Bakıda 100 min manata xalça satılır

Bakıda 100 min manata xalça satılır

Xalça alarkən diqqət edilməli məqamlar....
Evi xalçasız təsəvvür etmək çətindir. Ümumiyyətlə, tarixən Şərqdə xalça qüdrət və zənginlik rəmzlərindən hesab edilib. Əl işi olan xalçalar isə ev sahibinin incə zövqündən xəbər verərmiş. Elə indi də, baha olsa da, sırf əl işi olan xalçalara üstünük verənlər az deyil.

Bu gün bazarlarda istənilən dizaynda və ölçüdə xalçalara rast gəlmək mümkündür. Bazarlarda yer alan xalçalar isə əsasən Türkiyə və İrandan gətirilir. Əksəriyyəti isə fabrik istehsalı olan xalçalardır. Əllə toxunan xalçalar da mağazalarda yer almaqdadır. Biz də xalçaların qiyməti, alıcıları, keyfiyyətli xalçanı necə ayırd etmənin yollarını öyrənmək üçün yolumuzu bir neçə xalça mağazasından saldıq. Müşahidəmiz zamanı məlum oldu ki, hazırda satışda ən bahalı İran xalçaları hesab edilir. Baş çəkiyimiz xalça mağazasının satıcısı Nazim Əliyev əl işi olan xalçaların hər zaman öndə getdiyini dedi: “Mağazamızda həm fabrik, həm də əl işi olan xalçalar yer alır. Amma əllə toxunan xalçalar digərlərinə nisbətən bahadır. Xüsusən də İranın əl işi xalçalarının qiyməti 800 manatdan başlayır. Bunların da növü var. İpək saplarla toxunan xalça var ki, onun qiyməti 100 min manatdır. Hazırda həmin xalça mağazamızda yoxdur, amma istəyən olarsa, sifarişlə gətirdirik. Düzdür, bu cür baha xalçaları alan olduqca azdır, hətta heç yoxdur belə deyə bilərik. Ötən il bu cür xalçalardan birini tanınmış bir iş adamına satdıq. Bu xalçalar ipək saplarla əllə toxunur. Xalçaya baxanda müxtəlif rəngə çaldığını görərik. Bu da saplar ipək olduğu üçündür. O xalçalara toxunanda xüsusi zəriflik və yumşaqlıq hiss edirsən”.

Digər xalça mağazasının satıcısı Murad Əfəndiyev isə daha çox Türkiyə istehsalı olan xalçaların satıldığını dedi: “ Türkiyə istehsalı xalçaların ölçüsünə görə qiyməti dəyişir. Xalça var 80 manata, xalça var 500-600 manata. Hətta elə Türkiyə istehsalı xalçalar var ki, onların qiyməti 1000 manatdır. İran xalçalarının ən ucuzu isə 600 manatdır. Mağazamızda 2000, hətta 5000 manata xalçalar var. Qiymət xalçanın dizaynına, ölçüsünə, əl işi olub olmamasına, istehsal yerinə, dəbə uyğun olmasına, mətbəx, yataq otağı və ya oturma otağına salınmasına görə fərqlənir”.

Qeyd edək ki, əvvəllər satılan xalçaları 15-20 il işlətsən belə yeni kimi qalırdısa, indiki xalçaların ömrü 5-6 il olur. İnsanlar arasında hər zaman xalçaların bir dəfə yuyulduqdan sonra rənginin axması, tərkibində sintetikanın çox olması, bir müddət işlədildikdən sonra sökülməsi, tozsoranla təmizlənərkən görkəmini itirməsi, xoşagəlməyən qoxu verməsi və s. barədə şikayətləri eşidirik.

Maraqlıdır, bəs bu cür hallarla üzləşməmək üçün xalça alarkən nələrə diqqət etməliyik?
Bakıda 100 min manata xalça satılır

Bu sualımızı cavablandıran satıcılar bunu xalçanın arxa üzünə baxmaqla anlamağın mümkün olduğunu dedilər: “Xalçanın arxasında mütləq onun istehsal yeri olmalıdır. Bir də xalçanın arxasında üzərində olan naxışların kölgələri düşmüş olur. Xalçanın toxunuşu sıx olur. Çindən gətirilən xalçaları adicə sulu əski ilə siləndə əskiyə rəng çıxdığını görərsiniz. Xalçanın toxunuşu nə qədər sıxdırsa, demək ki, bir o qədər də keyfiyyətlidir”.

