“Nemes Rubo” şirkət rəhbərini oğurlatdırıb döydürdü

“Air Armenia” aviaşirkətinin rəhbəri Arsen Avetisyan İrəvanda oğurlanaraq döyülüb.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu insident barədə Arsen Avetisyanın həyat yoldaşı İzabella Melkumyan məlumat yayıb. İ.Melkumyan ərinin oğurlanaraq döyülməsində Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyanın mühafizəçilərini ittiham edib. İ.Melkumyan belə hesab edir ki, insidentin səbəbi ərinin “Taron-avia” şirkətinin sahibi Qarnik Papikyana borclu olmasıdır. Belə ki, Q.Papikyan borcunun qaytarılmasında ona kömək etmək xahişi ilə EFF prezidenti, “Nemes Rubo” ləqəbli Ruben Ayrapetyana müraciət edib.
İ.Melkumyan bildirib ki, “Nemes Rubo” isə şənbə günü A.Avetisyanı kafeyə görüşə çağırıb. Həmin kafe Ayrapetyana məxsus “Arsnakar” restoranının yaxınlığında yerləşir. Burada Avetisyanı hamının gözü qabağında döyməyə başlayıblar. Daha sonra isə EFF prezidentinin mühafizəçiləri Avetisyanı Futbol Akademiyasının yaxınlıqdakı binasına aparıblar. Polisdən verilən məlumata görə, Avetisyan hal-hazırda İrəvandakı “Erebuni” xəstəxanasındadır, o, kəllə-beyin travması alıb. Polis isə şirkət rəhbərinin oğurlanaraq döyülməsi faktını araşdırır.
292 dəfə oxundu