Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...”

Yasamalın sabiq icra başçısı:

İbrahim Mehdiyev: “Allaha and olsun, o tikinti işindən xəbərsizəm, heç bir aidiyyətim yoxdur”
Xətai rayonunda inşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər həyata keçirib. Məlum olub ki, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla mövcud olan yaşayış və qeyri-yaşayış bina, qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil, 3 qeyri-yaşayış obyektini söküblər. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Yayılan məlumatlarda “İnsaat Konstruksiyalari MMC”nin Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsus olması xüsusi olaraq vurğulanırdı.


İbrahim Mehdiyev “Yeni Müsavat”a açıqlamasında həmin tikinti şirkətinin ona aid olması ilə bağlı məlumatların həqiqət olmadığını deyib:

- Mənim elə bir şirkətim yoxdur. Heç bir tikinti ilə məşğul deyiləm. 2 aydır ürəyimdən əməliyyat olunmuşam. Oturmuşam bağda, heç yerə də gedə bilmirəm. Hələ mən işləyən vaxtı da tikinti ilə məşğul olmurdum. Mən heç bir tikinti işi ilə məşğul deyil, hər hansı tikinti şirkətində də payım yoxdur.

- Əgər bu şirkət sizin deyilsə, o zaman adınız mətbuatda niyə hallandırılır?

- Xəbərim yoxdu bu yazılanlardan. Oğlum Londonda yaşayır. Səhər zəng vurmuşdu ki, bu nə məsələdir. Mən işdən çıxandan il yarım sonra əməliyyat olundum. Anju eləmişdilər, demişdilər ki, ürəyin damarları tutulub. Ona görə də əməliyyat olundum. Hökumətdən heç kimə məlumat vermədən gizli gedib əməliyyat olunub qayıtdım.

- İşdən çıxarılmanıza münasibətiniz necədir?

- Mən yaxşı işləyən icra başçısı olmuşam. “Sovetski”dən 4 min 200 ailə köçürmüşdüm. Amma işdən çıxmağım öz səhvim oldu. Oradakı məscidin sökülməsi məsələsində gərək mütləq cənab prezidentdən icazə alardım. Əvvəldən deyilib ki, yeni məscid tikilməmiş köhnəni sökmək olmaz. Mən də bunu bilməmişəm, götürüb sökmüşəm. Dini Qurumlar Komitəsindən də adam yanımda oturmuşdu, demişdilər ki, sökün. Məni tələsdirirdilər. 17 il icra başçısı olmuşam. Cənab prezident heç kimi səbəbsiz işdən çıxarmır. Mən gərək məsələni tam aydınlaşdırıb, sonra məscidi sökərdim.

- İşdən çıxmısınız, buna görə təəssüf edirsinizmi?

- Bir gün vəzifəyə gələn, bir gün də getməlidir. Vəzifəyə təyin olunan ilk gündən bilməlisən ki, nə vaxtsa işdən çıxarılacaqsan. Mən həmişə sədaqətlə xidmət etmişəm.

- İbrahim müəllim, xeyli vaxtdır işləmirsiz, maaş almırsız. Dolanışığınız necədir?

- Maaşdan çox pensiya alıram. Dolanırıq. Yoldaşım, oğlum da işləyir. Evdən çıxa bilmirəm. Çıxanda tənginəfəs oluram. Ona görə də Ulu Öndərin anım mərasiminə gedə bilmədim. Heydər Əliyev mənə hələ 1974-cü ildə “Şərəf” nişanı verib. Mən Lampa zavodunda sex rəisi, direktor işləmişəm. Böyük təsərrüfata rəhbərlik etmişəm. Elmlə də məşğul olmuşam. 54 il iş stajım var. Qismətdir, bu qədər işlədim. “Sovetski” həqiqətən məni yordu, amma orada həvəslə işlədim. 4 min 200 nəfəri köçürmək elə də asan iş deyil. Allaha and olsun, mənim o tikinti işindən xəbərim yoxdur, heç bir aidiyyətim yoxdur. Bu saat elə bir vəziyyətdəyəm ki, canımla əlləşirəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
409 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...