Tərkibinə öküz sperması qatılan təhlükəli içkilər- ARAŞDIRMA

Tərkibinə öküz sperması qatılan təhlükəli içkilər-

Son zamanlar Azərbaycanda enerji içkisi istifadə edənlərin sayı artıb. Halbuki bu məhsulun insan orqanizmi üçün olduqca təhlükəli olması barədə zaman-zaman xarici və yerli mətbuatda elmi sübutlar göstərilir, mütəxəssislər fikirlərini bildirirlər.

Buna baxmayaraq ölkədə yaşlısından, gəncindən asılı olmayaraq hər kəsin əlindən bu içkilərdən görmək mümkündür. Elə bu mənzərənin özü enerji içkilərinin insanlarda asılılıq yaratdığını düşünməyə əsas verir. Bu yaxınlarda isə enerji içkilərindən zəhərlənən bir şəxsin xəstəxanaya yerləşdirilməsi bu içkilərinin insan orqanizmi üçün təhlükəli olması məsələsini yenidən gündəmə gətirdi.

Bəs enerji içkilərinin zərərli və təhlükəli olmasına səbəb olan amillər nələrdir? Kimlərə bu içkilərdən qətiyyən içmək olmaz? Bəs adıçəkilən bu içkinin tərkibi nədən ibarətdir?

Daha çox spirtli içkilərlə qatışdırırlar
Mövzu ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirdi ki, vaxtaşırı olaraq enerji içkiləri qəbul etdikdən sonra ağırlaşmalarla bağlı onlara müraciətlər olur: “Müraciət edənlər xüsusilə 18 və yuxarı yaşlılar olur. Enerji içkilərini spirtli içkilərlə qarışdırdıqları üçün çox zaman həssaslıq verir. Bu zaman ürəkbulanma, qusma, başgicəllənmə kimi hallar olur”.

Bu içkilər genefondumuzu dağıdır

Tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi isə lent.az-a müsahibəsi zamanı bildirib ki, son zamanlar gənclər arasında enerji içkiləri bir dəb halını alıb: “Bu içkilər ciddi mənada insanların gələcəyinə zərbə vuracaq, genefondu dağıdacaq bir şeydir. Maksimal dərəcədə ailələr də, ətraf çevrə də bu zərərli vərdişin qarşısını almağa borcludur. Vərdiş yaradan hər bir şey insana zərərlidir, o cümlədən enerji içkiləri”.

Enerji verici deyil, enerji dağıdıcı təsir göstərir

Dietoloq – nutrioloq Leyla Zülfüqarlı enerji içkilərinin tərkibi ilə bağlı məlumat verərkən bildirdi ki, enerji içkiləri həm də qazlı içkilər qrupuna aiddir: “Qazlı enerji içkiləri birmənalı olaraq ziyandır. Həmçinin bu cür içkilərin tərkibində mənşəyi məlum olmayan GMO (Genetik modifikasiya olunmuş orqanizm) var. Ən dəhşətli problem isə odur ki, onlar adından göründüyü kimi enerji versin deyə tərkibinə kimyəvi şəkildə həddindən artıq dozalarla kofein vurulur. Bu qədər kofein bir yerdə insan orqanizminə daxil olduqda nəinki enerji verici, əksinə, enerji dağıdıcı təsir göstərir”.

Belə olduqda orqanizm qısa zaman ərzində bütün enerjisini xərcləyir: “Yəni, bu içkilər bizə ekstra enerji vermir, daxilimizdəki enerjimizi qısa zaman ərzində səfərbər edir. Lazım olmayan halda bütün enerjimizi xərcləyirik. Və bundan sonra da enerji resursları tükənir. Belə məqamlar olur ki, bu cür insanlar insultdan, ürək dayanmasından və sair qəfləti ölümlərlə vəfat edir. Səbəbi isə heç kimə bəlli olmur. Əslində bunun səbəbi aydınlaşdırılsa, məlum olar ki, bu şəxs illərlə enerji içkilərindən istifadə edib”.

