GÜNDƏM

Milli Şuranın vahidnamizədi «Bakıya gəlməkdən qorxmuram» dedi

Müxalifət qüvvələrinin Milli Şurada birləşən koalisiyası bu gün vahid namizəd məsələsini həll elədilər. Gözlənildiyi kimi, o, Ziyalılar Forumunun və Milli Şuranın sədri Rüstəm İbrahimbəyov oldu. Milli Şuranın qərarı elan olunandan dərhal sonra əməkdaşımız hazırda Moskvada olan İbrahimbəyova telefon açaraq suallarını cavablandırmağı xahiş edib.

 

- Siz müxalifətin prezident seçkilərindəki vahid namizədi oldunuz. Bəs Azərbaycana nə zaman qayıdırsınız?

- Mənim indi işlərim var. Avropaya getməliyəm. Avropa təşkilatları ilə görüşməliyəm. Həmçini Türkiyəyə gedəcəyəm. Yəni xaricdə xeyli işim var. Onları başa çatdırandan sonra seçkilərə az qalmış mən Azərbaycana mütləq qayıdacağam. Başqa cür necə ola bilər ki?! Buna heç bir şübhəniz olmasın. Normal bir adam kimi başa düşürəm ki, Azərbaycan rəhbərliyindən nələri gözləmək olar. Lakin mən qəti şəkildə əminəm ki, mənim problemlərimin mənim payıma düşən missiya ilə heç bir əlaqəsi yoxdur. Mən bu missiyanı minnətdarlıq hissi ilə qəbul edirəm.  Ölkəyə gələcəyəm və məni dəstəkləyən insanların  ümid və inamlarını doğrultmaq üçün məndən asılı olan hər şeyi edəcəym. Qəti əminəm ki, Azərbaycan əhalisinin əksəriyyəti məni dəstəkləyir. Ona da əminəm ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdırmaq üçün hər şeyə gedəcək. İndi əsas məsələ bu saxtakarlığa mane olmaqdır. Ona görə də ölkəyə qayıtmağım ləngiyir. Ümid edirəm ki, əgər məni həbs etsələr, bu, ümumi işin xeyrinə olacaq. Xalq birdəfəlik başa düşəcək ki, onun qarşısındakı rəhbərlik antidemokratik mahiyyətə malikdir. Buna görə də mənim həbsim işlərin xeyrinə olacaq. Mən hadisələrin bu cür cərəyan edəcəyini istisna etmirəm və qorxmuram.

- Bəs siz hakimiyyətin dəyişilməsi mexanizmini necə təsəvvür edirsiniz?

- Hakimiyyətin dəyişilməsi mexanizmi mütləq mənada konstitusion xarakterlidir. O, əsas qanunda da yazılıb. Yeni nəsə icad etməyə gərək yoxdur. Hadisələrin sonrakı inkişafı məsələsinə gəlincə isə bunlar Milli Şuranın bəyanatlarında ətraflı əks olunub. Milli Şuranın vahid namizədi bu məsələlərə riayət etməlidir.Qəti əminəm ki, seçkiləri saxtalaşdırmaq cəhdləri olacaq. Bunu artıq 20 ildir edirlər (virtualaz.org).

644 dəfə oxundu
 

Əbülfəz Qarayev sufilikdən danışdı

“Sufilik İslam dünyasının, mədəniyyətinin, təfəkkürünün ayrılmaz hissəsidir. Biz fəxr edirik ki, sufiliyin o dövrdə yaradılmasında, onun yayılmasında məhz Azərbaycanda dünyaya göz açmış Seyid Yəhya Bakuvi kimi nümayəndələrin də rolu var”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, məhz bu məktəb bu gün müxtəlif peşə sahələrinin insanlarını Azərbaycana gətirərək, mədəniyyətlərarası dialoqa şərait yaradıb. Azərbaycan həmişə multikulturalizmə böyük maraq və diqqət verən ölkədir: “Bu gün bu konfransların keçirilməsində maraqlıyıq ki, müxtəlif ölkələrdən müxtəlif biliklərə və dünya görüşünə malik olan insanlar gəlsin və Azərbaycanın bu istiqamətdə apardığı işlərdən xəbərdar olsunlar”. Ə.Qarayev konfrans iştirakçılarına təşəkkürünü bildirib və Azərbaycanın multikultiralizm sahəsində gördüyü işlərdən danışıb: “Bu konfransda 11 ölkədən nümayəndələrin olması özü də Azərbaycan xalqının əsrlər öncə yaratdığı məktəb bu gün də aktualdır, müxtəlif elm sahələrinin marağını və diqqətini cəlb etməkdədir”.

