İbrahim övladlarının bölə bilmədiyi şəhər – Qüds

İbrahim övladlarının bölə bilmədiyi şəhər –

Qüds davasını aparanlar, kim nə qədər haqlıdır?

Əslində Qüdslə bağlı yazıda “bu gün Qüdsdə gərginlik baş verdi” yazmağın heç bir anlamı yoxdur. Çünki səmavi dinlərin müqəddəs şəhərində sakit, sülh dövrü çox az olub, xüsusən də son 70 ildə. Qüds “ocağına” sonuncu dəfə benzini ABŞ prezidenti tökdü.

2017-ci il dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdı və bu ölkədəki ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürüləcəyini bəyan etdi. Bununla da Qüds məsələsi yenidən alovlandı. Məsələ ondadır ki, Qüdsün qədim hissəsi və əl-Əqsa məbədinin yerləşdiyi Şərqi Qüds adlanan hissəsini İsrail 1967-ci ildə “altı günlük müharibə” zamanı işğal edib. 1980-ci ildə isə İsrail parlamenti (Knesset) Qüdsü “Vahid İsrailin paytaxtı” elan edib və rəsmi qurumların Təl-Əvivdən Qüdsə köçürülməsi başlanıb. Ancaq dünya bu addıma etiraz edib, heç bir ölkə səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək istəməyib. Hətta İsrailin ən yaxın müttəfiqi olan ABŞ hakimiyyəti 1996-cı ildə səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə bağlı qərar versə də, bu qərar 2017-ci ilə qədər icra olunmayıb. 1993-cü ildə imzalanmış Oslo sülh müqaviləsinə görə Qüdsün yekun statusu sülh danışıqlarının gələcək mərhələlərində müzakirə olunmalıdır.

Ancaq Tramp bu anlaşmanı pozdu və səfirliyi Qüdsə köçürməklə əslində Qüdsün İsrailin paytaxtı kimi tanınması prosesini başlatdı. Bu il mayən 14-də - İsrail dövlətinin elan olunmasının 70-ci ilində - ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi mərasimi keçirildi. Bu mərasim həm də Qəzzada dinc yürüş edən 60-dan çox fələstinlinin qətlə yetirilməsi, 2 mindən çoxunun yaralanması ilə müşayiət olundu. Amma proses yeni başlayıb, qanlı olaylar hələ davam edəcək kimi görünür.

Qüds 3 səmavi dinin müqəddəs şəhəridir. əl-Əqsa məscidi Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscid əl-Əqsa” adlandırılıb. Ancaq bu müqəddəs məkanın tarixi islamiyyətdən çox-çox qədimə gedir.

Beyt əl-Maqdis və ya Beytül Müqəddəs adlanan məbəd Quranda adı keçən həzrət Davud peyğəmbərin zamanında inşa olunub. Ancaq rəvayətə görə, həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu həzrət Süleymana nəsib olur. Məscid əl-Əqsanın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub, tikinti 7 ilə başa gəlib.

Hədislərə görə, ilk vaxtlarda məbədin adı Beyt əl-Maqdis kimi qeyd olunurmuş. Ancaq sonradan Quranda da nəql olunan Məscid əl-Əqsa adından istifadə olunmağa başlayır. Rəvayətə görə, həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) Məscid əl-Əqsaya qoyub. Lakin sonrakı illərdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı Buhtunnasr (İbranicə Nabuchodonosor-Nabukednazar – K.R.) məscidi qarət edərək Babilə aparıb.

Sonradan Məscid əl-Əqsa bərpa olunsa da, eramızın 70-ci ilində Roma imperiyası orduları Qüds şəhərini və eləcə də Məscid əl-Əqsanı yandırıb dağıdırlar. Bu təqvim eyni zamanda Məscid əl-Əqsanın yəhudilərin nəzarətindən çıxdığı tarix hesab olunur.

Bizim eranın 123-cü ilində Bizans imperiyası Məscid əl-Əqsanı təmir edib. Məscid əl-Əqsanın yenidən parlaması isə islamiyyətlə başlayıb. İslamın ilk illərində həzrət Məhəmmədin (s.ə.s) Meracı hadisəsi baş verir. Bu hadisə zamanı İslam peyğəmbəri Məscid əl-Həramdan (Məkkədəki Kəbə) Məscid əl-Əqsaya gəlir və burda namaz qılır.

Bu dövrdə Məscid əl-Əqsa həm də müsəlmanların qibləsi, yəni namazda üzlərini çevririb ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən 16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu bəyan olunur. Ancaq əl-Əqsa müsəlmanların ilk qibləsi olaraq müqəddəs məkan olaraq tanınır.

