Sığorta bazarına da bahalaşma gəlir

Sığorta bazarına da bahalaşma gəlir

Maliyyə xidmətlərinin təkmilləşdirilməsi üzrə tədbirlərin mühüm bir hissəsi sığorta bazarının payına düşür.

Sığorta xidmətləri seqmenti bazar iqtisadiyyatının çevik inkişaf edən sferalarından biridir. Amma hələ ki, Azərbaycanda sığorta seqmentinin inkişafı səviyyəsi qaneedici deyil. Belə səviyyənin həm keyfiyyət, həm də kəmiyyət baxımından təkmilləşməsinə ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin yanvar-mart aylarının hesabatında deyilir ki, Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 9-unun yığımları azalıb. Məlumata görə, tənəzzüldə olan sığorta şirkətləri 2017-i ilin 1-ci rübü ilə müqayisədə daha az sığorta haqları toplaya biliblər.

Ötən il mənfəəti azalan, bu il zərərə düşən şirkətlərdən biri də “Xalq Sığorta” ASC-dir. Şirkətin maliyyə göstəricilərinə əsasən, 2018-ci ilin 1-ci rübünü 546 min 676 manat xalis zərərlə başa vurub. Cari ilin yanvar-mart aylarında “Xalq Sığorta”nın cəmi gəlirləri 1 milyon 271 min manat, cəmi xərcləri isə 1 milyon 817 min manat təşkil edib. İlk rübdə şirkətin topladığı sığorta haqları 1 milyon 524 min manat, sığorta ödənişləri isə 647 min manat təşkil edib.

“Xalq Sığorta” Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etdiyi ilkin məlumatda, ilk rübdə 1 milyon 271 min manat sığorta haqları hesabladığını bildirmişdi. Şirkət ötən ilin ilk rübündə 1 milyon 667 min manat sığorta haqları topladığı məlumatını təqdim etmişdi. Ötən ilin ilk rübü ilə müqayisədə “Xalq Sığorta”nın topladığı sığorta haqları azaldığından və gəlirin 452 min manatı ehtiyata çevrildiyindən şirkətin zərəri yaranıb. Qeyd edək ki, 2016-cı illə müqayisədə “Xalq Sığorta”nın xalis mənfəəti 3,5 dəfə azalmışdı. 2016-cı ildə 5 milyon 333 min manat xalis mənfəət əldə etmiş şirkət, 2017-ci ili 1 milyon 507 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Ekspertlər hesab edir ki, Azərbaycanda sığorta məhsulları bazarının inkişafı üçün sığorta qanunvericiliyinin davamlı olaraq təkmilləşdirilməli və sığorta operatorları üzərində nəzarəti gücləndirilməlidir. Hər şeydən əvvəl sığorta təşkilatları arasında həqiqi rəqabət mühiti yaradılmalı və sığorta biznesinin cəlbediciliyi yüksəldilməlidir. Təhlillər göstərir ki, Azərbaycanda sığorta xidmətləri bazarının inkişafını ləngidən mühüm səbəb sığorta şirkətlərinin xüsusi resurslarının, eləcə də mövcud rezervlərin sığorta bazarının real tələblərinə cavab verməməsidir. Nəticədə sığorta şirkətləri iri risklərin sığortalanmasını icra etmək, məsuliyyətin böyük hissəsini öz üzərinə götürmək iqtidarında deyillər. Məhz buna görə də onlar böyük həcmdə maliyyə axınlarını xaricə təkrar sığortaya ötürməyə məcbur olurlar.

Maraqlıdır, mənfəəti azalan sığorta şirkətləri xidmət haqlarını artıra bilərmi?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, birinci rübün nəticələri ilə sığorta şirkətinin zərərliliyini hesablamaq mümkün deyil: “Məlumdur ki, bütün hesabatlılıq 1 ilin nəticələrinə görə müəyyən olunur. Şirkətlərin əksəriyyətində birinci rübün zərərli olma ehtimalı var. Adətən, yeni müqavilələr ilin ikinci yarısında bağlanır. Xüsusən, yeni il və Novruz bayramları ərəfəsində sığorta bazarlarında bir qədər süstlük olur.

Ona görə də birinci rübün göstəriciləri çox zaman aldadıcı ola bilər. Düşünmürəm ki, “Xalq Sığorta” zərərlə işləyən bir şirkətdir. Ümumiyyətlə, yalnız adıçəkilən şirkət deyil, bir neçə şirkət böyük zərərlə işləyir. Bunları təbii qəbul edirəm. Amma ilin nəticələrinə görə əgər hansı bir şirkət zərərlidirsə, o zaman sığorta şirkəti siyasətində ciddi dəyişiklik etməlidir. Təbii ki, sığorta şirkətinin qiymətləri qaldırmaq ehtimalı yoxdur. Əgər digər sığorta şirkətləri eyni taariflərlə gəlir əldə edirsə, başqa bir şirkət isə eyni qiymətlərlə zərər edirsə, bunun yeganə səbəbi odur ki, onlar öz işlərini düzgün idarə etmirlər. Yaxud da, onların portfelində daha çox problemli müştərilər toplanıb”.

Ekspertin sözlərinə görə, hazırda sığorta bazarında ən çox hadisələr baş verən avtomobil sektorunda gəlirlilik var: “Şirkətlərin digər xərcləri çıxıldıqdan sonra 20-25 faiz gəlirləri qalır. Dünyanın əksər inkişaf etmiş ölkələrin şirkətlərində qazanc marjı 3-5 faizə düşüb. Ona görə də sığorta şirkətləri çalışmalıdır ki, onların fəaliyyətləri gəlirli olsun. Əgər hər hansı bir zərər baş verirsə, onlar öz işlərini yenidən qurmalıdırlar.

Hesablamalıdırlar ki, ən çox harada itirirlər və hansı xərclərini azalda bilərlər. Çünki hazırda bazarda sığorta haqlarını artırmaq real görünmür. Onsuz da sığorta bazarında yığımlar zəifdir və insanların əksəriyyəti könüllü müraciət etmirlər. Sığorta tariflərini qaldırmaq vəziyyətdən çıxış yolu deyil. Qanunvericiliyə görə hər hansı bir sığorta növü üzrə şirkətlər zərərli olarsa, Maliyyə Bazarlarına Nəzarət Palatasının ixtiyarı çatır ki, şirkətin lisenziyasını müvəqqəti olaraq dayandırsın. Amma birinci rübün nəticələri şərh vermək üçün əsas götürülməməlidir. İlin sonun gözləmək lazımdır. Çünki əksər sığorta şirkətləri böyük müqavilələri ilin ikinci rübdən etibarən bağlayır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...