ABŞ Prezidentinin hədəsi - iqtisadi maraq, təhlükəsiz zona - ŞƏRH

ABŞ Prezidentinin hədəsi -

Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə adı altında fəaliyyət artıq dünyanın aparıcı güclərinə sərf eləmir. Ona görə də yeni oyun başlayır. ABŞ başda olmaqla beynəlxalq koalisiya hərbi qüvvələrini Suriyadan çıxarmağa başladıqlarını bəyan edir. Bu qüvvələr İŞİD-ə qarşı mübarizə və Bəşşar Əsəd rejiminin devrilməsində suriyalılara yardım etmək üçün Suriyaya girdiklərini bildirirdilər. Ancaq fərqli mənzərə yaranmağa başlayıb. Sən demə, heç İŞİD adında elə bir ciddi qüvvə yox imiş. Çünki onların sayı, ona qarşı mübarizə aparan beynəlxalq koalisiyanın hərbi gücü və başqa bu kimi göstəricilərlə müqayisədə kiçik cinayətkar qrupa oxşayır. Bundan başqa, təbii olaraq, belə bir sual yaranır: “İŞİD var idisə, o, hara yoxa çıxdı, qeyb oldu?”
Deməli, belə ehtimal etmək olar ki, İŞİD adlı cinayətkar qrup hansısa dövlətin Suriyada və bölgədə qarışıqlıq yaratmaq üçün irəli sürdüyü bir layihə imiş. Bu layihə də qarşısına qoyduğu hədəfə yetişib. Ancaq böyük güclər Bəşşar Əsəd hakimiyyətini tam devirə bilməyib. Hətta Fransanın xarici işlər naziri Jan-İv Le Drian Suriyada keçiriləcəyi halda, onun prezident seçkilərində namizəd kimi iştirakını məqbul sayıb. Qərbin bəzi siyasi dairələri isə Bəşşar Əsədi güc olaraq qəbul etməyə başlayıb. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin bu ölkədə 2011-ci ildə bağladıqları səfirliklərinin işini bərpa etməsi, habelə Səudiyyə Ərəbistanı ilə Əsədə bağlı qüvvələr arasında danışıqların planlaşdırılmasına dair xəbərlər koalisiya qüvvələrinin nəzərdə tutduqları ikinci məsələni yerinə yetirə bilmədiklərinin göstəricisidir. Qətərin isə Bəşşar Əsədi “hərbi cinayətlərdə əli olan adam” adlandırması və onun başçılıq etdiyi Suriyanın Ərəb Dövlətləri Liqasına qaytımasının qəbuledilməz olduğunu deməsi də fərqli siyasi səhnədən xəbər verir.

