Kərəm Həsənovun idarəsində "İmişli mafiyası" - ŞİKAYƏT
Habil Qasımov: Kərəm Həsənovun işçiləri qanunla yox, əsl-nəcabətlərini nümayiş etdirməklə işləyirlər.
Xaçmaz rayonunun sabiq polis rəisi, Qarabağ qazisi Habil Qasımovun başı yenə dərddədir. Bir müddət öncə səbəb göstərilmədən avtomobili əlindən alınan sabiq rəisin indi də qanuni şəkildə verilən torpaq sahəsini özəllişdirilməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Kömitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin Xətai rayon şöbəsinə təqdim etdiyi sənədlər Baş idarənin rəis müavini Zəfər Abdulovun imzası ilə rədd olunmuşdur.
№153021932574, 25.08.2015-ci il tarixli məktubda qeyd olunur ki, “torpaqların alqı-satqısına dair akt keçmiş DTXK-i tərəfindən təsdiq edilməmişdir”. Nəzərə alsaq ki, Azərbaycan Respublikası prezidentinin 5 fevral 2015-ci il tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Deməli Komitənin tələb etdiyi möhürü torpaqların alqı-satqısına dair akta məhz elə özü də vurmalıdır. Amma...
H.Qasımov əməkdaşımıza bildirib ki, sənədləri Əmlak Məsələləri üzrə Dövlət Kömitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin Xətai rayon şöbəsinə təqdim etdiyi vaxt idarənin rəis müavini Fətəli Atakişiyev onun yanında Baş idarənin rəis müavini Zəfər Abdulovla danışdığını, sənədlərdə hər-hansı bir problemin olmadığını söyləyib. Bir neçə gündən sonra isə torpaq sahəsi Hövsan bələdiyyəsinin ərazisində olduğu üçün ƏMDK-nın Bakı şəhər ərazi idarəsinin Suraxanı rayon şöbəsinin mühəndisi tərəfindən əraziyə baxış keçirilmiş və hər hansı problemin olmadığı bildirilmişdir. Sabiq rəis onu da qeyd edir ki, ötən müddət ərzində ƏMDK-nın Xətai rayon şöbəsinin rəis müavini Fətəli Atakişiyevlə bir neçə dəfə telefonla əlaqə saxlamağına baxmayaraq, bir dəfə də ona sənədlərimdə hər-hansı problemin olduğunu deməyib. F.Atakişiyevdən “əgər mənim sənədlərimdə problem var idisə nə üçün bunu mənə həmən yox, bir ay sonra, hazır sənədlərimi almağa gələndə deyirsiniz” – deyə soruşanda, Atakişiyev “məni əsəbləşdirmə, hamı mənim əslimi-nəslimi gözəl tanıyır, mənim kim olduğumu bilir, sən də bilərsən. Mənə Baş idarədən dedilər ki, sənin sənədlərini geri qaytaraq. Get məsələni Zəfərlə (ƏMDK-nın Bakı şəhər Ərazi İdarəsinin rəis müavini Zəfər Abdulov nəzərdə tutulur – red.) aydınlaşdır”–deyə hədə-qorxu gəldi. Məsələni aydınlaşdırmaq üçün ƏMDK-nın Bakı şəhər Ərazi İdarəsinə gələn sabiq polis rəisi bu dəfə də eyni aqibətlə rastlaşıb. Növbətçi polis ona Zəfər Abdulovun idarədə olmadığını deyib və 7-ci otağa, Ruslan adlı şəxsin yanına göndərib. H.Qasımov adı çəkilən şəxsə problemlərini və F.Atakişiyevin hədə-qorxuları ilə bağlı məlumat verərkən eyni məzmunlu cavab alıb. “Mən sizə hər hansı kömək edə bilmərəm. Şikayətinizi şənbə günü gəlib komissiyaya deyin”.
- Bəs Fətəli Atakişiyev mənə nəsli ilə hədə qorxu gəlir.
- Bunun mənə dəxli yoxdur. Mən Kərəm müəllimin yaxın ətrafı ilə işləyirəm. Bizim komanda da Kərəm müəllimin qohumlarıdır.
Mənə Atakişiyevin əslinin nə dəxli var?
Qəribədir ölkə normalda qanunlarla işləməli oduğu halda nədən komitə sədrinin yaxın ətrafı məhz öz nəslinin məziyyətlərini idarəetməyə tətbiq edirlər. Biz Conflict.az olaraq Fətəli Atakişiyevin güvəndiyi nəslini - əmisi “İmişli-Pambıq” ASC-nin sabiq direktoru, hal-hazırda İmişli RİH Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi məşhuri-cahan Məmi Atakişiyevi nəzərdə tutduğunu gözəl bilirik. Bu o Məmi Atakişiyevdir ki... Bu barədə sonra.
Və ƏMDK-nın Bakı şəhər Ərazi İdarəsinin əməkdaşı Ruslan adlı gəncin Komitə sədri Kərəm Həsənovun yaxın qohumlarından ibarət komandanın üzvü olduğunu deyəndə kimləri nəzərdə tutduğunu da bilirik. Bu komandanın da rəhbəri Kərəm Həsənovun əmisi oğlu İlqar Həsənovdur... Bu barədə də sonra.
3209 dəfə oxundu