“Azərbaycan bu prosesdən kənarda qala bilməyəcək” - TƏHLİL

“Azərbaycan bu prosesdən kənarda qala bilməyəcək” -

İran dünyada dövlət səviyyəsində terroru dəstəkləyən aparıcı ölkə olaraq qalır və Livanın Hizbullah qrupu kimi müttəfiqləri və İslam İnqilabı Qvardiyasından istifadə etməklə bir çox münaqişələrin qızışdırılmasına və ABŞ-ın Suriya, Yəmən, İraq, Bəhreyn, Əfqanıstan və Livanda maraqlarına ziyan vurulmasına görə məsuliyyət daşıyır”.

Bu fikirlər ABŞ Dövlət Departamentinin antiterror üzrə koordinatoru Natan Seylsə məxsusdur. O, Dövlət Departamentinin qlobal terrorizmlə bağlı hesabatını açıqlayarkən rəsmi Tehranı hədəf alıb. Ekspertlər bu fikirlərdən çıxış edərək, İran ətrafında yaranan təhlükələrin getdikcə artdığını qeyd edirlər.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Amerikanın məqsədi İranı zəiflədib, bu ölkənin Suriya, İraq, Yəmən, Livan və Səuidyyə Ərəbistanındakı tərəfdarlarına dəstəyini kəsməkdir: “Trampın İrana qarşı tətbiqi etdiyi və güclənən sanksiyaları İranda iqtisadi vəziyyətə mənfi təsir edir. İranda inflyasiya güclənib, milli pul vahidi sürətlə dəyərdən düşür. Avropa şirkətləri Amerikanın qorxusundan İran bazarını tərk edir. Bu amil də İran iqtisadiyyatına mənfi təsir edir. Çünki xarici investorlar indiki vəziyyətdə İranla əməkdaşlığın onlara baha başa gələcəyini anlayırlar. Vaşinqton yalnız İranı deyil, İranla əməkdaşlıq edən, bu dövlətə investisiyalar qoyan ölkə və şirkətlərə qarşı da sanksiyalar tətbiq etməyi planlaşdırır. Buna baxmayaraq, Vaşinqtonun İranın tam taqətdən düşəcəyi ilə bağlı gözləntiləri özünü doğrultmaya bilər. İran İslam inqilabından bu yana bu ölkə müxtəlif sanksiyalarla üz-üzədir. Bu, 39 illik dövrü əhatə edir. İranda bir-birini dəyişən hakimiyyətlər təzyiqlərə rəğmən, ölkədə istehsal yarada bildilər. Ancaq İran əhalisi artır və gəncləşir. Yeni iş yerləri lazımdır. Bu isə azdır. Ona görə də İranda həm işsizlik hökm sürür, həm də sosial gərginlik artır. O biri tərəfdən neft üzərində qurulan iqtisadiyyat ağır yükə dözmür. İranın əsas gəlir mənbəyi neft satışıdır. Amerikanın sanksiyaları İran nefti üçün də problemlər yaradıb.

İran neftini alan ölkələr bu ölkədən neft idxalını azaldıblar. Hətta son məlumatlara görə Amerikanın sanksiyalarını pisləyən Türkiyə və Hindistan da İrandan aldığı neftin həcmini azaldıb. İran hakimiyyəti vəziyyəti dəyişmək üçün nəsə etməlidir, əks halda, iqtisadi və sosial gərginlik siyasi gərginliyə keçə bilər. İran Suriyadakı müharibəyə də böyük pullar xərclədi. Tehran Əsəd rejimini dəstəkləmək və ayaqda saxlamaq üçün hər il Suriyaya milyardlarla dollar göndərdi. Bu da İranda cəmiyyətin bir hissəsini ciddi narahat edirdi. Sosial tələblərlə İran küçələrinə çıxanların şüarlarından biri də bu idi: ”Suriyanı yox, bizi düşünün!" Hazırda İran rəsmiləri Suriyaya qoyduqları pulun bir hissəsini geri qaytarmaq istəyirlər. Amerikanın İrana qarşı sərtləşən siyasəti, İranın özündə cərəyan edən proseslər Azərbaycanı da düşündürür. Amerika İranı zəiflətmək istəyir, Azərbaycan isə Vaşinqtonun bölgədəki əsas tərəfdaşlarındandır. İrandakı hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmağı bacarmalıyıq. Bu yaxınlarda Tehran Universitetinin məşhur professorunun İran qəzetlərindən birinə verdiyi müsahibəni oxudum. İranlı professor düşünür ki, İranda mərkəzi hakimiyyət zəifləsə, İranın Azərbaycan əyalətlərində yerli xalqın öz hüquqlarının artırılması uğrunda tələbləri artacaq. Maraqlıdır ki, həmin professor İranda baş verən prosesləri SSRİ-nin son günlərinə bənzədir. Azərbaycan heç bir dövlətin, özəlliklə də qonşularının daxili işlərinə qarışmır. Ancaq İrandakı proseslər bu ölkədə yaşayan azərbaycanlıların fəallaşmasına və haqlarının artırılması istiqamətində cərəyan edərsə, biz istəsək də, bu prosesdən kənarda qala bilməyəcəyik. İrandakı azərbaycanlıların taleyinə biganə qalmayacağıq. Tarixdə zorən parçalanan xalqlar hər zaman birliyə və ittifaqa çalışıblar. Bu təbiidir. Hətta fərqli rejimlərin hökm sürdüyü Cənubi Koreya və Şimali Koreya bu gün bir-birilərinə xeyli yaxınlaşıb. Biz İranda dağıdıcı proseslərdə əsla maraqlı deyilik. Ancaq İranda elə sistemin formalaşmasında maraqlıyıq ki, İran Türkiyə qədər bizə yaxın olsun, Ermənistanla diplomatik münasibətləri olmasın və Azərbaycan torpaqlarının işğalını sözdə deyil, əməldə də pisləsin".