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərə qarşıdır. Qətər isə bu dövlətlərin və ABŞ-ın məhdudlaşdırıcı bəyanatından sonra Rusiya, İran və Türkiyə ilə əlaqələri daha da sıxlaşdırmağa başlayıb. Rusiya və İran Əsədi dəstəkləyir, Türkiyə isə ABŞ, Qətər, Rusiya və İranla Suriya məsələsinə dair əməkdaşlıq edir. Qətərin davranışından belə çıxır ki, meydanda başqa bir əl də var. Bunun Böyük Britaniya olduğu ehtimal edilir. Bu isə vəziyyəti bir az da mürəkkəbləşdirə bilər. Çünki Krallığın da maraqları aşkar şəkildə ABŞ-sız ortaya çıxmağa başlayır. Dünyada, eləcə də bölgədə aparıcı güc sayılan ABŞ səhnədəki bu oyunçulara təzyiq etməklə ya öz tərəfinə çəkməli, ya da diplomatik yolla onların da mənafeyinin təmin olunacağına inandırmalıdır. Sadaladığımız oyunçular arasında Bəşşar Əsəd istisna olmaqla daha çox tərəflə əməkdaşlıq edən, münasibət saxlayan Türkiyədir. Əsədi devirməyə dünydan kiçik olan beşlik arasında razılıq olmadığından fiqurların düzülüşündə yerdəyişmə edilir. Elə zənn edilirdi ki, çox asanlılqa Bəşşarı devirib terrorçu PKK/YPG-PYD qruplaşmasının yuxuda belə görülməyən iddiası reallaşdırılacaq. Mərkəzi hakimiyyətin nəzarətindən çıxan Suriyada olduğu kimi, Türkiyədə də qarışıqlıq salmağa nail olacaqlar. Anadolunun cənub-şərq bölgəsində terrorçuların xəndəklər qazması, silah-sursat anbarı yaratması və başqa istehkam qurğuları quraşdırması bu xain hədəfə hazırlıq idi. Ancaq onların bütün qurğuları məhv edildi. Deməli, Türkiyə ilə bağlı planın bir hissəsi sıradan çıxarıldı. Rəsmi Ankara ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Suriya ərazisində antiterror əməliyyatları keçirməyə başladı. Türkiyə ABŞ-dan Fərat çayının şərq hissəsində yerləşən PKK/YPG-PYD qruplaşmasının çıxarılmasını istəyir. Ancaq Prezident Donald Tramp və ondan əvvəl keçmiş dövlət başçısı Barak Obama məsələyə dair verdikləri vədə əməl etməyiblər. Əksinə, bu həftə Donald Tramp Türkiyəni hədələyib. O bildirib ki, “kürdləri vursalar”, Türkiyəyə iqtisadi sanksiya tətbiq edəcək. Lakin ona da cavab çox çəkmədi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Donald Trampın Türkiyə ilə bağlı hədələyici bəyanatını dəyərləndirərkən deyib ki, ölkəsi kürdlərə bölgədə ən çox yardım edən dövlətdir: “Terrorçu PKK/YPG-PYD və “Suriya Demokratik Qüvvələri” kürdlər demək deyil. Bu çaşdırıcı fikirlə bizi aldada bilməzsiniz. Türkiyə bir yandan iqtisadi sanksiyalar, o biri yandan isə terrorla təhdid edilir. “Bu millət ac qalaram, Çanaqqala savaşında olduğu kimi boyun əymərəm” - deyir. Dövlət olaraq nə lazımdırsa, biz onu da edəcəyik. Donald Trampın təzyiq etdiyi açıqlamaları və istifadə etdiyi hədə dilini isə doğru saymırıq”.

