İş adamları, bank sektoru niyə tərəddüd edir? - Təhsil kreditləri

İş adamları, bank sektoru niyə tərəddüd edir? -

Təhsil kreditləri məsələsi artıq neçə illərdir ki, gündəmdən düşmür.

Bu yöndə millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli tərəfindən “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlansa, hətta Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ilkin müzakirələr keçirilsə, qanun layihəsi bir neçə dəfə parlamentin qanunvericilik işləri planına daxil edilsə, parlamentin Elm və təhsil komitəsi tərəfindən əvvəlcə tələbə kreditləri, sonra isə təhsil kreditləri adı altında ayrıca qanunvericilik sənədinin hazırlıqlarına başlanılsa da, bu məsələnin həlli düyünə düşüb.

Cəmiyyətin böyük bir kəsiminin, övladları dövlət ali təhsil məktəblərinin ödənişli təhsil ixtisaslarında oxuyan ailələrin səbirsizliklə gözlədiyi qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu mümkün olmur.

Düzdür, 2019-cu ilin büdcə müzakirələri zamanı 2019-2020-ci tədris ilindən pullu qəbul planınında dəyişikliklər ediləcəyini, pulsuz, ödənişsiz yerlərin sayının artırılacağı bildirilsə də, bu, adıçəkilən məsələnin həlli baxımından ciddi effekt doğurmadı.

Ailələr, valideynlər hələ də bu məsələnin birdəfəlik çözümünü gözləyirlər. O cümlədən, millət vəkilləri bu məsələnin kökündən həll olunması üçün ödənişsiz yerlərin sayının artırılmasında, həm də təhsil kreditləri məsələsinin həllində israrlıdırlar.

Bununla bağlı Oxu.Az-a açıqlamasında akademik, MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli adıçəkilən qanun layihəsinin müzakirəsində və qəbulunda maraqlı olduqlarını, bu məsələni daim gündəmdə saxladıqlarını bildirib.



Əlavə edib ki, gec-tez belə bir qanun layihəsinin qəbulu baş tutacaq və bu, həm vətəndaşların maraqlarına cavab, həm də ölkə təhsilinin inkişafına müsbət töhfəsini verəcək.

“Qeyd edim ki, təhsil kreditləri məsələsi ilə bağlı həm Elm və təhsil komitəsində hazırlıq işləri aparılır, qanun layihəsinin müəyyən fraqmentləri - müddəaları hazırlanıb, həm də parlamentin digər komitələrində bu işə maraq göstərən millət vəkili həmkarlarımız var.

Onların da alternativ layihələri var. Amma bu məsələ maliyyə, ilkin kapital qoyuluşu tələb edən məsələdir. Bu məsələyə maliyyə-bank sektoru, ya da özəl sektorun nümayəndələri, sahibkarlar, iş adamları ilkin kapital qoyuluşunu təmin etməlidirlər.

Hələlik Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondu 14 ali məktəbin məhdud imkanları çərçivəsində əldə etdiyi maliyyə vəsaitləri hesabına tələbələrə kredit verir. Bu isə çox geniş miqyası əhatə etmək imkanına malik deyil.

Bu məsələnin bütövlükdə həll etmək üçün mütləq maliyyə yatırmaq, ilkin kapital qoyuluşu etmək lazımdır. Bununla bağlı bir neçə dəfə mətbuatda, kütləvi informasiya vasitələrində danışarkən ölkənin maliyyə-bank sektoruna, özəl sektora çağırışlar etmişik ki, bu işdə onların da köməyinə ehtiyac var.

Onlar bu məsələyə maliyyə yatırımı qoyub, həmin vəsaiti də bir neçə ildən sonra müəyyən faizlərlə geri ala biləcəklər. Çox da olmasa, onlar üçün bir qazanc yeri var, olacaq. Heç bir halda burada itirilmiş vəsaitdən söhbət gedə bilməz.

Sadəcə, bir məsələ var ki, maliyyə vəsaiti ayrıldıqdan, ilkin kapital qoyuluşu həyata keçirildikdən sonra gəlir əldə etmək, qoyulmuş vəsaiti geri almaq bir neçə il çəkəcək, vaxt aparacaq. Çünki tələbə ali məktəbi qurtarmalıdır, oğlan tələbələrin hərbi xidmət məsələsi var. Həmçinin, onlar iş yerləri ilə təmin olunmalı, işləməli, pul əldə etməli və bundan sonra həmin kreditləri ödəməlidirlər.

Ona görə özəl sektorun, maliyyə-bank sektorunun nümayəndələri buna o qədər də meyil göstərmirlər. Biz də maliyyə, kapital qoyuluşu ilə bağlı məsələni həll edə, tərəfdaş tapa bilmədiyimiz üçün “Təhsil kreditləri haqqında” qanun layihəsini aktivləşdirə bilmirik.

Biz gözləyirik ki, bu məsələyə ilkin maliyyə, kapital qoyuluşu ilə bağlı özəl sektordan təşəbbüslər gəlsin. Onlardan bu təşəbbüslər gəlsə və yaxud banklar tərəfindən addımlar atılsa, qanun layihəsini qısa müddətdə formalaşdıra, yekunlaşdıra bilərik. Çünki qanun layihəsinin bir çox müddəaları artıq hazırdır.

Dünya təcrübəsini öyrənmişik, ölkə reallığını bilirik, dediyim kimi, sadəcə, problem maliyyə vəsaiti ilə bağlıdır. Ancaq düşünürük ki, bizim bu istiqamətdəki çağırışlarımız nəticə verəcək, özəl sektor və ya maliyyə-bank sektoru tərəfindən bu işə yaşıl işıq yandırılacaq. Bununla belə, bütün hallarda belə bir qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu mütləq baş tutacaq”, - deyə komitə sədri əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...