67 saylı DSK sədrindən prezidentə ilginc şikayət...

“DSK sədri məni nazirlikdə işləyən oğlu Damət Sultanov və Biləsuvar gömrüyündə işləyən oğlu Dəyanət Sultanovla qorxudur”
Cəlilabad rayon Maşlıq kənd sakini Ağayev Teyub Qaraxan oğlu Moderator.az – a ünvanladığı şikayət məktubunda MSK – nın 67 saylı Cəlilabad şəhər seçki dairəsinin sədri Mirsahib Sultanovdan prezidentə şikayət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab prezident!
Mən Ağayev Teyub Qaraxan oğlu 1976 – cı ildə Cəlilabad rayon Maşlıq kəndində anadan olmuşam. Ailəliyəm üç uşağım var. 1995 – ci ildən sahibkarlıqla məşğulam. Sahibkarlıqla əvvəl rəhmətlik atam məşğul olub, sonra isə bunu mən davam etdirirəm. Sizə bildirmək istəyirəm ki, mənim fermamın yerləşdiyi ərazinin yaxınlığında MSK – nın 67 – saylı Cəlilabad şəhər seçki dairəsinin sədri Mirsahib Sultanovun da ferması yerləşir. Bu adam özünün rayon rəhbərliyi yanında nüfuzundan istifadə edərək, mənə müəyyən problemlər yaradır. Belə ki, ötən il Mirsahib Sultanov rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, guya mənim çobanım onun fermasından yüz ədəd ot presi oğurlayıb və onun sahəsini çobanım mənim mal – qaramla otarmışdır. Bu gülünc ittihamla məni polisdə əsir edən DSK – nın sədrinin iddiasına rayon polisininin tədqiqatçıları da heç bir əsas olmadan haqq qazandırır. Nəticədə isə məni get – gələ salırlar.
Hörmətli cənab prezident!
Mənim mal – heyvanımı otaran çobanım Lerik rayon sakini Möhübbət Mirzəyev on bir ildir ki, mənimlə işləyir. Təsəvvür edin ki, çobanıma fermamın yaxınlığında ailəsi ilə yaşaması üçün ev də tikdirmişəm. Hal – hazırda dörd uşağı, özü və həyat yoldaşı ilə orada yaşayır. Hər ay çobanıma 200 manat əmək haqqı və aylıq ərzağını alıb verirəm. DSK – nın sədri Mirsahib Sultanov gəlib dövlət işçisinə yaraşmayan nalayiq söyüşlərlə çobanımı təhqir edir ki, sən Teyub Ağayevdən çıx, gəl mənə çobanlıq elə. Bunu isə mənim çobanım istəmədikdə DSK sədri deyir ki, səni polisə verib həbs etdirəcəm. Yaşlı çobanım qorxu içində yaşayır.
Bu dəfə isə DSK sədri özünə ziyan aktı tərtib edərək bildirmişdir ki, guya mən onun sahəsini otardırmışam və nəticədə ona 1200 manat dəyərində maddi ziyan dəyib. DSK sədri indi də məni məhkəməyə verməyə hazırlaşır. Bu ziyan aktını isə, ona verən şəxslər heç gəlib əraziyə baxış keçirməyiblər. DSK sədri məni nazirlikdə işləyən oğlu Damət Sultanov və Biləsuvar gömrüyündə işləyən oğlu Dəyanət Sultanovla qorxudur.
Hörmətli cənab prezident!
Mən sahibkar olaraq tikdiyim fermamla bağlı tikinti aktım var və sahibkar kimi dövlətə vergi verirəm. Mirsahib Sultanovun isə heç bir tikinti aktı belə yoxdur. Hələ bunu yoxlamaq lazımdır ki, görəsən DSK sədri dövlətə vergi verirmi?!
Sizdən xahiş edirəm məni bu böhtançı seyidin əlindən qurtarın. Siz həmişə çıxışlarınızda sahibkarlara dəstək olursunuz. İnanıram ki, bu müraciətim cavabsız qalmayacaq.
Öncədən sizə özüm və ailəm adından təşəkkürümü bildirirəm.
Əlaqə nömrəsi: 051-771-73-86
Məsələ ilə bağlı Mirsahib Sultanovu da dinləməyə hazırıq.
561 dəfə oxundu