Rusiya milli valyutasının məzənnəsini qorumaq iqtidarındadır - ANALİTİKA

Rusiya milli valyutasının məzənnəsini qorumaq iqtidarındadır -

Son vaxtlar Rusiya rublunun xarici valyutalar, o cümlədən ABŞ dolları qarşısında dəyərdən düşməsi sürətlənib. “Report”un analitik qrupu hesab edir ki, bu daha çox siyasi amillər, o cümlədən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların siyahısının genişləndirilməsi ehtimalı ilə bağlıdır.

Qeyd edək ki, Rusiya dünya bazarına böyük həcmdə neft-qaz və digər xammal növləri çıxarır. Dünya iqtisadiyyatı sürətlə böyüdüyü üçün xammal qiymətləri normal səviyyədədir və Rusiyaya xarici valyutanın daxil olmasında problem yoxdur. Bununla belə, yuxarıda qeyd olunan ehtimal ölkənin dövlət və özəl qiymətli kağızlarına investisiyaları məhdudlaşdırır, geriyə kapital axınını sürətləndirir, Rusiya Bankının (Mərkəzi Bank) risklər fonunda uçot dərəcəsini artırmasını stimullaşdırır. Həmçinin Suriyadakı hərbi əməliyyatların genişləndirilməsi nəticəsində ABŞ və Rusiya arasında siyasi gərginlik artmaqdadır. Bütün bunlar isə rublun məzənnəsinə təsirsiz ötüşmür. Son nəticədə ötən gün Rusiyada dolların məzənnəsi 0,5% artaraq 70,26 rubla çatıb. Bu, 2016-cı ilin mart ayından bəri ən yüksək həddir. Rusiyanın 10 il müddətinə dövriyyəyə buraxılmış dövlət istiqrazlarının illik faiz dərəcəsi isə gün ərzində 0,1% artaraq 9,33%-ə yüksəlib.

Vəziyyətə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) ümumi perspektivi üzrə də baxmaq olar. Türkiyə, Argentina, Cənubi Afrika kimi ölkələrlə müqayisədə fundamental göstəriciləri daha yaxşı olan Rusiyanın maliyyə vəziyyəti pisləşərsə, investorlar bu ölkəyə yatırdıqları pulları geri çəkə bilərlər. Bu isə nəinki Rusiya, həm də digər İEOÖ-lərin iqtisadiyyatlarına, eləcə də onlarla ticarət əlaqələrinə görə bağlı olan inkişaf etmiş ölkələrin (İEÖ) iqtisadiyyatlarına zərər vuracaq.

Bununla belə, hələ ki, Rusiyanın xarici ticarətinin saldosu müsbətdir. Bu isə o deməkdir ki, ölkənin ixrac potensialı tükənməyib və milli valyutasının məzənnəsini qorumaq iqtidarındadır. Əgər Rusiya sanksiyalara cavab olaraq xarici ticarətdə dollardan imtina etsə, onda rublun siyasi amillərə dözümü artacaq. Bu baxımdan, ölkənin istiqrazları kifayət qədər gəlirlidir.

Rusiyadakı vəziyyətin Azərbaycana təsirinə gəlincə, qonşu ölkədən, əsasən, yarıfabrikat sənaye məhsulları, maşın və avadanlıqlar, nəqliyyat vasitələri və ərzaq məhsulları idxal edirik. Onların böyük bir qismi sahibkarlıq məqsədlidir və rublun ucuzlaşması hesabına Azərbaycana ucuz başa gəlməsi yerli sənaye məhsullarının maya dəyərinin aşağı düşməsinə səbəb ola, istehsalı stimullaşdira bilər.

Azərbaycanın Rusiyaya ixracının 30%-ni isə ərzaq və kənd təsərrüfatı məhsulları tutur. Son vaxtlar Avropa İttifaqı və Rusiya arasında qarşılıqlı sanksiyalar qitə ölkələrindən şimal qonşumuza mal axınını məhdudlaşdırıb və Azərbaycan məhsullarına ehtiyacı artırıb. Odur ki, rublun dəyərdən düşməsi Azərbaycandan Rusiyaya ixracı elə də zəiflətməyəcək. Yalnız Rusiyada yaşayan və işləyən vətəndaşlarımızın Azərbaycana göndərdikləri pullar azala bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...