Zelenski əgər İlham Əliyevi öyrənsə… - Ukraynalı şərhçi

Zelenski əgər İlham Əliyevi öyrənsə… -

Ukraynada çoxları Zelenskinin savadlı prezident olacağına inanır. O, hazırda ilk iş olaraq gedən hakimiyyətin çox sayda səhvlərini düzəltməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı siyasi şərhçi Aleksey Voronenko deyib. “Mən daha əvvəl məhz sizin saytınıza Zelenskinin qalib gələcəyini söyləmişdim. İndi tez bir zamanda səhvləri düzəltmək, ən əsası ölkə daxilindəki düşmənçiliyi aradan qaldırmaq lazımdır”, - ekspert bildirib. Ekspertin sözlərinə görə, Ukraynanın yeni seçilmiş prezidenti qısa müddət ərzində sələflərinin səhvlərini düzəltməyə nail olan Heydər Əliyevdən və ölkəsini yoxsulluqdan xilas edərək postsovet məkanı dövlətləri arasında ən inkişaf etmiş dövlətlərdən birinə çevirən İlham Əliyevdən siyasət elmini öyrənə bilər:

“Vaxt var idi söhbət hətta Azərbaycan dövlətinin tamamilə yoxa çıxmasından gedirdi. Əgər Zelenski Heydər Əliyevin təcrübəsindən öyrənə bilsə, o zaman Ukraynanı çiçəklənmə gözləyir”. Ekspert bildirib ki, rəsmi Kiyev ilk növbədə Moskva və digər ölkələrlə münasibətlərin qurulmasına başlamalıdır. “Əminəm ki, bizim Azərbaycanla münasibətlərimiz yeni dinamika əldə edəcək. Qarşılıqlı fəaliyyət göstərə biləcəyimiz bir çox aspekt var, ancaq xüsusən enerji sektoru vacibdir. İnanıram ki, belə də olacaq. Zelenskinin İlham Əliyevdən soruşa biləcəyi məsələlər var. Düşünürəm ki, Ukraynanın yeni rəhbərinin ilk rəsmi səfərlərindən biri məhz Azərbaycana olacaq. Ukrayna Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməlidir”, - siyasi şərhçi söyləyib.

Politoloq Ukrayna xalqının Zelenskini artıq şoumen deyil, dövlət başçısı kimi gördüyünə əminliyini ifadə edib.
“Onu hələ seçki kampaniyası müddətində qəbul etmişdilər, debatlardan sonra isə heç kəsdə artıq heç bir şübhə qalmadı. Geridə qalan hər şey isə Poroşenko qərargahının çirkidir. Zelenskinin həqiqətən tarixə düşmək şansı var. Ən əsası isə müharibəni bitirmək, Donbas və insanları geri qaytarmaq lazımdır. İndi məsələ siyasi əqidə nümayiş etdirməkdədir”, - Voronenko bildirib.

Voronenko hazırda Ukrayna üçün ilk növbədə parlament seçkilərinin vacib olduğunu qeyd edib: “Əsas inkişaf kursu bundan asılı olacaq, çünki Ukrayna hər şeyə baxmayaraq, parlament-prezident respublikasıdır. Burada bir fikrimi bildirmək istəyirəm, əgər parlament seçkiləri kampaniyasının yaxşı təşkil etsə və kifayət qədər yer qazana bilsə, o zaman növbəti baş nazir İqor Smeşko ola bilər. Unutmaq lazım deyil ki, həmçinin “Müxalif platforma – Həyat naminə” də lider mövqelərdə dayanacaq. Bu partiya çox güman ki, koalisiyada olacaq, iqtisadiyyatın və xarici siyasətin sabitləşməsi üçün dəstək verəcək. Bu, artıq siyasi qüvvələrin əsas funksionerləri – Medvedçuk, Rabinoviç və Boyko tərəfindən səsləndirilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...