İrəvan Köçəryanı “bazara” çıxara bilər - TƏHLİL

İrəvan Köçəryanı “bazara” çıxara bilər -

Nəhayət, İrəvanın Moskvaya dikilmiş gözlərinə “işıq gəldi”. Belə ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsinə təyinatı münasibətilə Nikol Paşinyana təbrik teleqramı göndərdi.

Artıq bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya dövlət başçısının təbrikində qeyd edilir ki, “Rusiya və Ermənistan arasında münasibətlər dostluğun və qarşılıqlı hörmətin xeyirxah ənənələrinə əsaslanır və ölkələr müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq nəticəsində zəngin təcrübə toplayıblar”. (Virtualaz.org) Məktubda daha sonra bildirilir: “Hesab edirəm ki, bizim dialoqumuz və konstruktiv birgə işimiz Rusiya-Ermənistan qarşılıqlı ittifaq fəaliyyətinin möhkəmlənməsinə, həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləyişinə imkan yaradacaq. Bu, şübhəsiz, bizim qardaş xalqlarımızın maraqlarına cavab verir”, - deyə Rusiya dövlətinin başçısı əminliklə vurğulayıb.

Maraqlıdır ki, bu təbrikdə baş nazir Nikol Paşinyanın şəxsiyyəti ilə bağlı hər hansı fikir yer almayıb. Rusiya prezidenti ötən ilin sonlarında keçirdiyi brifinqdə də Ermənistanla bağlı sualın cavabında erməni xalqı və Ermənistandan bəhs etmişdi, hökumətdən yox. Sanki Putin Paşinyan hökumətini müvəqqəti hesab etdiyi üçün hətta ona ünvanlandığı protokol xarakterli təbrikində də daha çox Ermənistan və onun xalqına xitab edir. Amma istənilən halda, 2018-ci ilin 8 mayından sonra hakimiyyət başında olan Paşinyan üçün bu, mühüm hadisə də sayıla bilər. Nəhayət, “buz” sındı, deyə, erməni hökuməti düşünə bilər.

Güman olunur ki, Ermənistan hökuməti Putinin bu jestinin qarşılığında Putinin köhnə dostu Robert Köçəryanı həbsdən buraxa bilər. Düzdür, ötən həftə Köçəryanla bağlı həbs-qətimkan tədbiri daha iki ay uzadılıb. Lakin Rusiyadan gələn təbrik məktubu Paşinyanı düşündürə bilər. Belə ki, ötən il Paşinyanı təbrik etməyən Putin Köçəryana iki dəfə, birinci ad günündə, ikinci isə Yeni il ərəfəsində təbrik yollamışdı. İndi Kremldən İrəvana təbrik məktubu gəlirsə, Paşinyan mütləq bunu dəyərləndirməlidir, əks təqdirdə, onun üçün sürprizlər hazırlanacaq.

Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən keçmiş prezident Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan eks-prezidentin siyasi məhbus olduğunu bəyan etdi. Maraqlıdır ki, Soqomonyan Ermənistanın əsas xarici tərəfdaşlarının da Köçəryanı siyasi məhbus gözündə gördüyünü bildirib. Əslində o, “əsas xarici tərəfdaşlar” dedikdə ilk növbədə Rusiyanı nəzərdə tutur və bununla Moskvanın Köçəryanın həbsinə qarşı olduğunu bir daha xatırladır. Kreml əvvəldən Köçəryanın həbsinə qarşı idi və bunu açıq şəkildə bəyan edirdi. Lakin Nikol Paşinyan hakimiyyəti Moskvada nə qədər Putinə yaltaqlansa da, İrəvana döndükdə “rus vodkası” hesab etdiyi opponentlərini baltalamağa davam edir. Köçəryan bu siyahıda ilk pillədə qərarlaşır. Rusiya prezidenti Vladimir Putinin ötən ilin sonunda Paşinyanla Moskvada görüşündən sonra Robert Köçəryanı ad günü münasibətilə təbriki də Kremlin münasibətini açıq şəkildə bəyan etdi. Proseslərin bu istiqamətdə inkişafı Rusiyanın Paşinyan hakimiyyətini dayandırmaq üçün hansısa addım atacağı ehtimalını gücləndirir. Erməni siyasi şərhçi Razmik Akopcanyanın iddiaları bu kontekstdə diqqət çəkir.

