Xudatın Bostançı kəndinə ayrılan 800 min manatı kim yeyib?

Xudatın Bostançı kəndinə ayrılan 800 min manatı kim yeyib?

Xudatın bu kəndinin kələ-kötür yollarına ayrılan vəsait qəhətə çıxıb; sakinlər deyirlər ki...
Xudatın mərkəzindən Bostançı kəndinə yol ayrılır. Bizi Bakıya qayıdarkən bu yolla getməyə vadar edən səbəb sakinlərin dəvəti oldu. Onların dediyinə görə, gəlib görmədən Bostançının yol problemini təsvir etmək, yazmaq olmaz.

Dedikləri kimi də oldu, kəndə girəndə elə bil, Suriyanın hansısa müharibədən çıxmış ərazisinə daxil olmuşuq. Başdan axıradək kələ-kötür, dağılmış Bostançı yollarından istifadə eləməyə dəyməz, ikinci səfərdə mütləq maşın can verməyə başlayacaq. Özü də bu kəndə nə avtobus var, nə marşrut işləyir. Kimin şəxsi maşını varsa, gedib-gəlir. Sakinlər hər gün əziyyət çəksələr də, yuxarılara məsələ başqa cür məruzə edilib.

Əslində Xudatın bir çox kəndi var ki, yolları bərbad gündədir. Soruşacaqsınız ki, onda niyə məhz Bostançıdan reportaj eləmisiniz. Çünki kəndin yollarının təmiri üçün 800 min manat ayrıldığı elan edilib, həzmi-rabedən keçirilib, üstündən su içilib, sonra Bostançı yollarına asfalt çəkildiyi deyilib.

Bu günə qədər kəndin bələdiyyə sədri Nasib Abuzərov, Xudat icra nümayəndəliyi, onların tabe olduğu Xaçmaz Rayon İcra Hakimiyyəti Bostançıya 800 min manata yol çəkildiyi barədə yüksək instansiyalara hesabat veriblər.

Sakinlər deyirlər ki, yerli məmurlar bu saxtakarlıq faktını uzun müddət gizlədə biliblər. Nə yol çəkilib, nə asfalt tökülüb, nə yarım qarış təmir gedib. Bəs həmin 800 min manat hara gedib, bax, onu məmurlar yaxşı bilirlər.

Kənd camaatı isə bir neçə dəfə soruşub, sonra məktub yazıb, amma onlara cavab verməyiblər. Bizimlə söhbətində narazılıq edən Bostançı camaatı danışır ki, ortada ciddi yeyinti, mənimsəmə faktı var: “800 min 1 milyon manata yaxındır. Bir kəndə yol çəkmək üçün bəlkə 200 min də bəs edərdi. Amma nə yol var, nə pul. Bakıdan gəlib Xaçmaz icra hakimiyyətindən soruşan da olmayıb ki, Bostançının yolları necə oldu? Axı kim bir kəndlə maraqlanacaq? Bunu icra başçısı Şəmsəddin Xanbabayev və bələdiyyə sədri eləməliydi. Onlar da ”gözünə döndüyüm" pulları qəşəng siliblər, deyiblər ki, yol hazırdır. İndi baxın, görün yollarımız nə vəziyyətdədir. Bostançı sakinləri hər gün bu yollarda zülm çəkirlər. Qışda, yağışlı havalarda lap çətin olur. Heç bizə qulaq asan da yoxdur. Ona görə xahiş edirik ki, siz çəkin göstərin, qoy yalanın üstü açılsın".

Sakinlər bildirirlər ki, kəndin qurtaracağında Xaçmaza təzə yol çıxır: “O yol yaxşıdır, asfaltdır. Amma Xudat-Bostançı bərbad gündədir. Daş-çınqıl yerdən qopub maşınların şüşələrinə dəyir. Şoferlər ziq-zaq sürürlər, yol boyu salamat yer axtarırlar ki, maşın çuxura düşməsin. Bu 800 min manat Bostançı əhlinə ayrılıb ki, rahat yolları olsun. Amma icra başçısı ilə bələdiyyə sədri elə bilir ki, bu maliyyə onların istirahətinə ayrılıb. Biz görmüşük ki, yolu çəkirlər, pis-yaxşı düzəldirlər, ordan babat pul silirlər. Bunlarsa heç qara qəpik də xərcləməyiblər, yola bir maşın asfalt tökməyiblər, hamısını yoxa çıxarıblar. Xudatdan Bostançıya qədər azı 15-20 kilometr var. Bir qarışı da təzələnməyib”.

Kənddə ən çox əziyyət çəkən isə məktəblilər olur. Bərbad yollar ucbatından palçığın, daş-qəmbərin əlindən güclə gedib-gəlirlər.

Bostançı kəndinin sakinləri “Yeni Müsavat” vasitəsilə Prezident Administrasiyasına, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinə müraciət edərək yerli məmurların əməlləri ilə bağlı araşdırma aparılmasını, problemin həll olunmasını xahiş edirlər: “Bizim yerli icra başçısına, bələdiyyə sədrinə, yol idarəsinə heç bir inamımız qalmayıb. Onlar düzgün işləsəydilər, ortaya bu boyda həngamə çıxmazdı. Ona görə prezidentdən, ölkə rəhbərliyindən kömək gözləyirik. Biz sakinlərin yol problemindən başqa şikayəti yoxdur. Qazımız, işığımız var, uşaqlarımız oxuyur, yollarımız isə acınacaqlı vəziyyətdədir. Xahiş edirik ki, buna bir əncam qılınsın, 800 min manatın aqibətinə aydınlıq gətirilsin”.


Xudatın Bostançı kəndinə ayrılan 800 min manatı kim yeyib?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...