Göründüyü kimi, ABŞ tərəfindən Türkiyəyə qarşı, azından, ikibaşlı təzyiq var. Belə ehtimal etmək olar ki, Vaşinqton Ankaranı hədələyərək sanki vurğulayır: “Ya PKK-nın qollarını qüvvə olaraq qəbul elə, ya da iqtisadi sanksiyalar tətbiq edəcəyik”. Bu vəziyyətdə Türkiyənin qarşısında iki yol var, ərazi bütövlüyü və təhlükəsizliyini iqtisadi maraqlara qurban vermək, yaxud sanksiyaları qəbul edib ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda mübarizəni davam etdirmək. Görünür, rəsmi Ankara ikincini seçib. ABŞ dövlət katibi Maykl Pompeo Donald Trampın hədələyici bəyanatını şərh edərək deyib: “Zənn edirəm ki, Donald Tramp sanksiyaya bənzər tədbirləri nəzərdə tutub”. Yanvarın 14-də isə Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. ABŞ Prezidenti bildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında həmkarı ilə iki ölkənin iqtisadi əməkdaşlığını müzakirə edib və bu istiqamətdə ölkələrinin potensialını inkişaf etdirməkdən bəhs ediblər. O həmçinin əlavə edib ki, türk lideri ilə Suriyada təhlükəsizlik zonalarının yaradılması ideyasını və terrorçularla mübarizəni də müzakirə edib: “20 millik (32 km) təhlükəsizlik bölgəsi də daxil olmaqla bütün məsələlər haqqında hansı mövqedə olduğumuzu Prezident Ərdoğanla danışdım”.
ABŞ dövlət katibi Maykl Pompeo
Deyəsən, məsələ aydınlaşmağa başlayır. ABŞ Türkiyəyə Suriya ilə sərhəddə 32 km-lik təhlükəsizlik zonasının yaranmasını təklif edir. Bu zaman maraqlı sual yaranır. Həmin əraziyə Suriya tərəfdən kim nəzarət edəcək? Bəşşar Əsəd? ABŞ onu tanımadığından, əlbəttə, yox. Onda belə çıxır ki, həmin əraziyə ABŞ-ın Suriyada PKK/YPG-PYD və SDQ qruplaşmalarından hazırladığı 40 minlik (bəzi mənbələrdə 70 minlik) silahlı qüvvə nəzarət edəcək. Bu isə Türkiyə üçün daha təhlükəlidir. Çünki bu silahlı qüvvəni ABŞ bütün hərbi silah və texnika, qurğularla təchiz edəcək. Başqa sözlə, Suriya-Türkiyə arasındakı təhlükəsizlik bölgəsi PKK-nın nəzarətinə verilir. ABŞ çoxdan planlaşdırdığı bu ideyanı indi, hərbçiləri Suriyadan çıxarılandan sonra həyata keçirmək istəyir. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəklədiyindən, bu terrorçu qruplaşmaya qarşı antiterror əməliyyatları keçirdiyindən Vaşinqtonun təhlükəsizliklə bağlı planını qəbul etmədiyi qənaətinə gəlmək olar. Onda ehtimal etmək olar ki, Donald Trampın hədəsi də bununla bağlıdır. Türkiyə Suriya ilə sərhədinə PKK-nın nəzarət etməsinə razılıq verəcəkmi?! Bu suala cavabını "Qətiyyən yox!" vermək olar. ABŞ-la Türkiyə İkinci Dünya müharibəsindən sonra strateji müttəfiq olublar. Həm də NATO-da müttəfiqdirlər. Deməli, Türkiyə ABŞ üçün sıradan bir dövlət deyil. Ağ Ev belə bir dövlətin ABŞ üçün PKK və onun qollarından daha çox əhəmiyyətə malik olduğunu çox gözəl bilir. Ancaq gələcək planlarla bağlı Türkiyəni neytrallaşdırmağı da nəzərdən qaçırmır. Donald Trampın iqtisadi əlaqələrin inkişafı ilə bağlı Rəcəb Tayyib Ərdoğanla danışması Türkiyədən əl çəkmək istəmədiklərinin göstəricisidir. Yanvarın 15-də ABŞ-dan “Patriot” raket hücumundan müdafiə sistemi ilə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyəti Türkiyəyə səfər edib. Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib. Türkiyə ön şərt olaraq Rusiyadan tədarük edəcəyi “S-400”lə bağlı sövdələşmənin ləğv ediməsinə qarşı çıxıb. Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq. Kremldən bildirilib ki, ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək. Yeri gəlmişkən, Türkiyə “S-400” kompleksini 2,5 milyard dollara aldığı iddia olunur.

Beləliklə, ABŞ və Türkiyə prezidentlərinin telefon danışığı deməyə əsas verir ki, tərəflər arasında gərginlik yaradan mövzular artmağa başlayıb. Ancaq bu da sirr deyil ki, tərəflər, qarşılıqlı olaraq, iqtisadi cəhətdən bir-birindən nə qədər çox asılı olursa, o qədər bir-birini qoruyur. Birtərəfli iqtisadi münasibət və əməkdaşlıq isə boyunduruğa gətirir. Ona görə də dövlətlər arasında iqtisadi münasibətdə “borclu borcunun sağlığını istəyər” prinsipinə əməl olunarsa, bu, tərəflərin təhlükəsizliyinə də müsbət təsir göstərər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...