"Cənub" qaz dəhlizi: ikinci və üçüncü seqment - ANALİZ

"Cənub" qaz dəhlizi: ikinci və üçüncü seqment -


Bunlar TANAP və TAP layihələridir

"Cənub" qaz dəhlizi üç mühüm seqmentdən ibarətdir. Onun birinci güclü qolu Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycanın və Gürcüstanın ərazisində 690 kilometr məsafə qət edən Cənubi Qafqaz Boru Kəməri - CQBK-dır. Başlanğıcını Gürcüstan-Türkiyə sərhədindən götürən 1900 kilometr uzunluğunda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) dəhlizin ortadakı hissəsini təşkil edir. Bu dəhlizin Avropa hissəsi isə TAP - Trans-Adriatik Qaz Boru Kəməri adlanır.

Bu il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməli qoyuldu. Mərasimdə üç ölkənin rəhbərləri - Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili iştirak edirdilər. Bu da təsadüfi deyil. Çünki 3500 kilometr məsafə qət edəcək "Cənub" qaz dəhlizinin yolu bu üç ölkənin ərazisi boyu uzanır. Başqa sözlə, dəhlizin birinci mühüm seqmenti CQBK öz çıxış məntəqəsində - Türkiyənin şərq sərhədində TANAP-a bağlanacaq. Sonra isə bu xətt Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində "Cənub" qaz dəhlizinin üçüncü mühüm hissəsinə - TAP-a qovuşacaq.
TANAP üzrə Hökumətlərarası Saziş 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. Bu, Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən bir layihədir.

Xatırladaq ki, "Cənub" qaz dəhlizinin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağıdır. Həmin dəhlizlə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq ildə 16 milyard kubmetr qaz nəql olunacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri Avropa ölkələrinin payına düşəcək.

TANAP-ın ilk qazı Türkiyə alıcılarına 2018-ci ilin sonunda çatdıracağı gözlənilir. Qazın Avropaya ötürüləcəyi isə bir il ondan sonraya nəzərdə tutulub. Daha sonra nəql olunan qazın həcmi artacaq, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatacaq.

"Cənub" qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir. Odur ki, istər CQBK-nın genişləndirilməsi, istərsə də TANAP-ın və TAP-ın çəkilişi heç də asan bir iş deyil. Onların hər biri xeyli vəsait, böyük işçi qüvvəsi tələb edən layihələrdir.

Tikinti eyni zamanda texniki cəhətdən də mürəkkəbdir. Məsələn, TANAP Türkiyədəki istehlakçılar üçün nəzərdə tutulmuş qazı Əskişəhərə 56 düymlük borularla nəql edəcək. Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə qədər də həmin ölçülü borular uzanacaq. Əskişəhərdə kəmərin diametri 48 düymə qədər daraldılacaq. Avropa istehlakçıları üçün qaz isə TAP-ın Yunanıstanın giriş məntəqəsində yerləşən 48 düymlük kəmərlə nəql ediləcək.

TANAP Türkiyənin 20-dən çox bölgəsindən, o cümlədən Ərdahan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan və digər bölgələrdən keçəcək.

Qeyd edək ki, TANAP-ı dərhal dəstəkləyənlərdən biri də məhz Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin, o cümlədən "Şahdəniz"in operatoru olan BP şirkətidir. Şirkətin yaydığı açıqlamaların birində deyilir: "TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun şərq ucunda dünyanın ən iri qaz yataqları var - Azərbaycan və Yaxın Şərq, onun qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də BP və digər şirkətlər bu layihəni və onun operatoru olan ARDNŞ-nin planlarını dəstəkləyirlər".
"Cənub" qaz dəhlizinin 870 kilometrlik sonuncu hissəsini TAP təşkil edir. "Şahdəniz" konsorsiumu qazın Türkiyə-Yunanıstan sərhədindən Avropa bazarlarına nəqli üçün 2013-cü ildə məhz TAP-ı seçdi. Ona 8 şərtə görə üstünlük verildi.

Bunlardan birincisi kəmərin kommersiya səmərəliliyidir. İkinci, üçüncü və dördüncü əsas şərtlər layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü və texniki layihələndirmədir. Daha vacib bir məsələ kimi tənzimləmə və şəffaflıq götürüldü. Altıncı amil kəmərin təhlükəsizliyi və səmərəli istismarının mümkünlüyüdür. TAP eləcə də genişləndirmə imkanlarına görə digər kəmərlərdən fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı amillər də nəzərə alındı.

TAP Yunanıstan və Albaniyadan keçərək Qərbə doğru Adriatik dənizinin sahilinə uzanacaq. Boru kəmərinin sualtı hissəsi Albaniyanın Fier şəhəri yaxınlığından başlayacaq və Adriatik dənizindən adlayaraq İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Oradan isə Azərbaycan qazının Qərbi Avropaya nəqli nəzərdə tutulur. Kəmərin 550 kilometri Yunanıstanda, 210 kilometri Albaniyada, 105 kilometri Adriatik dənizinin altında və qalan bir neçə kilometri İtaliyanın quru ərazisində yerləşəcək. Boru kəmərinin tutumunun sonralar artırılaraq 20 milyard kubmetrə çatacağı planlaşdırılır. TAP-ın icraçı direktoru Yan Bredşou bu günlərdə Anadolu Agentliyinə verdiyi müsahibədə layihənin İtaliyada bitməsinə baxmayaraq ara keçid boru kəmərləri ilə İsveçrə, Avstriya, Fransa, Almaniya və Belçikaya, hətta İngiltərəyə də təbii qaz transferi mümkün olacağını demişdir.

TAP-da BP, SOCAR və "Statoyl" şirkətlərinin hər biri 20 faizlik payla iştirak edir. İştirak paylarının qalan hissəsini isə "Fluksis" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləri bölüşdürürlər.

Prezident İlham Əliyev bu il iyunun əvvəlində Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında çıxış edərkən "Cənub" qaz dəhlizinin bütün seqmentlərinin tikintisinin uğurla başa çatacağına əmin olduğunu bildirmişdir: "Cənub" qaz dəhlizi artıq reallıqdır və icra edilir. Əminəm ki, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi işləri, əslində bu, yeni kəmərin tikintisi deməkdir, - və üç ildən sonra istifadəyə veriləcək TANAP layihəsinin icrası vaxtında yerinə yetiriləcək. Beləliklə, Azərbaycan "Şahdəniz-2"dən qazı həm Gürcüstana, həm Türkiyəyə nəql edə biləcək. Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq".

"Azərbaycan" qəzeti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...