Nazirlikdən həbs olunan həkimlə bağlı – Açıqlama

Firuz İbrahimov avqustun 27-də 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edib. Vətəndaş mədə qanaxması təhlükəsi ilə elə həmin gün stasionara yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən artıq həbs olunan anestezioloqla bağlı Axar.az-ın sorğusuna cavabda bildirilib. Nazirlikdən deyilib ki, anestezioloq Firuz İbrahimov iki gün sonra - avqustun 29-da xəstəxana rejimini pozduğuna görə tibb mərkəzindən çıxarılıb.
1 saylı Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov da saytımıza həbs qərarından əvvəl deyib ki, F.İbrahimov mədə qanaxması ilə reanimasiyaya yerləşdirilib: “Ancaq daxili nizam-intizam qaydalarını pozub, reanimasiyada olmalı halda xəstəxanadan çıxıb gedib. Ona görə də xəstəxanadan çıxarılmasına qərar verilib”.
Qeyd edək ki, Firuz İbrahimov BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olub. 28 avqust 2015-ci il tarixdə Apelyasiya Məhkəməsində keçirilən prosesə xəstə olduğu bəhanəsi ilə gəlməyən F.İbrahimovun əslində sağlam olduğu və Bakı küçələrində öz avtomobili ilə gəzməsi barədə zərərçəkən Anar Niftəliyev video-fakt təqdim edib. Video-faktın təqdimindən sonra 1 saylı Kliniki Tibbi Mərkəz onun reanimasiyasından çıxarıldığı barədə tədbir görüb və onun bu gün keçirilən məhkəmə prosesində iştirakı təmin edilib. Bakı Apelyasiya Məhkəməsində Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə F.İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirli bilinib və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb. F.İbrahimov məhkəmə zalındaca həbs edilib.
532 dəfə oxundu