Şamaxıda icra başçısının adamı dələduzluq edir - İDDİA

“Samir Nəcəfov və Katya xanım əlbir olub bizim halal yolla, əlimizin qabarı hesabına qazandığımız pulu verməkdən imtina edirlər...”
Dünən redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində yenidən inşaat işlərində işlədilərək pulu verilməyən fəhlənin şikayətləri əks olunub. Və yenidən bu haqsızlığa qol qoymuş insanlar qismində müxtəlif ranqlı məmurlar çıxış edirlər. Redaksiyamıza ərizə ilə müraciət etmiş Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan, əsgər atası Nazim Səfərov Şamaxı rayonu Qızmeydan kənd icra nümayəndəsindən, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) əməkdaşı Samir Nəcəfovun əməllərindən şikayətlənib.
Belə ki, Samir Nəcəfovla onun əmisi oğlu Pərviz Nəcəfovun vasitəsilə tanış olduğunu deyən Nazim Səfərov öz ərizəsində göstərir ki, bir müddət əvvəl bu şəxsin sifarişi ilə Şamaxı rayonu Qızmeydan kəndində təmir-tikinti işlərini həyata keçirmişdir: “Pərviz mənə dedi ki, Şamaxı rayonunun Qızmeydan kəndində iş var. Qiymətdə razılaşdıqdan sonra rayona yollandıq. Həmin kəndin icra nümayəndəsinin adı Katyadır. Mən və Pərviz onun evində təxminən, bir ay yarım işlədik və bu müddət ərzində xırda-xırda ümumilikdə 1500 manat pul aldıq. Qeyd edim ki, bizə işi verən, yəni həmin kəndə göndərən şəxs Pərvizin Milli Təhlükəsizlik Nazirliyində (hazırkı Dövlət Təhlükəsizlik Xidməti) çalışan əmisi oğlu Samir Nəcəfov olub. Əldə etdiyimiz razılaşmaya əsasən görəcəyimiz işə görə, mənə və Pərvizə ümumilikdə 3370 manat verilməli idi. Lakin bu puldan cəmi 1500 manat almışıq. Yerdə qalan 1870 manatı isə vermirlər. Belə ki, Samir Nəcəfov və Katya əlbir olub bizim halal yolla, əlimizin qabarı hesabına qazandığımız pulu verməkdən imtina edirlər. İlk öncə pulun olmadığını dedilər. Sonra isə bildirdilər ki, ümumiyyətlə, pul verməyəcəklər. Öyrəndik ki, Samir Nəcəfov bağ evi tikmək üçün Katya xanımdan torpaq alıb və bunun qarşılığında o, icra nümayəndəsinin evinin təmiri üçün lazım olan tikinti materiallarını alır. Yəni istifadə olunan tikinti materiallarının əvəzinə Katya xanım Samir Nəcəfova torpaq verəcək. Hələ bu harasıdır. Samir Nəcəfov 8 manata aldığı divar kağızını Katya xanıma 18 manat adı ilə təqdim edirdi. Bizə də bunu təsdiqləməyimizi tapşırmışdı. Bir sözlə, o, icra nümayəndəsinin evinin təmiri üçün lazım olan tikinti materiallarının pulundan da xeyir götürdüyü halda, sonda nə o, nə də Katya xanım pulumuzu vermədilər...” Şikayətçinin sözlərindən belə məlum olur ki, Samir Nəcəfov Şamaxıda, Qızmeydan kəndi ərazisində aldığı torpaq sahəsinin müqabilində icra nümayəndəsinin evini təmir etdirməyi boynuna çəkib. Bu işi isə, göründüyü kimi, iki fəhləni aldadıb istismara məruz qoymaqla həyata keçirib. Maraqlıdır ki, hətta bu fəhlələrdən birinin Samir Nəcəfovun doğma əmisi oğlu olması da bu şəxsi insaflı davranmağa sövq etməyib. Nazim Səfərovun bildirdiyinə görə, onlar pullarını almaqda köməklik göstərmələri üçün bir neçə dəfə Şamaxı rayonu rayonu Qızmeydan kənd icra nümayəndəsi Katya xanıma və Samir Nəcəfova müraciət etsələr də, qarşı tərəf açıq-aşkar şəkildə yerdə qalan məbləği verməyəcəklərini bəyan edib: “Onlar bizə dedilər ki, kimə istəyirsinizsə şikayət edin, yerdə qalan pulu verən deyilik. Bundan sonra çarəsiz qalıb Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etməli olduq. Lakin ordan bizi Şamaxı Rayon Polis Şöbəsinə göndərdilər. Polisə müraciət etdikdən sonra belə, Katya ilə Samir Nəcəfov gördüyümüz işin qarşılığında bizə borclu qaldıqları 1870 manatı verməyəcəklərini dedilər. Katya xanım bildirdi ki, mən icra başçısına kartof, yemək verirəm və buna görə də mənə heç kim heç nə edə bilməz. Mən və Pərviz soyuq qış günlərində bir ay yarım Şamaxı rayonu Qızmeydan kənd icra nümayəndəsi Katya xanımın evinin təmirində zülm çəkmişik. Onlar isə, zəhmətlə qazandığımız pulu vermək istəmirlər...”
Qeyd edək ki, əldə etdiyimiz son məlumata görə, Samir Nəcəfov bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətində tutduğu vəzifədən azad olunmuşdur. Ehtimal olunur ki, buna səbəb Samir Nəcəfovun keçmiş MTN strukturlarında çalışdığı zaman yol verdiyi bir sıra ciddi qanun pozuntularına dair ortaya çıxmış faktlar olub.
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.
332 dəfə oxundu