Səlim Müslümov üçün ÇƏTİN SINAQ - GƏLİŞMƏ

Səlim Müslümov üçün ÇƏTİN SINAQ -

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib ki, qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır.

O bildirib ki, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi, iqtisadi inkişafımıza da böyük təkan verəcək.

İlham Əliyev bildirib ki, sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək: "Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri, ilk növbədə, bundan imtina etməlidirlər. Bu, onların sosial məsuliyyətinin yüksək səviyyədə olmasını göstərə bilər".

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, illərdir Azərbaycanda sosial yardım, pensiya, o cümlədən, digər sosial layihələr səmərəli işləmir. O, bunun yeganə səbəbinin ölkədəki məmurların korrupsiyaya bulaşmasında görür: “Ümumiyyətlə, indiyə qədər sosial yardım təmənnasız olaraq bu yardıma ehtiyacı olanlara verilməyib. İstisnalar ola bilər, amma bu da təxminən 2-3 faiz olar, ya olmaz. Sosial yardımın 90 faizi aşağı ranqlı məmurlar tərəfindən rüşvət alınaraq verilib. Burada vətəndaşın sosial vəziyyəti, onun bu yardıma ehtiyacı olub-olmaması nəzərə alınmayıb.

Burada yalnız həmin məmurların sosial yardıma namizəddən tələb etdikləri hansısa şərtini qəbul etmək imkanlarının olması nəzərə alınıb. Əgər bu imkan varsa, həmin adamlara sosial yardım veriblər. Dəfələrlə şahidi olmuşam ki, yardımı düzəldəndən sonra kartı 6 ay özlərində saxlayırlar. Yaxud da təyin olunur ki, sosial yardım alan vətəndaş il boyu 2 min manat alacaq. Bu məbləğin də 30-50 faizi ilkin olaraq yardım alandan tutulurdu. Tanıdığım yüzlərlə sosial yardıma ehtiyacı olan şəxslər var ki, onlara bu məsələdə yardım etmək istəsəm də, alınmayıb. Müxtəlif variantlar var, amma bu məsələ əsasən rüşvət müqabilində həyata keçirilirdi. Bu isə o qədər ictimai qınağa səbəb oldu ki, sonda sosial yardımın təyinatını onlayn sistemə keçirtdilər”.

Ekspert qeyd edib ki, 2018-ci ilin yanvar ayından sosial yardımların təyinatı dayandırılıb: “Son 6-7 ayda sosial yardımların təyin edilməsi tamamilə dayandırılıb. Hazırda sosial yardım alanların 70-80 faizinin bəlkə də buna ehtiyacı yoxdur. Prezident bildirir ki, sosial yardıma ehtiyacı olmayanların özləri bundan imtina etməlidir. Bu, ağılasığan məsələ deyil. Kim öz gəlir mənbəyini kəsməyə razı olar?! Təbii ki, heç kim. Hesab edirəm ki, cənab prezident məmurlara çağırış etməlidir ki, rüşvətxorluqdan, korrupsiyadan əl çəksinlər. Amma məsələ burasındadır ki, problem çağırışla da həll olunmur.

Hesab edirəm ki, ilk növbədə idarəetmə sistemində rüşvət və korrupsiya tam şəkildə aradan qaldırılmalıdır. Əgər məmur rüşvətlə vəzifəyə təyin edilirsə, onun rüşvət alması da, korrupsiyaya yol verməsi də təbii haldır. Digər tərəfdən, təyinatların fəlsəfəsi dəyişməlidir. Məmur təyinatı yarışma formasında olmalıdır. Hökumət öz tələblərini və şərtlərini qoyub açıq tender elan edə bilər. Həmin tenderin nəticələrinə görə məmurlar seçilməlidir. İdarəetmənin fəlsəfəsi dəyişməsə, ölkəyə hansı layihəni gətirsək də xeyri olmayacaq”.

Qeyd edək ki, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova ünvanlanan əsas ittihamlardan biri də məhz ünvanlı sosial yardımın verilməsindəki qanunsuzluqlarla bağlı idi. Hətta sabiq nazirin ümumilikdə 2 milyard manat yeyintiyə yol verməsi ilə əlaqədar məlumatlar dolaşırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...