“Əfv ərizəsini İlqar Məmmədovun istəyi ilə yaya bilərik” - Penitensiar Xidmət

Bu günlərdə Penitensiar Xidmət 2 saylı cəzaçəkmə müəssisəsində (CM) cəza çəkən REAL Hərəkatının sədri İlqar Məmmədovun əfv ərizəsi yazması ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov virtualaz.org saytına açıqlamasında deyib ki, məhkum İlqar Məmmədov 2014-cü il, iyulun 22-də Azərbaycan prezidentinə əfv xahişi ilə rəsmən müraciət edib: "Bu sənəd onun şəxsi işində də var”.
Y.İsakov xüsusi qeyd edib ki, Penitensiar Xidmət İ.Məmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.
Lent.az Penitensiar Xidmətə əfv ərizəsinin məzmunun və ya sürətinin ictimailəşdirilməsi ilə bağlı müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov ərizənin onlar tərəfdən ictimailəşdirilməsinin İ.Məmmədovun özündən asılı olduğunu bildirib: "Əfv ərizəsi yazmış digər məhkumlar kimi İlqar Məmmədovun da müraciəti yalnız onun şəxsi istəyi ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə rəsmi müraciəti əsasında ictimailəşdirilə bilər”.
279 dəfə oxundu