Trampın vəziyyəti çətinləşir: Onun prezident seçilməsində Rusiyanın rolu üzə çıxa bilər

Trampın vəziyyəti çətinləşir:

ABŞ-da iki ildir ki, davam edən Rusiya istintaqı yekunlaşıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Amerikada iki ildir, davam edən Rusiya istintaqını yekunlaşdıran müstəsna səlahiyyətli müstəntiq Robert Muellerin sənədləri Ədalət Nazirliyinə təqdim etdiyi bildirilib.

ABŞ Ədalət Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, ABŞ prezidenti Donald Trampın qazandığı 2016-cı il prezidentlik seçkilərinə Rusiyanın kiberhücumlar yolu ilə müdaxilə edib-etmədiyinin araşdırıldığı istintaqı aparan Mueller 2 ildir, davam edən istintaqı tamamlayıb və sənədləri ədalət naziri Vilyam Bara təqdim edib.

Nazir Barr ABŞ Senatı və Təmsilçilər Məclisinin ədalət komitələrinə bir-bir məktub göndərərək, Muellerin istintaqı sona çatdırdığını bildirib. Barrın istintaqın nəticələri ilə bağlı bu həftəsonu müvafiq komitələrə sənəd göndərəcəyi də bildirilib. İstintaqın nəticələrinə dair Ədalət Nazirliyinin bundan sonrakı mövqeyinin həlledici olacağı bildirilir.

İstintaq sənədlərindən nə qədərinin ictimaiyyətə açıqlanacağı da müzakirə mövzusudur. Xüsüsən də ABŞ prezidenti Tramp və yaxın ətrafındakı bəzi şəxslərlə bağlı məlumatların gizli qalıb-qalmayacağı da sual doğurur.

AĞ EVDƏN İLK ŞƏRH

Ağ Evin sözçüsü Sarah Sanders isə Muellerin apardığı istintaqın sona çatması ilə bağlı aşağıdakıları bildirib: “Bundan sonrakı addım nazir Barrın öhdəsində qalıb. Bu prosesin davamını maraqla gözləyirik. Ağ Ev müstəsna səlahiyyətli müstəntiqin sənədi ilə bağlı hər hansı xəbərdarlıq almayıb”.

Rusiya istintaqı çərçivəsində Tramp 9 may 2017-ci ildə sabiq FBI direktoru Ceyms Komeyin vəzifəsinə son vermişdi. ABŞ Ədalət Nazirliyi də Rusiya istintaqına müstəsna səlahiyyətli müstəntiq olaraq 17 may 2017-ci ildə Robert Muelleri təyin etmişdi.

Muellerin başladığı istintaqda Trampın seçki kampaniyasında iştirak etmiş bəzi insanların ruslarla münasibəti əsas maraq mövzusu idi. Rusiya istintaqında indiyə qədər eks beynəlxalq təhlükəsizlik məsləhətçisi Maykl Flaynla yanaşı, Trampın keçmiş kampaniya meneceri Paul Manafort və köməkçisi Rik Geytslə kampaniya dövründəki xarici siyasət məsləhətçisi Corc Papadopoulos da müstəntiq Mueller tərəfindən ittiham edilmişdi.

Tramp isə istintaq çərçivəsində ittiham edilən və ya cəza alan şəxslərin hərəkətləri ilə özü və ya prezidentlik seçkiləri arasında hər hansı bağın olduğu iddialarını rədd edib. O, Rusiya ilə arasında hər hansı bir gizli iş birliyi ola biləcəyi iddialarının qəbuledilməz olduğunu bildirib.

Sevinc, musavat.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...