İrana alış-verişə gedənlər çoxalıb

İrana alış-verişə gedənlər çoxalıb


Azərbaycanda istehlak mallarının bahalaşması əyalətlərə də gəlib çatıb. Söhbət ərzaq məhsullarından gedir.

Rayonlarda fəaliyyət göstərən mağazaları ərzaqla əsasən “Azərsun”, “Veysəloğlu”, “Avrora” şirkətləri təmin edir. Bazarda “Palsüd” şirkəti süd və süd məmulatları ilə dominantlıq edir. Lənkəranın ərzaq dükanlarında, demək olar ki, hər həftə müxtəlif ərzaq məhsulların qiymətləri cüzi qaldırılır. Adının çəkilməsini istəməyən sahibkarın dediyinə görə, belədə əhali bahalaşmanı bir elə də hiss etmir: ““Azərsun” şirkəti mağazalara verdiyi ərzaq məhsullarının qiymətini qaldırıb. 100 qramlıq “Beta” çayı 1 manata satılırdısa, indi 1 manat 20 qəpik olub. “Azərsun” yeyinti yağlarının qiymətlərini də qaldırıb. Burda qiymət artımı 10-15 faiz təşkil edir. Yuyucu tozlar da bahalaşıb. “Ariel” tozunun bir qutusu 8 manat 80 qəpiyə idisə, indi 9 manat 60 qəpiyə satılır. Konserv məmulatlarında da 15-20 faiz bahalaşma var”.

Sahibkar deyir ki, “Veysəloğlu” və “Palsüd” də qiymətlərin qaldırılması barədə mağazalara xəbərdarlıq edib. Astara rayonun ərzaq dükanlarında da vəziyyət oxşardır. Astara şəhər sakini Elçin İbrahimli deyir ki, qiymətlərin qalxması kasıb əhalinin həyat şəraitinə mənfi təsir edir: “Kənd təsərrüfatı mövsümü qurtarmayıb. İndidən kartofun 1 kiloqramı 40-50 qəpikdən 70 qəpiyə qalxıb. Bazarda 4-5 yerdə ət satılır. Əvvəllər ət alan çox idi, bazarda ət qalmazdı. İndi bir malın ətini 3-4 günə satırlar. Ət alanlar azalıb. Bu isə onu göstərir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bir tərəfdən də ərzaq məhsulları bahalaşır. Necə yaşayaq?”

Rayonun digər sakini Höcət Əliyevin sözlərinə görə, belə şəraitdə gömrük İrandan ərzaq məhsullarının gətirilməsinə şərait yaratmalıdır. Lakin hadisələr əksinə inkişaf edir, qadağalar güclənib: “İrana bazarlığa gedənlərin əlindən ərzaq məhsullarını alırlar. Bu, kimə lazımdır?” Astara gömrüyünün önündə İrana gedənlər toplaşmışdılar. Nəzarətçinin dediyinə görə, son günlər İrana gedənlərin sayı artıb. İndi İrana gündə 500-dən çox adam keçir. Onların çoxu da bazarlığa, alverə gedir.

İşbazlar İrana gedənlərdən istifadə edirlər. Gedənlərin hər birinə 4,8 kiloqramlıq yük verirlər. Vətəndaş həmin yükü İrana çıxardır və buna görə 24 manat pul alır. Yükün İrana aparılmasına ildə bir dəfə icazə verilir. Sakinlərin “Azadlıq”a bildirdiyinə görə, İran gömrükçüləri onlara mane olmasalar da Azərbaycan tərəfində incidilirlər. Hər yükə görə pul alırlar. Sərhədyanı ərazilərdə olan mağazalar əsasən İrandan gətirilən mallar satırlar. Bu mağazalarda da qiymətin artığını gördük.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...