Niyə yağıntılar artıb?

Niyə yağıntılar artıb?


AMEA Coğrafiya İnstitutunun növbəti elmi seminarı keçirilib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elmi seminarda İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərov “Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri” mövzusunda geniş təqdimatla çıxış edib.

Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən, yağıntı rejimini tədqiq edən alim son 10-15 il ərzində temperaturun artmasının daha böyük sürətlə getdiyini, Azərbaycanda yağıntıların bəzi yerlərdə azalmasını, digər yerlərdə isə artmasını diqqətə çatdırıb.

Tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi və s. ilə izah edib.

O bildirib ki, payız-qış aylarında yağıntıların belə kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına, avtomobil yollarının vaxtından əvvəl dağılmasına, ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına və s. bu kimi bir sıra problemlərin yaranmasına səbəb olur.

S. Seyidov son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələrinin aktivləşməsini bilavasitə payız-qış dövründə atmosfer yağıntılarının ümumi miqdarının və eyni zamanda intensiv və davamlı yağıntıların kəskin artması ilə izah olunduğunu diqqətə çatdırıb.

Alim onu da xüsusi olaraq qeyd edib ki, bununla əlaqədar olaraq Bakı şəhərində aparılan tikinti və o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...