Hacı İbrahim Nehrəmlinin qardaşı 52 nəfərə 2 milyon manat ödədi

Hacı İbrahim Nehrəmlinin qardaşı 52 nəfərə 2 milyon manat ödədi

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Virtualaz.org-un xəbərinə görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatındadır. Məhkəmənin hazırlıq iclası noyabrın 21-də keçiriləcək. Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib. S.İbrahimov zərərçəkmişlərə dəymiş zərəri ödəyib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Qeyd edək ki, N.İbrahimovun qaynı “Sahil D” şirkətinin direktoru Məzahir Cəfərov da eyni ittihamlarla Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

İttihama görə, M.Cəfərov qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil D” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satılıb.

Nəticədə, 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib.

M.Cəfərov hakim önünə çıxarılan ərəfələrdə virtualaz.org saytına müraciət edən sakinlərin bir qismi “Sahil D” şirkəti tərəfindən aldanıldıqlarını, pullarının mənimsənildiyini bildirmişdilər. Hətta şikayətçilərdən biri – Yeganə Ağayeva iş adamı Sahib İbrahimov tərəfindən onlara məxsus 2 milyon 200 min manat dəyərində mülklərinin əllərindən alındığını bildirmişdi. Şikayətçinin sözlərinə görə, həmin mülk S.İbrahimovun həyat yoldaşının adına keçirilib, aralarındakı razılaşmaya əsasən “Sahil D” şirkəti tərəfindən Xətai rayonunda inşa edilən binadan 13 mənzil Ağayevlərə verilib. Lakin sonradan Y.Ağayevaya məlum olub ki, aldadılan təkcə o olmayıb. 13 evə görə Ağayevlərə kompensasiya da ödənilməyib. Daha 52 nəfər sakin də eyni üsulla dələduzluğun qurbanı olub: “Nə Sahib İbrahimovu, nə də İlham Qasımovu həbs etmədilər. Məzahiri də içəridə 3 ay saxladılar, sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxıldı. Sahib İbrahimov məhkəməyə şahid kimi gəlib-gedir. Hər üçü əlbirdirlər. Düz 8 ildir kirayələrdə qalırıq. Evlərimizi geri istəyirik. Bizə kompensasiya ödəməlidirlər. Amma 13 evə görə bizə bir manat da vermədilər. Sahib ofisə bir gün “Bentley”, o biri günsə “Rolls Roys”la gəlir. Ofisin qabağına 7 maşın düzür. Sanki millətə acıq verirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...