Publika.az xəbər verir ki, R.Akopcanyan Rusiyanın bu il Ermənistanda “dişini yoxlayacağını” iddia edir. Onun fikrincə, Köçəryan Moskva üçün əhəmiyyətlidir, çünki o, Rusiyanın maraqları üçün hər şeyi etməyə hazırdır. “Əgər o, cinayət işindən xilas olmağı bacaracaqsa, Putinin köməyi ilə hər şeyi edəcək. Reallıq budur ki, əvvəlki hakimiyyət və onun böyük kapitalı təslim olmayıb. Onlar gizləniblər və zərbə endirmək üçün fürsət gözləyirlər. Hətta bu, Rusiyanın Ermənistana müdaxiləsi ilə də nəticələnə bilər”, - deyə o bildirib.

Erməni şərhçi Nikol Paşinyanı susmaqda ittiham edib. Onun fikrincə, “Paşinyanın susması təkcə özü üçün yox, bütövlükdə Ermənistan üçün də baha başa gələ bilər”.

V.Putinin təbriki əslində hansısa ssenarinin tərkib hissəsi də ola bilər. Yəni bu məktubun “at gedişi” rolunu da oynaması mümkündür. Belə ki, Rusiya Ermənistanın qərbyönümlü hökumətini cəzalandırmaq üçün sadəcə, fürsət gözləyəcək. Fakt budur ki, Ermənistanda Rusiyaya qarşı ictimai rəyin köklənməsi prosesi davam edir. Elə iki gün əvvəl Gümrüdəki 102-ci hərbi bazanın qarşısında etiraz aksiyası keçirildi, bazanın çıxarılması tələb olundu. Eyni zamanda İrəvan Rusiyanın himayə etdiyi “Qarabağ klanı”nın üzvlərini, hərbçiləri hədəfə alıb və onları cəzalandırmaqda israrlıdır. Lakin o da istisna deyil ki, Paşinyan sonda ya güzəştə getməyə vadar olacaq, ya da Rusiya ilə alverə gedib bir sıra addımlar atacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Rusiya Paşinyanı yox edib özününkünü hakimiyyət başına gətirə bilər: “Yəni Kreml ayrı-ayrı erməni siyasətçilərindən imtina edə bilər. Ancaq Ermənistandan əsla imtina etməyəcək”. Siyasi təhlilçi Putinin təbrikinə də bu prizmadan yanaşmağın tərəfdarıdır: “Bizim dediklərimiz təsdiqini tapır. Nə Ermənistan Rusiyadan qopacaq, nə də Kreml Ermənistanı başlı-başına buraxacaq. Rusiya rəsmiləri özləri deyirlər ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı yeganə forpostudur. Rusiya niyə forpostundan imtina etsin ki? Uzaqbaşı həmin forpostun başında dayanan şəxsi dəyişməyə çalışacaqlar”. E.Şahinoğlu onu da qeyd etdi ki,Ermənistan cəmiyyətinin bir hissəsi Rusiyanın Ermənistan üzərindəki ağalığından narazıdır: “Onlar hətta Rusiyanın Ermənistandakı hərbi bazasının varlığının da əleyhinədirlər. Buna görə də ”Rusiya, çıx get" şüarları ilə bəzən küçə yürüşlərinə üstünlük verirlər. Ancaq bu fikirləri mütləq çoxluq dilə gətirməyə qorxur. Çünki ağalarının onlara qarşı zərbə vurmalarından ehtiyat edirlər. Buna baxmayaraq, ermənilər daxildə anlayırlar ki, onlar Moskvaya qul kimi lazımdırlar".

Bu arada, politoloq Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı siyasətindəki çalarlara da diqqəti çəkməyi vacib saydığını vurğuladı: “Ermənistanın baş naziri Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı nəzarətdə saxlamaq üçün iki üsuldan istifadə edir: ya özü tez-tez Xankəndinə gəlir, həm separatçıların mövqeyini öyrənir, həm də Dağlıq Qarabağdakı əsgər oğluna baş çəkir, ya da Saakyanı İrəvana çağırıb müxtəlif mövzuları müzakirə edir. Paşinyan separatçıların dəstəyini əldə etmək üçün üçüncü ”üsul"dan da istifadə edir. Paşinyan xarici ölkələrə təyin etdiyi səfirləri Xankəndiyə göndərir. Məsələn, Paşinyanın Avstriyaya təyin etdiyi Armen Papikyan dekabrın 17-də Xankəndinə gələrək Bako Saakyanla görüşdü". Ekspert deyir ki, burada məqsəd aydındır: “Paşinyan demək istəyir ki, təyin etdiyi səfirlər xarici ölkələrdə ”Dağlıq Qarabağ Respublikasının" maraqları üçün də çalışmalıdırlar. Təsadüfi deyil ki, hansısa ölkədə Qarabağ separatçılarının sərgi keçirməsi və ya mallarını satmağa çalışması haqda xəbərlər gəlir. Bütün bunları həmin ölkələrdə çalışan erməni səfirlər təşkil etməyə çalışırlar. Buna baxmayaraq, yenidən baş nazir təyin olunan Nikol Paşinyan işğal altındakı torpaqlar barədə ciddi düşünməlidir. Azərbaycan prezidenti İlham Əliyev son çıxışında bir daha vurğuladı ki, nə qədər Azərbaycan torpaqları işğal altındadır, Ermənistana rahatlıq verməyəcəyik. Bu, o deməkdir ki, Azərbaycan torpaqları işğal altında qaldıqca Paşinyanı da rahat həyat gözləmir".