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev isə bunları dedi: “Prezident Tramp İranla nüvə sazişini dayandırandan sonra artıq məlum idi ki, İrana qarşı növbəti və əvvəlkilərdən daha kəskin təzyiqlər başlayacaq, elə də oldu. Sanksiyalar daha kəskin şəkildə bərpa olundu və siyasi təzyiq gücləndi. Əslində İranla bağlı mövqelərdə əvvəlki prezidentlər zamanında olduğundan heç də fərq yoxdur. ABŞ-ın xarici siyasətində İranla bağlı mövqeyi on illərdir dəyişməzdir. Obama zamanında qısa müddət yumşalma hiss olunsa da, bu, sırf İranı Rusiyadan aralamaq, Suriya məsələsində neytrallaşdırmaq və uranın zənginləşdirilməsi ilə aparılan işləri dayandırması ilə bağlı idi. Çünki danışıqlar zamanı İranın bu məsələlərdən geri çəkiləcəyi ilə bağlı ümidlər yaranmışdı. Sonradan bunların olmayacağını bildikdən sonra ABŞ İrana qarşı mövqeyini dəyişməyə məcbur olmuşdu. İranın terroru dəstəkləyən dövlət kimi elan olunması isə gələcəkdə bütün üsullardan istifadə etməklə orada rejim dəyişikliyinə gediləcəyinin gündəmdə olması ilə bağlıdır. Aparıcı dünya dövləti Hizbullahı terror təşkilatı kimi tanıyır, İran isə bunun əksini deyərək onlarla əlaqələrini gizlətmir. Əksinə, yardımlarını davam elətdirir, onların xidmətlərindən Suriyada, Livanda və başqa yerlərdə açıq istifadə edir. Bütün bu faktorlar İrana qarşı geniş koalisiyanın yaranacağını göstərir. Amma bir məsələ var ki, İranın rejim dəyişiklikləri baş verən digər ölkələrdən fərqli olaraq müqavimət gücü daha böyükdür. Onillərlə təzyiq və sanksiyalarla yaşayan İranın bu şəraitdə yaşamaq təcrübəsi böyükdür və bir növ özünə immunitet formalaşdırıb. Yəni orada münasibətlər qaynar fazaya kecərsə, Suriya və digər dövlətlərdə olduğundan fərqli bir situasiya ilə qarşılaşa bilərik və bu da uzun zaman çəkə bilər. O səbəbdəndir ki , bu gün İranın daxildən zəiflədilməsi, rejimdən narazı olanların etirazlarından istifadə olunması ön sırada durur. Amma açıq müdaxilənin olunması da mümkün görünür.

İranda baş verə biləcək hadisələrin fəsadlarının Azərbaycana təsir edəcəyi şübhəsizdir. Biz nə qədər bu istiqamətdə ehtiyatımızı tutsaq da, sərhədlərimiz boyunca qeyri-sabitliyin olmasından yarana biləcək problemlərin qarşısını almaqda çətinlik çəkə bilərik. Burada qaçqın axınından başlamış, bu axında müxtəlif dairələrə xidmət edən təhlükəli insanların ölkəmizə gəlməsindən söhbət gedir. Ən azı Türkiyə təcrübəsini bu gün görürük. Bölgə dövlətlərinin bir hissəsinin ABŞ-la normal münasibətlərinin olmasına baxmayaraq bu konfliktdən dolayı onların da narahatçılığı var. Çünki ərazilərində İrana simpatiyası olan güclər mövcuddur. Eyni zamanda İranla bağlı gərginliklərin narahat etdiyi ölkə Rusiyadır. Bu gün ABŞ-la qarşıdurmada, Əsədlə bağlı mövqedə Rusiyanın az saylı müttəfiqlərindən biri İrandır. Odur ki , Rusiyanın bütün imkanları ilə İrana dəstək verəcəyi istisna olunmur. İranla bağlı vəziyyətin necə olacağı ABŞ-ın qərarında qəti olub olmamasından asılı olacaq. Nəticənin necə olacağını indidən deyə bilməsək də hesab edirəm ki, əgər razılaşmalar olmasa, hətta hərbi əməliyyatlara da başlasalar, bu məsələ çox uzanacaq. Sözsüz ki, İran hakimiyyəti könüllü baş əyməyəcək. Çünki bilir ki, son məqsəd İrandakı mövcud rejimin, sistemin dəyişdirilməsidir. Haraya qədər və necə müqavimət göstərəcəyini də demək çətindir".
“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...