Bakı təhsilində yeyinti ittihamı - Büdcə pulları hara gedir

Bakı təhsilində yeyinti ittihamı -


Bildiyiniz kimi, bir müddət əvvəl Bakı məktəblərinə “Təsərrüfat məqsədləri üçün plastik kartlar”ın verilməsinə başlanılıb Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 - 1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf ediləcək və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat veriləcək.

Ödəniş Təhsil Nazirliyinin "Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə" müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürüləcək. Gundelik-baku.com-un apardığı araşdırmalardan sonra məlum olub ki, Bakı şəhəri məktəblərinin təsərrüfat xərclərinin qarşılanması məqsədilə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Əldə etdiyimiz məlumatlarda deyilir ki, məktəb direktorları hər ay həmin vəsaitlər balansa köçürüldükdən sonra onun böyük hissəsini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təsərrüfat sektorunun müdiri Pənah Səmədova çatdırırlar. Kimdir Pənah Səmədov? Bizə çatan informasiyaya görə, Pənah Səməd oğlu Səmədov 11 oktyabr 1961-ci ildə Ağdaş rayonunda anadan olub. 1979-cu ildə Ağdaş rayon 6 nömrəli məktəbi bitirib. 1983 – 1989-cu illərdə Azərbaycan İnşaat Mühəndislər İnstitutunda Mülki sənaye tikinti ixtisası üzrə təhsil alıb. 1987 – 2006-cı illərdə Sabunçu rayon Təhsil Şöbəsində Təsərrüfat istismarı qrupunun rəisi kimi çalışıb.

Təhsil nazirinin 2006-cı il 10 oktyabr tarixli əmri ilə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib. Yəni bu şəxs nə az-nə çox düz 10 ildir ki, idarədə təsərrüfat sektoruna rəhbərlik edir. Etibarlı mənbələr bildirir ki, sektor müdiri 10 illik fəaliyyəti ərzində paytaxtın orta məktəblərinin təsərrüfat işlərinə ayrılan vəsaitləri göyə sovurub: «Düzdür, 2013-cü ilə qədər Bakı məktəblərinə təsərrüfat mallarının alınmasından ötrü plastik kartlar verilməyib. Buna baxmayaraq, həmin müddətə kimi Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərin təsərrüfat işləri ilə bağlı olan məsələləri özlərinə məxsus qaydada həll edirdi. Nazir Mikayıl Cabbarov vəzifəyə keçəndən sonra bu sahədə şəffaflıq yaratmaq istədi. Bu məqsədlə plastik kart variantından istifadə edildi. Demək olar ki, üç ay hər şey öz qaydasında getdi. Yəni karta köçürülən vəsaitlərə heç kim əl uzada bilmirdi. Aradan bir müddət keçəndən sonra isə sektor müdiri Pənah Səmədov məktəb direktorlarına təzyiq etməyə başladı. Beləcə məktəb rəhbərləri təsərrüfat mallarının alınması üçün ayrılan büdcə vəsaitlərinin bir hissəsini ona verməyə başladılar. Elə buna görədir ki, orta məktəblərdə təsərrüfat malları çatışmazlığı hiss olunur. Direktorlar sanitar qovşaqların təmiz saxlanması üçün lazım olan yuyucu vasitələri, təbaşiri və digər ləvazimatları müəllimlərdən pul yığaraq alır». Məlumata görə, Pənah Səmədov məhz bu yolla gəlirlərini artırmağa nail olub. Onun paytaxtda bir neçə mənzilinin, Bakı kəndlərindən birində bağ evinin, xarici avtomobil kolleksiyasının olduğu deyilir. Bu barədə yaxın günlərdə dəqiqləşdirmə və araşdırma apardıqdan sonra ətraflı məlumat verəcəyik. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevadan bu şəxsin fəaliyyətini araşdırmasını xahiş edirik. Mövzuya qayıdacağıq.

Bizi izləyin.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
//Gundelik-Baku.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...