638-ci ildə ikinci xəlifə Ömər Suriyaya səfəri zamanı Məscid əl-Əqsanı ziyarət edib. Məhz xəlifənin tapşırığı ilə məscid inşa olunub və ibadətə açılıb. Eyni zamanda İslamın təkallahlı dinlərə olan hörmətinin bir nümunəsi olaraq əl-Əqsa məscidində həmin vaxt yəhudilərin də ibadət etməsi üçün icazə verilib. Həmçinin Qüdsdəki xristian kilsələri də ibadətə açılıb. Sonradan Əməvi xilafəti dönəmində əl-Əqsa yaxınlığında Qubbət əl-Səhra məscidi tikilib.

1099-cu ildə Qüdsü işğal edən Avropa səlibçi ordusu şəhəri və eləcə də xristinalıq tarixində mühüm yeri olan Məscid əl-Əqsanı qarət edib yandırıb. Səlibçilərin Qüdsdəki hakimiyyəti dönəmində Məscid əl-Əqsa klisəyə çevrilib. Ancaq xristianların Qüdsdə hakimiyyəti 88 il davam edib.

1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman orduları Qüdsü azad edib. Əl-Əqsa kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayıb. Qeyd edək ki, Məscid əl-Əqsa bir ibadət ocağı, müqəddəs məkan olmaqla yanaşı, həm də İslam təhsil mərkəzi rolunu oynayıb. Əməvi, Abbasi, eləcə də Əyyubilər və məmlüklər zamanında məscid həm ibadət, həm də dini təhsil mərkəzi kimi fəaliyyətini davam etdirib.

1517-ci ildə Yaxın Şərqin Osmanlı imperiyasının ərazilərinə qatılması ilə Məscid Əqsanın uzun bir sabitlik dönəmi başlayır. Osmanlılar İslamda böyük yeri olan Məscid əl-Əqsaya xüsusi diqqət göstəriblər, daim təmir və bərpasını təmin ediblər.
I dünya müharibəsində Osmanlı dövlətinin məğlub olması nəticəsində 1917-ci il dekabrın 9-da Qüds ingilislər tərəfindən işğal olunur. Bununla da müsəlmanların Qüdsdəki hakimiyyəti başa çatır. Sonrakı 30 il təkcə Qüdsdə deyil. Bütövlükdə Fələstin ərazilərində qanlı-qadalı işğal dövrü kimi xarakterizə olunan ingilis hakimiyyəti altında keçir. Ancaq günü-gündən vəziyyətin daha da ağırlaşmasını nəzərə alan ingilislər məsuliyyətdən yaxa qurtarmaq üçün Fələstin münaqişəsini BMT-yə təqdim edirlər. 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinin Fələstin torpaqlarında ərəb və yəhudi dövləti yaradılması ilə bağlı 181 saylı qətnaməsinə 33 ölkə lehinə, 13 ölkə əleyhinə, 10 ölkə bitərəf qalmaqla qəbul edir. Qərara əsasən, Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kv.km ərazidə yəhudi dövləti - İsrail, yerdə qalan 11,1 min kv.km, yəni 43 faizində isə Fələstin ərəb dövləti yaranmalı idi. O cümlədən yəhudilərə düşən ərazidə 500 mindən bir qədər az yəhudi və 150 min ərəb, ərəblərə ayrılmış torpaqlarda isə 750 min ərəb və 10 min yəhudi yaşayırdı. 106 min ərəb və 100 min yəhudinin yaşadığı 1 faizlik ərazi isə beynəlxalq statuslu zona (Qüds şəhəri) olmalı idi. Ancaq bu qərar tam icra olunmur.

Qüds 2 min ildən sonra yenidən yəhudilərindir

1948-ci ildə baş verən savaşda İsrail Qüdsün qərb hissəsini, 1967-ci il 6 günlük savaşda isə bütövlükdə şəhəri işğal edən yəhudilər orda öz qaydalarını qoymağa başlayır. 1969-cu ildə avstraliyalı bir fanatik protestant Məsciq əl-Əqsanı yandırır. Ancaq bəzi iddialara görə, məscidin yandırılmasını İsrail xüsusi xidmət orqanları təşkil edir. Bu hadisə müsəlman dünyasında böyük etirazlara səbəb olur.

Qeyd edək ki, yəhudi və müsəlmanlarla yanaşı, Qüds, eləcə də Məscid əl-Əqsa xristianlar üçün də müqəddəs məkan mahiyyətindədir. Belə ki, həzrət İsanın bu torpaqlarda dünyaya göz açması, yaşaması, nəhayət, çarmıxa çəkilməsi bu torpaqlarda baş verib. Qüds xristianlığın başlanğıc yeri kimi xristianlar üçün müqəddəs dəyərə malikdir.

