvə sarsıda bilməz. Yeni çağırışlar yeni təhdidləri də özü ilə gətirir. Yeni dünya düzənində biz öz layiq olduğumuz yeri tutmalıyıq və bunun üçün lazımi siyasət aparılır. Hazırkı dünyada qlobal və regional kommunikasiyalar, enerji, nəqliyyat-kommunikasiya layihələri xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan bir çox belə layihələrdə təşəbbüskar ölkədir. Formalaşan yeni dünya düzənində milli maraqların uğurlu təminatı üçün dövlət öz sərəncamında olan bütün vasitələrdən istifadə etməlidir".
“Yeni Müsavat”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...