Maraqlısı və təəccüblüsü budur ki, V.Putinin N.Paşinyana təbrik məktubundan öncə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova Azərbaycan əleyhinə bəyanat səsləndirdi, Bakıya gəlmək istəyən 16 erməniyə görə ölkəmizin Rusiya ilə normal münasibətlərinə kölgə salmağa çalışdı. Bir çoxları öz şərhlərində bildirdilər ki, bu, Zaxarovanın özfəaliyyətinin nəticəsi deyil, arxasında Rusiya hakimiyyətinin iradəsi dayanır. Rəsmi Bakının sərt cavabına Kremldən hər hansı reaksiya verilməməsi də suallar doğurur. Ən azı Rusiya səfirliyi səviyyəsində Bakını incidən Zaxarovanın mövqeyinə görə hansısa izahat verilə bilərdi. Lakin Putinin İrəvana göndərdiyi təbrikdən öncə Zaxarovanın Azərbaycana gəlmək istəyən ermənilərin halına yanması təbii ki, səbəbsiz ola bilməz. Çox təəccüblüdür, Rusiyaya qarşı çıxışlar edən ermənilərdir, ancaq Rusiya rəsmisi Azərbaycanı günahkar sayır.

Ermənişünas alim Qafar Çaxmaqlı bildirdi ki, Rusiyanın Azərbaycanla bağlı siyasəti bəlli çıxarlara və dövləti maraqlara söykənir: “Bəzən siyasilərin dilindən səslənən ”dost", “tərəfdaş”, “qardaş“ kəlmələrinin də arxasında mənafe dayanır. Putinin ”dost" kəlməsinin müstəqil anlamda qəbul etmək doğru yanaşma deyil, ona siyasi olaraq baxacaqsan. Zaxarovanı da bu siyasət danışdırır. Görünür, Azərbaycanla bağlı siyasətdə müəyyən bilinməyən gizlinlər mövcuddur və onun çıxışı bir mesaj olaraq da dəyərləndirilə bilər". Q.Çaxmaqli Rusiya rəsmilərinin nədən Ermənistana qarşı bu qədər aqressiv deyillər-sualına da maraqlı cavab verdi: “Məcbur deyil ki, onlara da eyni şəxsin dilindən səslənilsin, başqa bir adamın, deyək ki, Solovyovun dilindən onlara da daha fərqli mesajlar verilir və biz bunların şahidiyik. Ermənistanda aksiyalar da özbaşına təşkil olunmur və Rusiyanın Ermənistan siyasətindəki bəzi olumsuz məqamları aradan qaldırmaq üçün edilir. Bundan əvvəlki illərdə də 102 saylı bazanın Ermənistandan çıxarılması müxtəlif səviyyələrdə səsləndirilib. Amma buna reaksiya olubmu? Rusiya Ermənistanın nə istədiyini bilir və həmin istiqamətdə istəklərini təmin etmişdir və bu oyunbazlıq davam edəcək”. İndi niyə onlara sərt mövqe tutulmur, əvəzində heç bir suçu olmayan Azərbaycan hədəf seçilir? Q.Çaxmaqlı: “Bunların, şübhəsiz, səbəbləri var. Rusiyaya Azərbaycan indiki halda təhdid ünsürü deyilsə də, bunun həmişə belə olacağına Moskvanın inamı yoxdur, çünki Rusiyada yaxşı bilirlər ki, Azərbaycan gələn bəlaların bir səbəbkarının onlar olduğunu bilirlər. Və M. Zaxarovanın dilindən bir az da ”qabaqdangəlmişlik" edirlər. Əlbəttə, Azərbaycan buna reaksiya verməlidir. Hansı səviyyədə olmasının elə də ciddi əhəmiyyəti yoxdur".

Ancaq Rusiya rəsmiləri də anlamamış deyillər ki, Zaxarova kimilərin bəyanatları Bakı-Moskva münasibətlərinə xələl gətirir. Lakin niyə onlara “dur” deyən tapılmır, bax, bu, çox maraqlıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...