“Kofein insanda xoşbəxtlik hormonunu artırır, amma həddindən çox istifadəsi insanı bədbəxt edir. Bəzən biz kofedən orqanizmimizi qoruyuruq. Halbuki onun tərkibindəki kofeinin bir aylıq dozası bir enerji içkisinin tərkibindədir. Həmçinin süni dadlandırıcılar, qlükoza və kofein bir yerdə istifadə olunur. Bunların qarışığı ilk növbədə dadlı görünür, amma nəticəsi olduqca təhlükəlidir”.

Tərkibinə öküz sperması qatılır…

Dietoloq xəbərdarlıq edir ki, bütün dünya elmi ədəbiyyatlarında enerji içkilərinin tərkibinə öküz sperması qatılması barədə məlumatlar yer alır: “Bunu həmçinin enerji içkilərinin tərkibindəki maddələr də təsdiq edir. Məsələn, energetik içkilərin tərkibində taurin var, bu, bir amin turşusudur. İnsan orqanizmində də, heyvanlarda da ifraz olunur. Bu, daha çox öküzün ödü və spermasında var. Təbii ki, sənayedə insan taurinindən yox, öküzlərdən alınmış taurindən istifadə olunur. Energetik içkilərin bu qədər çox istehsal olunmasına görə ehtimal var ki, taurin məhz öküz spermasından alınır”.

“Məktəb bufetlərinin 50 faizində enerji içkisi satılır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov lent.az-ın məsələ ilə bağlı sualını cavablandırarkən bildirdi ki, bütün dünyada istehlakçı hüquqlarını qoruyan istehlakçı təşkilatlar enerji içkilərini məsləhət olmayan, pis bir qida kimi şərh edir: “Üzv ölkələrdən isə xahiş edirlər ki, elə bir iş aparaq ki, əhali bundan uzaq olsun. Enerji içkilərinin insan orqanizminə zərərli olması barədə primitiv bir misal çəkim. İnsan bu içkilərdən içəndə sərinləşir. Fizikanın qanununa görə, orqanizm o zaman sərinləşir ki, ondan enerji ayrılsın. Deməli, enerji içkisi içəndən enerjini ayırır, ona enerji vermir”.

Qurum sədri bildirir ki, 4 il bundan əvvəl məktəb bufetləri üçün standartlar hazırlanıb və həmin standartlara görə, bir sıra malların, o cümlədən enerji içkilərinin məktəblərdə satışı qadağan edilib: “Amma çox təəssüflər olsun ki, məktəblərdə, valideynlər arasında uşaqların enerji içkilərindən uzaq durması üçün heç bir tədbir görülmür. Və məktəb bufetlərinin 50 faizində enerji içkiləri satılır. O cümlədən Azərbaycanda keçirilən bəzi idman yarışlarına da enerji içkiləri sponsorluq edir. Bu, çox anormal bir haldır. “Xüsusilə immuniteti zəif insanlara, uşaqlara, cavanlara enerji içkisi içmək məsləhət görülmür”.

Bu içkilərin tərkibi sirr saxlanılır

Ekspert deyir ki, bu içkilərin tərkibi çox mürəkkəbdir və sirr saxlanır: “Təbii ki, bu içkilər ilk parametrdə təhlükəsiz olur. Lakin ona yoluxandan sonra zamanla mütləq insanların orqanizmində mənfi izlərini qoyur. Onun da nəticələrini kilinikalarda, apteklərdə yaranan ciddi növbələrdən görə bilirik. Bilirsiniz, mal ona görə bazara çıxır ki, ona tələbat yaranır. Tələbatı isə istehlakçı yaradır. İstehlakçının beynini yemək üçün cürbəcür reklamlardan, üsullardan istifadə olunur. Bu içkilərin qəti qadağan olunduğu ölkələr var. Yaxşı olar ki, Azərbaycanda enerji içkilərinin reklamına qadağa qoyulsun”.

Lent.az -ın enerji içkiləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə yönəltdiyi sorğuya isə qurumdan bildirdilər ki, agentlik istehsal müəssisələrində iyulun 1-dən monitorinqlərə başlayacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
99 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...