Etibar Pirverdiyev dilemma qarşısında...

"Azərenerji" ASC-nin prezidenti uzun illər ərzində topladığı milyardların hesabatını ortaya qoymaq məcburiyyətindədir. "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" ASC-yə ötürülməsi ilə bağlı dövlət başçısının imzaladığı "Azərişıq" ASC haqqında" 10 fevral 2015-ci il tarixli Sərəncamı Etibar Pirverdiyevin karyerasında sonun başlanğıcı rolunu oynayıb. Belə ki, sözügedən qərardan sonra "Azərenerji" ASC-nin strukturlarında ciddi yoxlamaların aparılmasına və Etibar Pirverdiyevə yaxın iş adamlarının sorğu-suala çəkilməsinə start verildi.
Ortaya çıxan məlumatlarda isə "Azərenerji" sistemində uzun illər ərzində müxtəlif görünməyən işlərin aparıldığı yer alır. Etibar Pirverdiyevi dövlət rəhbərliyinini gözündən salan isə istilik-elektrik stansiyalarının xammal kimi istifadə etdiyi mazut və qazın qiymətlərinin hədsiz dərəcədə şişirdilməsi,əhalinin istehlak etdiyi elektrik enerjisi borclarının yığılmasında oturuşmuş pul silmə və 110/35 kilovoltluq Gədəbəy yarımstansiyası ilə 110 kiovoltluq Gədəbəy-Zəyəm elektrik verilişi xətlərinin tikintisində üzə çıxan ciddi maliyyə pozuntuları oldu. Lakin ən ağır zərbəni Etibar Pirverdiyev Bayraq meydanı qalmaqalından sonra aldı.
Yadınızdadırsa, sözügedən obyektin tikintisi "Azərenerji" ASC-nin prezidentinə həvalə olunmuşdu. Bayraq Meydanının sabiq rəhbəri, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədovun və onun şəriki Azər Əsgərovun həbsindən sonra yeni kənar xərcləmə faktları üzə çıxmışdı. Bu işin istintaqında Etibar Pirverdiyevin adının hallanması onun mövqeyini addım-addım zəiflətməyə başladı. Çox çəkmədi ki, Etibar Pirverdiyevin adı Azərbaycan Beynəlxalq Bankının kredit qalmaqallarında da hallanmağa başladı. Söhbət Beynəlxalq Bankdan götürülmüş 104 milyon manat məbləğində kredit faizlərinin geri qaytarılması üzrə Sumqayıt İnzibati İqtisad Məhkəməsi tərəfindən təmin edilmiş iddianın yerinə yetirilməməsindən gedir.Bunun bütün məsuliyyətinin Etibar Pirverdiyevin üzərinə düşdüyü sübut olunsa da, "Azərenerji" ASC-nin rəhbəri arxayınlıqla kreditin ödənilməsini təxirə salmaqda hələ də davam edir.
Maraqlıdır ki, bu müddətdə Etibar Pirverdiyevin görünməyən işlərdə ortaqlıq etdiyi bəzi tərəfdaşlar da kredit qalmaqalları çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsinin ("bandotdel") əməkdaşları tərəfindən saxlanılaraq məsulyyətə cəlb ediliblər. Onların arasında Mingəçevir "İzolit" ASC İdarə Heyətinin sədri Mehman Mehdiyevin də adı çəkilir. Bu həmin Mehdiyevdir ki, bir müddət Sumqayıt Elektrik şəbəkəsinə rəhbərlik edib.Onun Etibar Pirverdiyevlə çox ciddi biznes əməkdaşlığının olduğu da məlumdur. O da məlumdur ki, Mingəçevir "İzolit" ASC-nin istehsal etdiyi məhsulların alıcıları sırasında "Azərenerji" ASC-nin adı birinci çəkilirdi.Bəzi məlumatlarda Etibar Pirverdiyevin özəlləşmə məsələsində Mehman Mehdiyevə yaxın köməklik göstərdiyi də yer alır. Bunun müqabilində Səhmdar Cəmiyyətdə onun xüsusi paya malik olduğu bildirilir. Mehman Mehdiyevin həbsindən sonra Etibar Pirverdiyevin ətrafındakı halqanın xeyli dərəcədə daralması müşahidə olunur. Bu təhdidlərin paralel olaraq Etibar Pirverdiyevin özünə qarşı da istiqamətləndiyini görmək olar.
Bu yaxınlarda "Azərenerji" ASC-nin prezidentinə aid edilən, Quba rayonunda, Xınalıq yolunun üstündə yerləşən ərazidə inşa edilməkdə olan nəhəng otel kompleksinin tikintisinin dayandırılması deyilənləri təsdiq edir.Məlumata görə, həmin otel kompleksi başqa bir şəxsin sahibliyinə verilib.Bir çox rayonlarda, xüsusən də Quba və Qusarda otel və restoran şəbəkələrinə malik olduğu deyilən Etibar Pirverdiyevin qalan obyektlərinin də əlindən alınacağı qaçılmazdır. Düzdür,müşahidəçilər bunu oliqarxın kredit borcları əvəzinə hesabından silindiyini iddia etsələr də, bu işdə əsl həqiqətin hələ tam aydın olmadığını yəqin etmək olar. Lakin bütün hallarda əminliklə söyləmək olar ki, Qubadakı obyektinin əlindən alınması "Azərenerji" ASC-nin prezidenti üçün yalnız növbəti xəbərdarlıq rolunu oynaya bilər.Etibar Pirverdiyev vəzifədə ikən uzun illər ərzində topladığı milyardların hesabatını ortaya qoymaq məcburiyyətindədir. Bunların ən yaxın zamanlarda baş verməyəcəyi təqdirdə isə tanınmış oliqarxın ilkin olaraq bütün obyektlərindən məhrum ediləcəyi, daha sonra isə haqqında ciddi məsuliyyət tədbirlərinin görüləcəyi qətiləşib...
Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
1308 dəfə oxundu