Daha sonra tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının 1-ci katibi Günay Əfəndiyeva, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, Fransa Elmi Araşdırmalar Mərkəzinin araşdırmalar üzrə direktoru Tieri Zarkon və başqaları çıxış edib. Konfransın sonunda nümayəndələr Seyid Yəhya Bakuvinin türbəsini ziyarət edəcək.

560 dəfə oxundu
 

Pənah Hüseynin narahatçılığının haqlı olduğu təsdiqlənir

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Yeni Müsavat” qəzetinə son müsahibəsindəki açıqlamalar geniş ictimai müzakirəyə səbəb olub. P.Hüseynin ictimai müzakirə hədəfinə çıxan açıqlamalarından biri “İlk dəfədir rejissoru özümüz olmadığımız oyunda rol almaq zorunda qalmışıq” fikridir. Milli Şuranın komissiya sədri Eldəniz Quliyev həmin fikirlə bağlı “Qafqazinfo”ya deyib ki, Pənah Hüseyn ağıllı siyasətçidir, amma bəzən lazım olduğundan çox ağıllılıq nümayiş etdirir: “Pənah bəyin həmin sualına cavab olaraq ondan soruşmaq lazımdır ki, ssenari müəllifi, rejissoru olduğunuz tamaşalarda, rolları payladığınız əsərlərdə hansı nailiyyətləri əldə etmisiniz? Vahid namizədin seçildiyi ərəfədə ağıllı siyasətçi ehtiyatlı davranmalı və bu həssaslığı nəzərə almalıdır”.

P.Hüseyn isə onun fikirlərinə bildirilən rəylərə, cavablara heç bir münasibət bildirmək istəmədi: “Mən fikirlərimi müsahibəmdə bildirmişəm. Mənim fikirlərim barədə digərlərinin fikri bildirmək hüququ var. Mən onlara şərh verməyə ehtiyac duymuram”.

ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında Pənah Hüseynin narahatlığını bölüşdüyünü və bu narahatlığa əsas olduğunu bildirdi: “Pənah bəy narahatdır ki, ssenari Rusiyada yazılıb. Rusiyada demokratiya yoxdursa, orada yazılan ssenari nə dərəcədə Azərbaycan xalqının istəklərinə uyğun olacaq? Həmin müsahibədə Pənah Hüseyn etiraf edir ki, müxalifət bu ssenariyə daxil edilib. Bu ssenarinin nəticələrinə görə məsuliyyət müxalifətin, İsa Qəmbərin, Əli Kərimlinin üzərində qalacaq. Orada iştirak edən digər qüvvələrin elə bir məsuliyyəti yoxdur. Yəni sabah nəticəyə görə məsuliyyəti Eldəniz Quliyev kimi adamlar daşımayacaqlar. Çünki Eldəniz Quliyev kimdir ki?! Eldəniz Quliyev siyasətçi olmayıb və bu gün də siyasətçi deyil. O, ictimai-siyasi hadisələrin mahiyyətinə vara bilmir. Sadəcə ona bir rol ayırıblar və həmin rolu oynayır. Xalq həqiqəti net şəkildə bilsə, bir nəfər də olsun Milli Şuranın arxasınca getməz. Xalqın bir dənə müstəqilliyi qalıb əlində. Müstəqillik də əldən gedəndən sonra Eldəniz Quliyev kimi adamlar öz rollarını oynayıb bitirmiş olacaqlar və kənara çəkiləcəklər. Məsuliyyət isə qalacaq Müsavat və AXCP-nin, onların liderlərinin üzərində. Biz heç olmasa verdiyimiz qərarları bilirdik ki, özümüz veririk, bilirdik ki, təklif kimindir, necə müzakirə olunub, hansı nəticələri ola bilər. İndi Moskvadan bir dənə paket gəlir və təkliflər, nə edilməli olan məsələlər orada olur. Burdakı liderlər isə sanki icraçı məmurlar kimi onu icra edirlər. Pənah Hüseyn də, bax, bundan narahatdır”.

