Azərbaycan xaricdən niyə çox ət alır - səbəblər...

Azərbaycan xaricdən niyə çox ət alır -

KTN-in mütəxəssisi: “Dünyanın elə bir ölkəsi yoxdur ki, ət və süd idxal etməsin”
Bu ilin yanvar ayında Azərbaycan 7,023 milyon dollar dəyərində 5,044 min ton ət idxal edib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,589 milyon dollar (58,4 faiz) və 2,032 min ton (67,5 faiz) çoxdur.


Bundan əlavə, Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma, ət istehsalında isə artım müşahidə olunub. Məsələn, 2018-ci il iyulun 1-nə olan məlumata görə, ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 290,7 min baş inək və camış, 8 milyon 649,0 min baş qoyun və keçi mövcud olub.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2017-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,4 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 9,2 min baş (0,7 faiz), qoyun və keçilərin sayı 118,1 min baş (1,3 faiz) azalıb. Buna baxmayaraq, Komitə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında ət istehsalının 3,1 faiz artaraq 245,2 min tona çatdığını açıqlayıb.

Bundan əlavə, ölkəyə diri heyvan idxalında da ciddi artım var.

Müstəqil ekspertlər hesab edirlər ki, Dövlət Statistika Komitəsinin yerli ət istehsalı, ətin idxalı və daxili istehsalın ətə olan tələbatı qarşılama səviyyəsi ilə bağlı rəqəmlərinə şübhə ilə yanaşırlar. Məsələn, iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, rəsmi statistika Azərbaycanın ətlə təminatında idxaldan asılılığın artdığını etiraf etmir. Belə ki, rəsmi məlumata görə, ölkənin ətə olan tələbatı 90 faiz daxili istehsal hesabına təmin olunur. Lakin R.Ağayev bu rəqəmlə razılaşmır. Onun sözlərinə görə, yerli və xarici informasiya mənbələrini araşdıranda ətə tələbatın ödənilmə təminatı səviyyəsi ilə bağlı səslənən “90 faiz” rəqəmi real görünmür: “Milli Statistikaya görə, bütün növ ətə olan daxili tələbat 360 min ton təşkil edir. Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə Azərbaycana 41 min ton, 2018-ci ildə 48 min ton ət idxal olunub. Bu rəqəmlərdən çıxış etsək, tələbatın 13 faizi qədər ət idxal olunduğu görünür. Bu məlumat ”Comtrade" bazasının rəqəmi isə üst-üstə düşür. Həmin mənbədə də ixracatçı ölkələrin hesabatına görə, 2017-ci ildə Azərbaycana 41 min ton ət ixrac edilib. Rəsmi statistika diri idxal edilən heyvanları ət idxalına dair məlumata daxil etmir. Məsələn, Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə ölkəyə 88 min baş iribuynuzlu, 132 min baş isə qoyun-keçi idxal edilib. “Comtrade”də isə bu rəqəm fərqlidir- ixracatçı ölkələrin məlumatına görə, Azərbaycana 126.3 min baş iribuynuzlu, 116 min baş isə qoyun-keçi ixrac edilib. Gürcüstan tərəfin məlumatına görə, təkcə elə onlardan Azərbaycana 77 min başa yaxın iribuynuzlu mal-qara göndərilib. Ukrayna isə 36 min baş göstərir“.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edir ki, son illər heyvandarlıq istiqamətində ciddi işlər görülüb, modern heyvandarlıq kompleksləri qurulub, lakin əhalinin tələbatının tam təmin edilməsi hələ ki mümkün olmayıb: “Hələ ki yerli istehsal ölkə tələbatının 70 faizini qarşılaya bilir. Xüsusilə qırmızı ətə tələbat böyükdür, mal və qoyun ətinə”.

Ekspertin fikrincə, ölkədə ət istehsalını artırmaq üçün görülməli işlər çoxdur: “Xüsusilə ölkədə heyvandarlıqda cins tərkibin tam dəyişdirilməsi başa çatmayıb, heyvanbaşına əldə olunan ət və süd göstəriciləri xeyli aşağıdır. Damazlıq-seleksiya işləri bütün təsərrüfatları əhatə etməyib, süni mayalanma kimi texnologiyalar bütün təsərrüfatlarda həyata keçirilmir. Göstəricilərin yüksəldilməsi istiqamətində ən mühüm iş qapalı saxlama şəraitinə keçməkdir, çünki yalnız otarma şəraiti hesabına səmərə əldə etmək mümkün olmur. Üstəgəl, yem bazasının təkmilləşdirilməsi də vacibdir. Yemçilik bazası çox zəifdir, təsərrüfatlarda qüvvəli yemləndirmə tələblərə cavab vermir”.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə deyir ki, dünyanın elə bir ölkəsi yoxdur ki, əsas ət və süd ixracatçısı olan ölkələr də daxil olmaqla, ət və süd idxal etməsin: “Məsələn, dünyanın əsas ət ixracatçısı olan ölkələrin ət idxal-ixracına baxaq: ABŞ - ixrac 15 milyard dollar, idxal 5 milyard dollar; Almaniya - ixrac 10 milyard dollar, idxal 8 milyard dollar; Hollandiya - ixrac 9,7 milyard dollar, idxal 4,6 milyard dollar; Fransa - ixrac 4,9 milyard dollar, idxal 5,8 milyard dollar; İngiltərə - ixrac 2,4 milyard dollar, idxal 6 milyard dollar; İtaliya - ixrac 2,5 milyard dollar, idxal 6,4 milyard dollar. Bu siyahını çox uzatmaq olar, o cümlədən də süd idxal-ixracı üzrə. Yəni ”biz müəyyən həcmdə ət və süd idxal edirik və buna görə özünütəminetmə səviyyəsi məqbul deyil" fikri yanlışdır".