Sonrakı illərdə - 1980 və 1982-ci illərdə iki dəfə əl-Əqsa məscidinin uçurdulmasına cəhdlər olub. Eyni zamanda məscid Fələstin davasının simvoluna çevrilib. İsrail hökumətinin müsəlmanları məsciddən çıxarması cəhdi hər dəfə güclü müqavimətə rast gəlib. 1990-cı ildə İsrail hökumət qüvvələrinin məscidə ibadət zamanı hücumu nəticəsində 30 nəfər ölüb, 800 nəfər isə yaralanıb.

Bu ilin mayında isə təxminən 2 min ildən sonra yəhudilər yenidən Qüdsü paytaxt olaraq rəsmiləşdirdilər. Bu, Məbədin romalılar tərəfindən dağıdılmasından sonra yəhudilərin müqəddəs şəhərə yenidən sahib olması hadisəsidir. Tarix boyu 23 dəfə işğal edilən və 2 dəfə tamamilə dağıdılan Qüds 2 min ildən sonra yenidən qan və zorakılıqla yəhudilərin əlinə keçdi.

Güclü haqlıdır, yoxsa haqlı güclü?

Başlıq bir qədər ritorik görünə bilər. Amma Qüds məsələsində hər kəsin öz arqumenti var. Amma çalışıb bu məsələdə ədalətli yanaşma ortaya qoymaq lazımdır. Qüds hər 3 din üçün müqəddəs məkandır. Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əş-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan əl-Əqsa məscidi burda yerləşir. Eyni zamanda burada yəhudilərin ən müqəddəs saydığı “Ağlama divarı” və ya Qərb divarı (romalıların dağıntısından sonra Məbədin salamat qalan yeganə divarı – K.R. ) və xristianların Müqəddəs Məzar Məbədi yerləşir.

Yəhudilərin bu torpaqlarda qədimdən yaşaması sirr deyil. Bunu hər 3 dinin müqəddəs kitabları da təsdiq edir. Misir əsarətindən, Babil sürgünündən qurtulan yəhudilər yenidən Qüdsə dönüb burada yaşayıblar. Ancaq eramızın 70-ci ilindən sonra Qüdsdə yəhudi hakimiyyəti başa çatıb. Və sonrakı 2 min ildə burada xristianlar, 7-ci əsrdən sonra müsəlmanlar yaşayıb. Və onların sayı yəhudilərdən çox olub. Yəhudilər Qüdsdə Fələstinin digər ərazilərində olduğu kimi yəhudilərin sayını köçürmələr hesabına artırıb. Məsələn, hazırda Qüdsün 850 minə yaxın əhalisi var. Sakinlərin 37 faizi, yəni 1/3-i ərəb, 61 faizi, yəni 2/3-si isə yəhudidir. Ancaq onu nəzərə almaq lazımdır ki, təkcə 1967-ci ildən sonra İsrail Qüds ərazisində 10 yaşayış məskəni salıb və buraya zamanla 200 min yəhudi köçürüb.

Yeri gəlmişkən, 1918-ci ildə Qüdsdə 43 min sakinin 23 faizi, yəni 10 min nəfərə yaxını yəhudi olub. Həmin vaxt bütövlükdə Fələstində 56 min yəhudi yaşyıb. Həmin vaxt Fələstində müsəlman ərəblərin sayı 664 min nəfər olub. Yəni ingilis işğalı zamanı Fələstin əhalisnin sadəcə 8 faizdən bir az çoxunu yəhudilər təşkil edib.

Qüds məsələsinin həlli üçün dünyanın üzərində məsuliyyət var. Dünya dinlərinin “paytaxtı”, nəhayət, ölüm və zorakılıqlardan xilas olmalıdır. Bunun isə bir yolu var: Ədalətli olmaq. Dünya 2 min il əvvələ qədərki tarixdə Qüdsə sahib olan yəhudinin, 2 min il əvvəldən başlayaraq Qüdsü müqəddəs bilib orda yaşayan xristianın və son 1400 ildir bu şəhərdə yaşayıb oranı özünə müqəddəs torpaq bilən müsəlmanın haqqını adil şəkildə verməlidir. Ancaq təəssüf ki, bu gün bu ədalət yoxdur. Bu gün ABŞ kimi dövlətin başçısı Qüdsü İsrailin paytaxtı kimi tanımasını “ən möhtəşəm işi” adlandırırsa, buna etiraz edən fələstinlilərin öldürülməsini İsrailin “özünümdafiə” hüququ sayırsa, o zaman Fələstin üçün ədalətdən danışmaq real olmaz. Qüds ətrafında baş verən son hadisələr göstərdi ki, dünya hələ də öz səhvlərindən dərs alacaq qədər mürdikləşməyib. Qəribə də olsa həm müsəlmanlar, həm də ortodoks yəhudilər “Xilaskar”ın zühur edərək yer üzündə ədaləti bərpa edəcəyinə inanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...