ADP sədri qeyd etdi ki, demokratik qüvvələr bu 20 ildə əksər seçkilərdə xalqın səsini qazana biliblər. Bunun özü uğurdur. Qələbəni rəsmiləşdirmək isə beynəlxalq dairələrin Azərbaycanda siyasi hakimiyyətin dəyişməsinə xeyir-dua verməməsi səbəbindən mümkün olmayıb: “Ona görə də biz uzun illər Azərbaycan iqtidarı ilə yanaşı həmin beynəlxalq dairələrlə üz-üzə durmalı olmuşuq. Hamı başa düşür ki, dünya gücləri demokratik dəyişimə dəstək vermədiyi halda daxili güclər heç bir şey edə bilmirlər. Azərbaycanda məhz belə olub. Buna görə demokratik qüvvələrin heç bir uğurunun olmadığını iddia etmək düzgün deyil”.

 

Bir sıra siyasi şərhçilər isə hesab edir ki, Pənah Hüseyn Milli Şura ilə bağlı ifrat ağıllılıq nümayiş etdirməkdə haqlıdır. Bu ölkənin müstəqilliyi uğrunda savaşmış, buna görə məhrumiyyətlər yaşamış bir şəxsin müstəqillik üçün əndişələnməsi təbiidir. Müstəqillik uğrunda savaşın nə olduğunu bilməyənlər üçünsə əlbəttə Pənah Hüseynin narahatlığını başa düşməməsi təbiidir. Demokratik qüvvələrin özlərinin ssenari müəllifi və rejissoru olduqları proseslərdə heç bir uğura imza atmadığını iddia edənlərin nəzərinə isə bir faktı xatırlatmaq yerinə düşür. Pənah Hüseynin də daxil olduğu demokratik qüvvələr özlərinin ssenari müəllifi və rol aldığı proseslərdə ən böyük uğura nail olub Azərbaycanı müstəqil dövlət ediblər. Və 20 ildir bu müstəqil dövlətin müstəqilliyinə zərər gətirəcək heç bir addıma getməyiblər. Bir qüvvənin 20 ildə heç bir sapmaya yol verməməsi ssenarini məhz özlərinin yazmasının nəticəsidir.

896 dəfə oxundu
 

Pənah Hüseynin müsahibəsi Milli Şurada qalmaqal yaratdı

 

Milli Məclisin sabiq deputatı, müsavatyönlü Pənah Hüseyn mətbuat son müsahibəsində Milli Şuranın ünvanına sərt ittihamlar səsləndirib.

Qurumun Rusiyanın projesi olduğuna şübhə etmədiyini deyən P.Hüseyn “Rüstəm İbrahimbəyov və onun həqiqi yaxın çevrəsi İsa Qəmbər və onun təmsil elədiyi qüvvələrlə bir çox məsələləri açıq və səmimi şəkildə müzakirə edib, razılaşdırmasalar ciddi problemlər ortaya çıxacaq” söyləməklə, müxalif düşərgədə yeni narazılıqların əsasını qoyub.

“Olduqca tragikomik nəticə qarşımızdadır” deyən Pənah Hüseynin iddialarına Milli Şurada təmsil olunan, “Ziyalılar Forumu”nun həmtəsisçisi və keçmiş həmkarı Cəmil Həsənlidən cavab gəlib.

Editor.az-a açıqlamasında professor Cəmil Həsənli bildirib ki, Pənah Hüseynin fikirləri ilə razılaşmır və Milli Şuranın perspektivlərinə nikbin yanaşır: “Bu gün hakimiyyət də deyir ki, Milli Şura Rusiyanın projesidir, Pənah Hüseyndir. O, bunu niyə və hansı zərurətdən deyir, bu mənim işim deyil. Gedin Pənahdan soruşun ki, o niyə belə danışır. Mən isə bu fikirdə deyiləm. Milli Şuranın görəcəyi işlər qabaqdadır və heç kim bu qurumun uğurlarına kölgə sala bilməz”.

819 dəfə oxundu
 

Mikayıl Cabbarov Qulu Novruzova istefa ərizəsi yazdırdı

Təhsil naziri Mikayıl Cabbarov vəzifəyə təyin olunandan bəri xeyli kadrı işdən çıxarıb. Yeni nazirin bu davranışı kənardan təhsil sistemində kadr islahatı kimi dəyərləndirilsə də əslində bu prosesi bəzi ciddi ekspertlər saraydaxili intriqanın təzahürü kimi yozurlar. M.Cabbarov şərti olaraq Bakı qruplaşması kimi təqdim olunan klanın, hakimiyyətdəki ikinci soy ad kimi təqdim olunan Paşayevlərin nümayəndəsi sayılır.