Mərkəz rəsmisinin sözlərinə görə, Azərbaycana idxal olunan ətin istehlak təyinatında emal və turizm sənayesinin tələbatı mütləq üstünlüyə malikdir: “Bir aylıq artım ümumi trendi qətiyyən əks etdirə bilməz. Son 10 illik dinamikanı götürsək, baxarıq ki, illik dondurulmuş ət idxalı 40-50 min ton arasında dəyişir. Bir il 47-48 min ton olur, o biri il 41 min ton və sair. Ötən il dondurulmuş ət idxalında 10 faizlik artım olub. Bu, emal və turizm sənayesinin 6-7 faizlik artımı ilə bağlıdır. Bu təbiidir və yəqin ki, bu trend belə də davam edəcək. Niyə? Ona görə ki, Azərbaycan bazarında əhalinin spesifik ət istehlakı ənənəsi var, insanların ət istehlakı qərarları ”Bərdə danası", “Beyləqan quzusu” kimi stereotiplərə əsaslanır (düzdür, dünya bazar qiymətindən bahadır, amma təbii dad keyfiyyəti var, həm alan məmnundur, həm də satan). Bunun müqabilində isə dünyanın emal və turizm sənayesinin fəaliyyəti “Braziliya danası” və “Yeni Zellandiya quzusu” standartı üzərində qurulub. Azərbaycanda “Braziliya danası” və “Yeni Zellandiya quzusu” qiymətində məhsul istehsal etmək mümkün deyil, çünki bu ölkələrdə olduğu kimi bizdə nə milyonlarla hektar təbii otlaq sahələri var, nə də milyonlarla hektar sahədə istehsal olunan və ucuz yem mənbəyi olan transgen soya yoxdur. Məlum məsələdir ki, hər bir ölkənin kənd təsərrüfatı məhsulları istehsalındakı müqayisəli üstünlükləri, ilk növbədə, təbii faktorlara bağlıdır. Buna görə də açıq iqtisadi sistem şəraitində yerli emal və turizm sənayesinin istehsal etdiyi kolbasa, sosiska, steyk, burger və s. məhsulların qiymət rəqabətqabiliyyətliliyi məhz idxal əti hesabına təmin oluna bilir. Bu baxımdan, 2018-ci ildə ət idxalının artımını məhz kolbasa məmulatları istehsalındakı 6,4 faizlik artım və turizm sektorundakı 7,6 faizlik artım şərtləndirib".

Diri heyvan idxalındakı artıma gəlincə, F.Fikrətzadənin sözlərinə görə, bu sahədə Azərbaycanda bir industriya formalaşıb: “Fermerlərimiz, sahibkarlarımız gedib Gürcüstandan, Ukraynadan aşağı çəkili, azyaşlı heyvanları alıb gətirib burada kökəldib bazara çıxarırlar. Yəni burada yüksək əlavə dəyəri yenə bizim ölkəmizdə yaranır. Azərbaycanda əhalinin ətə tələbatı bütünlüklə yerli istehsal hesabına təmin olunur. İdxal əti yalnız kolbasa-sosiska və turizm sənayesi üçün gətirilir”.

KTN rəsmisi bildirir ki, heyvanların baş sayının azalması fonunda ət-süd istehsalının artması heyvandarlıqda tətbiq olunan intensiv ferma modeli ilə bağlı olan müsbət dinamikadır: “İntensiv ferma modeli dövlətin dəstəyi ilə həyata keçirilir və genişləndirilir. Burada dövlət dəstəyi iki mühüm alət vasitəsilə tətbiq olunur. Birincisi, yüksək məhsuldarlığı olan heyvanlar idxal olunaraq, xərclərin 60 faizinin dövlət tərəfindən qarşılanması şərtilə fermerlərə satılır. İkinci alət süni mayalanma infrastrukturunun genişləndirilməsidir. Bu yolla hətta kiçik təsərrüfatlar belə cins mal-qara yetişdirə bilirlər. Bu, intensiv inkişaf yoludur və məhsuldarlıq göstəricisinin yüksəlməsinə hesablanıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...