Türkiyə şokda: Erkən seçkilər keçiriləcək?

Türkiyə şokda:

MHP lideri Dövlət Baxçalının çıxışı Türkiyəni şoka salıb.

Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalının partiyanın qrup toplantısındakı çıxışını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, iki variant mümkündür:

“Baxçalı ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub. Baxçalı bu açıqlamanı Ərdoğanla razılaşdırıbsa, demək, bu, ortaq siyasi gedişdir. Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir. Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər. Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox, əgər Baxçalı Ərdoğanla razılaşdırmadan prezidenti fakt qarşısında qoyubsa, bu, MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər. Yeni yaranan İYİ Partiya və onun lideri Maral Akşənər seçkiyə ciddi hazırlaşır. MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşənərə uduzmamasıdır”.

Politoloq bildirib ki, buna baxmayaraq, Dövlət Baxçalının hesabları yanlış da çıxa bilər:

“Bir dəfə Baxçalı eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisiyası var idi. Baş nazir Bülənt Əcəvit, birinci müavin isə Dövlət Baxçalı idi. İqtisadiyyat ağır günlərini yaşayırdı, ancaq Əcəvit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı. Baxçalı qəfil elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Əcəviti şoka saldı. Rəhmətlik Bülent Əcəvit xatirələrində yazırdı ki, Dövlət Baxçalının işlər yaxşılığa doğru gedərkən hökuməti niyə dağıtdığını anlamadı. O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və hələ də iqtidardadır. İndi Baxçalı yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər”.

Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı bu gün partiyasının qrup toplantısında avqustun 26-da növbədənkənar prezident və parlament seçkisi keçirilməli olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...