İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevi necə qaralayır?

Şəmsəddin Hacıyevə qarşı “kompramat” xarakterli məlumatları ADİU-nun əməkdaşları hazırlayıb
Məlum olduğu kimi 2014-cü ilin mart ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) rəhbərlik edən Ədalət Muradovun yeni vəzifədə fəaliyyəti əsasən iki istiqamətdə ictimaiyyətin diqqətini xüsusilə cəlb etmişdi. Bunlardan birncisi, ADİU-nun yeni rektoru tərəfindən universitetdə rüşvət yığımlarının artıq mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üsulunun tətbiqi, digəri isə, keçmiş rektor Şəmsəddin Hacıyevə qarşı antitəbliğat kampaniyasının daha da genişləndirilməsi oldu. Əslində, bu iki fəaliyyət istiqamətindən biri digərini şərtləndirir. Belə ki, mövzuya dair dərc etdiyimiz ötən materiallarda da qeyd etdiyimiz kimi ötən ilin ortalarından başlayaraq, ADİU-da rüşvətxorluq və digər korrupsiya hallarının indiyədək görünməmiş dərəcədə yüksək həddə çatması, universitetin kollektivində keçmiş rektor Şəmsəddin Hacıyevin bu vəzifədən alınmasının məqsədəuyğunluğuna dair də müəyyən şübhələr yaranmasına əsas vermişdi. Tələbələrin getdikcə artan narazılıqları və onların Şəmsəddin Hacıyevə qarşı aşkar nümayiş etdirdikləri simpatiyaları isə universitetin hazırkı rəhbərliyini əks tədbirlərə əl atmağa məcbur etdi. Məhz elə bu tədbirlər də ilk növbədə öz təzahürünü yeni rektorun Şəmsəddin Hacıyevə qarşı yarı aşkar-yarı gizli apardığı antitəbliğat kampaniyasında tapmış oldu.
Bu xüsusda aldığımız məlumalarda vurğulanırdı ki, həm universitetin kollektivində, həm də ümumilikdə ölkə ictimaiyyətində sabiq rektor barədə mənfi rəyin formalaşdırılmasına hesablanmış kampaniyanın gedişində Ədalət Muradov bəzi mətbu orqanlarında Şəmsəddin Hacıyevə qarşı sifarişli yazıların dərcini də “stimullaşdırıb”. Həmçinin materiallarda biz bu məqamı da vurğulamışdıq ki, Şəmsəddin Hacıyevə qarşı düzənlənən “hücumların” ikinci dalğasının məhz onun Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri seçilməsi ilə eyni vaxtda baş verməsi də təsadüf deyildi. Belə ki, bu yeni vəzifə Şəmsəddin Hacıyevin ADİU-nun rektoru vəzifəsindən alınması ilə onun nüfuzuna heç də xələl gəlmədiyini isbat etmiş oldu. Bu isə universitetdə artıq öz yeni “qayda-qanun”larını tam bərqərar etmiş Ədalət Muradov tərəfindən özünə qarşı bir təhdid kimi qəbul edildi. Məlum olduğu kimi, Ədalət Muradov Şəmsəddin Hacıyevə qarşı apardığı “mübarizəsində” bütün mümkün vasitələrdən, o cümlədən müxtəlif insanların “xidmətlərindən” yararlanmağa çox meyillidir. Məsələn bir müddət əvvəl aldığımız məlumatlarda Ədalət Muradovun apardığı kampaniyada Bədirxan Musayev faktorundan yetərincə yararlandığı vurğulanmışdı. Məlum olduğu kimi, ADİU-ya Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi dövrdə, bir müddət rektorun müşaviri vəzivəsində çalışmış professor Bədirxan Musayev bu vəzifədən kənarlaşdırıldıqdan sonra kütləvi informasiya vasitələrində “ifşaedici” yazıların dərcinə start vermişdi.
Maraqlıdır ki, Şəmsəddin Hacıyevin rektor vəzifəsində Ədalət Muradovla əvəzlənməsindən sonra bu yazılar bir qədər səngisə də, bu ilin mart ayından etibarən kampaniya sanki yeni qüvvə ilə ikinci başlanğıc almışdı. Bu xüsusda yeni əldə etdiyimiz məlumatlarda isə, Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın indiyədək açıqlanmamış bəzi təfərrüatları da diqqət mərkəzinə çəkilir. Mənbə bildirir ki, uzun müddətdən bəri Şəmsəddin Hacıyevə qarşı “kompramat” xarakterli məlumatların müxtəlif instansiyalara ötürülməsində ADİU-nun xanım əməkdaşlarından birinin, Bəkirova İradə Sultanməcid qızının yaxından iştirakı olub.
Məlumata görə, universitetin Həsən Əliyev küçəsində yerləşən korpusunda çalışan bu xanımın şəxsən özünün Şəmsəddin Hacıyevə qarşı heç bir iddiası olmasa da, rəhbərliyin tapşırığı ilə İradə Bəkirova bir çox “donos”ların mətninin yığılmasını və poçt vasitəsilə tələb olunan instansiyaya göndərilməsini həyata keçirmişdir. Bu gün isə, törətdiyi əməllərin üstü açıldığına görə, İradə Bəkirova artıq ADİU rəhbərliyindən lazımi dəstək ala bilməyəcəyindən və başqalarının məqsədlərinə xidmət etdiyi halda, məsuliyyəti tək özü daşımalı olacağından ehtiyat edir...
824 dəfə oxundu