Onun nazir postuna təqdimatının da hakimiyyətdəki bu qruplaşma tərəfindən verildiyi deyilir. Danılmaz faktdır ki, Azərbaycanın təhsil sistemi ən regionçu sistemdir. Və təəssüf ki, təhsil sistemi bu statusunu hələ də qoruyub saxlamaqdadır. Bunun da əsasını keçmiş nazir Misir Mərdanov qoyub. İndi görünür Bakı klanı təhsil sahəsində bir regionçuluğu dağıdıb yerində başqa bir regionçuluq qurmağa çalışır...

Təhsil sistemində gedən proseslərlə bağlı redaksiyamıza vaxtaşırı özəl məlumatlar daxil olur. Hərçənd ki, hər gələn məlumatı da çap etmək olmur. Bunun da müxtəlif səbəbləri olur. Amma elə xəbər də var ki, onu ictimai əhəmiyyətinə görə tirajlamamaq qaçılmazdır. İndi təqdim edəcəyimiz xəbər də o kateqoriyadandır.

Təhsil Nazirliyindəki mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, nazir Mikayıl Cabbarov iyunun 29-da öz müavini Qulu Novruzova istefa ərizəsi yazdırıb. Bunun səbəbləri haqda mənbə detallı bilgi verməsə də bildirir ki, hər halda bu addımı M.Cabbarov “yuxarılar”ın icazəsi olmadan atmayıb. Qaynağımız bildirir ki, bəlkə də Q.Novruzovun istefa ərizəsini yazmasını məhz “yuxarılar” “tövsiyə” edib...

Mənbə bunun səbəbini bu cür izah edir ki, Q.Novruzov əslən naxçıvanlıdır. Bir qədər də dəqiqləşdirsək, o, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindəndir. Mənbə bildirir ki, nazirlik kluarlarında dolaşan söz-söhbətlərə görə, Q.Novruzovun “vurulmasına” səbəb onun elə naxçıvanlı olmasıdır. Təhsil Nazirliyi Bakı klanının tam və birmənalı nəzarətinə keçəndən sonra (bəzi iddialara görə, 2008-ci ildən sonra Təhsil Nazirliyi Bakı qruplaşmasının - Paşayevlərin - patronajlığına verilibmiş-red.) bu sistemdəki Naxçıvan və Qərbi Azərbaycan kökənli kadrların kütləvi şəkildə vurulacağı gözlənilən idi.

Mənbə onu da bildirdi ki, nazir müavinlərinin işə qəbulu və işdən azad edilməsi ölkə prezidentinin fərmanları əsasında baş verir. Görünür hakimiyyətdəki Naxçıvan klanını incik salmamaq üçün Qulu Novruzovu prezident fərmanı ilə işdən çıxarmağı məqsədə uyğun saymayıblar. Ona istefa ərizəsi yazdıraraq guya vəzifədən könüllü getməsi haqda görüntü yaradırlar.

Xatırladaq ki, may ayının əvvəllərində Təhsil Nazirliyinin maliyyə idarəsinin rəisi Şahrza Əliyev də eyni metodla işdən çıxarılmışdı. Ona da istefa ərizəsi yazdırıb vəzifədən almışdılar.

Qulu Novruzovun karyerasının ulduzu 2011-ci ildə parlamışdı. Həmin il sentyabrın 14-də təhsil nazirinin üç müavini eyni gündə vəzifədən azad edildilər. Boş qalan nazir müavini postuna irəli çəkilənlərdən biri də Q.Novruzov oldu.

Dünən bazar günü olduğundan xəbəri Təhsil Nazirliyi ilə dəqiqləşdirə bilmədik. Buna baxmayaraq bu mövzuda nazirlik rəsmilərinin, həmçinin Qulu Novruzovun özünün hər hansı rəyi olarsa, məmnuniyyətlə çap etməyə hazırıq.

6671 dəfə oxundu

axırıncı dəyişikliklər (01.07.13 20:09)

 
Başqa məqalələr...
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...
Ikiüzlü Azərbaycan
İdris Heydərli     ...
Video
"Xoca" FILMI