Ziya Məmmədovun oğlundan alınan bazar batır - GƏLİŞMƏ

Ziya Məmmədovun oğlundan alınan bazar batır -

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlundan alınan ticarət mərkəzi batır. Söhbət “28 May” keçidindəki köşklərdən gedir. Reportaj hazırlayarkən burada alverin zəiflədiyini öyrənirik. “Qarant” holdinqə aid olmuş köşklərin işi daha da pisləşib. Satıcılar buna şəhərdə çoxalan ticarət obyektlərinin təsir etdiyini bildirirlər. “28 May” ticarət mərkəzinin xüsusi mülkiyyətçisi “Royal İsteyt” MMC idi. Bu firma Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant” holdinqə daxil idi. Sonra köşklər söküldü, ticarətçilər aksiyalara başladı, sahibkarların pulu batdı.

A.Məmmədovdan ticarət mərkəzi alındıqdan sonra yeni qaydalar qüvvəyə mindi. Nəticədə onlarla ticarətçi zərər çəkdi.
Hazırda ticarət obyektlərinin qapıları açıqdır, müştərilərə ucuz qiymətə mallar təklif edirlər. Amma ətrafdakı mağazalar onları bazardan çox sıxışdırıb. “28 Mall” açılanda bizim bazarımız öldü. Çünki orda da bəzi mağazalarda qiymətlər ucuzdur, gedib ordan alırlar”, – deyə satıcı Rəşad deyir.

Onunla yanaşı mağazada işləyən Vüsalın sözlərinə görə, “Royal İsteyt” MMC çoxlarının haqqını tapdaladı, bir hissəsi buranı tərk etməli oldular. Bu keçiddə ticarət fəaliyyəti 1987-ci ildən başlanıb. Keçid uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olub. 1997-ci ildə isə ölkə başçısının tapşırığı ilə keçiddə köçkünlər, əlillər və şəhid ailələrinin xırda ticarətlə məşğul olmaları üçün şərait yaradılıb. 2001-ci ildən keçid təmirə bağlanıb. Nəqliyyat Nazirliyi tərəfindən təmir olunan bu yeraltı keçid 2009-cu ildə “ZQAN” Holdinqə icarəyə verilib.

Bu şirkət isə köşkləri həmin Qarabağ əlili və şəhid ailələrinə deyil, ayrı-ayrı sahibkarlara icarəyə verib. Bir neçə il əvvəl mağazalarının əllərindən alınmasına etiraz edən bu şəxslər Nəqliyyat Nazirliyinin və Prezident Administrasiyasının qarşısında dəfələrlə etiraz aksiyaları keçirmişdilər. Nəticəsi nə oldu? Onların tələblərinə müsbət cavab vermədilər.
Ticarət mərkəzinin hansı qurumun tərkibində olduğu bilinməsə də, icarə haqları Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti yığır.

Amma tacirlər işləyə bilmirlər və yer haqlarını ödəməkdə çətinlik çəkirlər. Onlar ümid edirlər ki, bazar dərslərin başlanması ərəfəsində qızışacaq. “Camaat istirahətə gedir, kimisi xaricə, kimisi səfalı rayonlarımıza…Kimdir indi özünə ayaqqabı, köynək alan? Odur ey Türkiyədə su qiymətinə satırlar. İndi şəhərdə mağazalar da çoxdur, milət qaranlıq keçidlərə düşməyə də tənbəllik edir”,-deyə Famil şikayətlənir. Haqlıdır, bəlkə də… /AzEuroNews.com/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...