2 nəfərin ölümünə bais olan Qulu Hüseynovu həbsdən çıxarmağa 10 min dollar

2 nəfərin ölümünə bais olan Qulu Hüseynovu həbsdən çıxarmağa 10 min dollar


Xətai Rayon Məhkəməsində dələduzluqda ittiham olunan Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Elçin Qurbanovun məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Nazim Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, E.Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1993-cü ildən prokurorluq orqanlarında çalışan E. Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi - dəftərxana müdiri vəzifəsində işləyib.

İddiaya görə, o, məhkumun adını əfv siyahısına salmaq adıyla onun oğlundan pul alıb.

Lakin E.Qurbanov ittihamı qəbul etmir və özünü təqsirli bilmir. Söhbət CM-in 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə 7 il azadlıqdan məhrum edilmiş Qulu Hüseynovun həbsdən buraxılmasından gedir.



Bu qəza 2012-ci il iyunun 1-də baş verib. Həmin gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 145-ci km-də, Qarasu kəndinin ərazisində Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Hüseynov Qulu Məhərrəm oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-HJ-898 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Hüseynov Zamir Zakir oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-XN-665 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 2006-cı il təvəllüdlü Hüseynov Zakir Zamir oğlu və 1956-cı il təvəllüdlü Hüseynova Zəminə Ağabba qızı hadisə yerində ölüblər, 1983-cü il təvəllüdlü Həmənova Şəhla Vaqif qızı, habelə Mercedes-Benz” markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü Hüseynova Gülüzə Həşrəf qızı ağır xəsarət alıblar. Qəza “Mersedec” sürücüsünün günahı üzündən baş verib.

Cinayət işinin materiallarında yazılıb ki, prokurorluq əməkdaşıyla Qulu Hüseynovun oğlu Amid Hüseynov Türkiyədə tanış olub. Qulu Hüseynovun azadlığa çıxması məsələsindən söhbət düşəndə Elçin Qurbanov deyib ki, tanışları var, əfv siyahısına salınmasına kömək edə bilər. Amid Hüseynovun iddiasına görə, o, Elçin Qurbanovun prokurorluqda işləməsini nəzərə alıb, onun bu işi görə biləcəyini düşünüb və atasını həbsdən buraxdırmaqdan ötrü 10 min dollar pul verib. Ancaq üstündən uzun müddət keçsə də, nə pulu geri qayıdıb, nə də atası buraxılıb.

Elçin Qurbanov isə deyir ki, bu deyilənlər yalandır, qarşı tərəfin ona qərəzi var, bu səbəbdən haqqında həqiqətə uyğun olmayan ifadələr verir. Onun sözlərinə görə, Amid Hüseynov Əfv Komissiyasına atasıyla bağlı ərizə yazmaq üçün kömək istəyib. O da bacardığını eləyib, ərizə yazıb.

Sabiq prokurorluq əməkdaşı bildirir ki, bu köməyin müqabilində heç kimdən pul almayıb. E.Qurbanov 2015-2016-cı illərdə bir neçə dəfə 6 saylı Cəzaçəkmə Müəssisəsinə gedib, orada Q. Hüseynovla görüşüb. Özü də bunu təsdiqləyib. Məhkumun oğlu prokurorluq əməkdaşına etibarnamə də verib. E.Qurbanovun sözlərinə görə, etibarnamə hər ehtimala qarşı verilmişdi ki, əfvlə bağlı ortaya çıxa biləcək hər hansı məsələləri özü həll eləsin. Çünki oğlu ölkədə olmurdu: “Etibarnamə verilsə də, faktiki məndə olmayıb. Nə də o etibarnamədən istifadə eləmişəm...”

Zərərçəkmişin ona qarşı qərəzli olmasının səbəbinə gəlincə, E.Qurbanov bildirib ki, bu ailə məsələsilə bağlıdır.

E.Qurbanov 2018-ci il fevralın 21-də vəzifəsindən azad edilib. Aprel ayında isə onun haqqında cinayət işi başlanıb, CM-in 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.312 (rüşvət verməyə təhriketmə) maddələriylə ittiham irəli sürülüb. Bu işin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...