Xalça dəbinə gəlincə isə, alıcı qabiliyyətinə görə hazırda oval formasında olan xalçalara daha çox tələbat olduğunu dedilər: “Məsələn, bir müddət əvvəl ”lepka" ilə işlənmiş güllü xalçalara tələbat böyük idi, hazırda isə oval, üzərində dördkünc işləmələr olan xalçalar alınır. Elə adamlar olur ki, milli ornament əks edildiyi xalçalardan istəyir. Bu cür xalçalar xarici ölkələrdə sifariş əsasında hazırlatdırılır. Qədimi xalça istəyənlər də olur. Ancaq bizim mağazamızda bu cür qədimi xalçalar yer almır. Onu ancaq İçərişəhərdə tapmaq olar. Biz müasir tələblərə cavab verən xalçalar gətiririk. Alıcılar əvvəllər qarışıq naxışlı xalçalara üstünlük verirdisə, indi daha sadə və bir rəng xalçalar alınır".

Qeyd edək ki, Azərbaycan xalçalarına heç bir ölkənin xalçaları çata bilməz. Hətta indi də ölkəmizə təşrif buyuran əcnəbilərin ilk işi Azərbaycanın milli xalçalarına baxmaq və ya almaq olur. Təəssüf ki, vaxtilə öz görünüşü, keyfiyyəti ilə dünyaya səs salan Azərbaycan xalçaların bir qismi 90-cı illərdə dəyər-dəyməzinə satıldı. Azərbaycan xalçalarının satışı hazırda yalnız “Qız qalası”nın ətrafında fəaliyyət göstərən xalça mağazalarında təşkil edilir. Onların da əksəriyyəti kiçikölçülü suvenir xalçalardır. Bu bazarın müştərilərinin əksəriyyəti də əcnəbilərdir. Bu cür Azərbaycan xalçalarının satışı ilə məşğul olan Ənvər Məmmədov deyir ki, Azərbaycan xalçasını min xalçanın içərisinə də qoysan onu seçmək mümkündür: “Azərbaycan xalçalarına xas olan rəng qırmızıdır ki, bu da qədimdən oda sitayişimizlə bağlı olub. Bundan başqa, Azərbaycan xalçaları dünyada buta ilə tanınır. Hər bölgənin xalçası öz nişanəsinə görə seçilir. Məsələn, Bakı xalçaları 3 dalğa və 3 od işarəsi, Qarabağ xalçaları isə çəhrayı naxışları ilə seçilir. Ancaq hazırda bazarda Quba, Şirvan, Qazax, Şəki xalçaları daha çoxdur. Yaşı 20 illiklərlə ölçüləni də var, yenicə toxunub gələni də. Elə insanlar var ki, yaşı 30-40 il olan xalçasını gətirib satır. Bu xalçaları onlar lazımsız hesab etsələr də, əslində bu bizim tariximizdir”.

Onu da öyrəndik ki, yun xalçalar qoyun və quzu yunundan olur. Quzu yunundan olan xalçalar parıltısı və yumşaqlığı ilə seçilir. Daha çox Qazax, Quba, Qarabağ xalçaları quzu yunundan toxunur. Şirvan xalçaları əsasən qoyun yunundandır.

Qeyd edək ki, xalçalar dekorativ effektdən başqa, həm də müalicəvi, ortopedik, rahatlığın təminatçısı kimi xüsusiyyətlərə malikdir. Məsələn, divardan asılan xalça havanı təmizləyir, tozu özündə saxlayır. Təbii materiallardan - yun və ipək iplərdən toxunmuş xalçalar allergik reaksiya yaratmır, otaqdakı nəmi hopduraraq özünə çəkməyi bacardığından evdəki mikroiqlimi yaxşılaşdırır. Eyni zamanda səs izolyasiya funksiyasını yerinə yetirir, otağı isidir. Bundan başqa, ipək xalça üzərində ayaqyalın gəzmək faydalıdır və insanda xoş əhvali-ruhiyyə yaradır, yun xalça isə pəncələri masaj edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2735 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...