Sumqayıtda Zakir Fərəcovun Çovdarovsayağı “qoçuluğu” - TƏFƏRRÜAT
Son günlər Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun keçmişdəki fəaliyyəti ilə bağlı araşdırma yazılarım dərc olunmaqdadır. Abşeronda icra başçısı işlədiyi illərdə bir sıra qanunsuz əməlləri ilə diqqət mərkəzində olan məmur, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və hazırda həbsdə olan Akif Çovdarovla yaxın dostluq münasibəti qurub. Akif Çovdarovun insanları susdurmaq, şantaj və işgəncə yolu ilə istəklərini əldə etmək üsulu indi Zakir Fərəcov tərəfindən həyata keçirilir. Sumqayıtın meri Çovdarovsayağı təzyiqlərlə şəhərdə məmurları və böyük ticarət mərkəzinin sahiblərini özəl qaydalarına tabe edə bilib.
İlk öncə qeyd edim ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərə rəhbər təyin olunandan sonra göstəriş verərək Novxanı çimərliyi istiqamətində, Binəqədi rayonu ərazisində “Sumqayıt” lövhəsini quraşdırdı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rəhbəri olduğu rayonun ərazisinin Fərəcov tərəfindən zəbt olunduğunu görüb yeni quraşdırılan lövhənin sökülməsinə qərar verib. Ərazinin bölüşdürülməsi uğrunda mübarizə iki, Sumqayıt və Binəqədi İcra hakimiyyətləri arasında əməlli-başlı qalmaqala çevrilib.
Zakir Fərəcov və Xaləddin İsgəndərov arasında yaranmış qalmaqal birincini öz özəl qaydalarına müraciət etməsilə davam edib. Belə ki, Sumqayıtın şefi şəhər polisinə tapşırıq verərək Binəqədi rayon icra başçısının 1-ci müavinini həbs edib.
Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlarda hadisə təfərrüatları da geniş müzakirəyə səbəb olub. Belə ki, Zakir Həsənovun göstərişi ilə əraziyə gələn Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerində olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanovu saxlayıb. Sumqayıt polisi İlqar Süleymanovu post-patrul əməkdaşlaırnın istifadə etdiyi “katalaşka”da, saxlanılan şəxslər üçün nəzərdə tutulan arxa oturacaqda idarəyə aparıb. İlqar Süleymanovla yanaşı “Sumqayıt” lövhəsini uçurulması üçün gələn traktorçu da həbs olunub. İlqar Süleymanovun sərəncamında olan minik avtomobili şəhərin DYP-sinin cərimə meydançasına aparılıb.
Onların hər ikisi 1 sutkaya yaxın Sumqayıt polisində saxlanılıb. Hətta, Zakir Fərəcov İlqar Süleymanovu polisdə təhqir edərək, təzyiqlərlə üz-üzə qoyub. İcra başçısının müavininin bir sutka polisdə saxlanıldığı müddətdə ölkənin rəsmi qurumları narahatçılığını ifadə ediblər. Lakin, acıqlı Zakir Fərəcov yuxarıdan gələn zənglərə də məhəl qoymayaraq, Prezident tərəfindən təyin olunan 1-ci müavini istədiyi qədər polisdə saxlanılmasına göstəriş verib. Zakir Fərəcovun bu özbaşınalığı dostu sabiq MTN-çi Akif Çovdarov qaydalarına sadiqlikdən irəli gəlir desək yanılmarıq.
Bir sutkadan artıq Sumqayıt polisində saxlanılan İlqar Süleymanov Fərəcovun acığı soyuyandan sonra sərbəst buraxılıb. Polisdən çıxan icra başçısının müavini baş verənləri şərh edərkən belə bir ifadə işlədib: “Zakir Fərəcova qanunları başa sala bilmədik. O hər dəfə öz qaydalarını diqtə etdi və mənə mənəvi işgəncələr verməkdən çəkinmədi”.
Sumqayıt icra başçısı Zakir Fərəcovun qanunlara məhəl qoymayaraq istəklərini Çovdarovsayağı qaydalarla həyata keçirməsinə son zamanlar da geniş rast gəlirik. Şəhərdə bu məmurun qanunsuz əməllərindən yazdığım yazılardan sonra daha bir oxşar hadisə yaşanıb. Həmin yazıların sifariş olduğunu düşünən icra başçısı şəhərdə böyük market şəbəkəsi – “Qayalı” topdansatış mərkəzinin sahibini zor gücü ilə polisə aparılmasına göstəriş verib. Polisə aparılan İdris adlı sahibkar orda təzyiqlərlə üzləşib. İşgəncələrə məruz qalan “Qayalı”-nın sahibi bir sutkadan artıq polisdə saxlanılıb. Hədələrdən sonra Zakir Fərəcov tərəfindən qoyulan tələb yerinə-yetirilib və İdris sərbəst buraxılıb. Aldığımız məlumatda bilıdirilir ki, Zakir Fərəcovun tələbinə görə “Qayalı” marketlər şəbəkəsi 200 min manat icra başçısına “cərimə” ödəməli olub.
Hadisə ilə bağlı apardığımız araşdırmalar zamanı aydın oldu ki, bu həbs Sumqayıtda cinayətkar şəbəkə yaradan və Zakir Fərəcovun şəriki olan “Ən Ucuz” marketlər şəbəkəsinin rəhbəri Vüqar Qələndərovun xahişi ilə reallaşdırılıb. Şəhərdə V.Qələndərova rəqib sayılan “Qayalı” marketlər şəbəkəsini çökdürmək planına Sumqayıtın “Çovdarovu” – Zakir Fərəcov da qoşulub. Xatırladım ki, Zakir Fərəcovun qudası və oğlu “Ən Ucuz” marketlər şəbəkəsinə şərikdirlər. Bundan başqa şəbəkənin sahibi Vüqar Qələndərov icra başçısının atası Fərəc Fərəcova hər ay “haqq” verir. Belə olan halda icra başçısı Vüqar Qələndərovu dəstəkləməkdə davam edir və bu şəxsə rəqib olanlar icra başçısının işgəncələri, qanunsuz tələbləri ilə üzləşməli olurlar.
Maraqlı faktdır ki, Zakir Fərəcov Sumqayıtda məmurları, biznesmenləri öz Çovdarovsayağı üsulları ilə işgəncələrə məruz qoyur. Şəhərdə hamını hədə-qorxu altında saxlayan icra başçısı böyük narazı kütlə formalaşdırmaqdadır. Fərəcovun istəklərini və tələblərini icra etməkdən boyun qaçıranlar şəhər polisinin “padvalın”da “qonaq” edilir. Keçmiş MTN-çilərin qaydalarını icra başçısı kimi həyata keçirən Zakir Fərəcovun Sumqayıtda qəddar üsullarını polis vasitəsilə həyata keçirməsi narahatçılıq yaradır. Qanun keşikçilərinin bir məmurun qanunsuz istəklərini icra etmək üçün alətə çevirmələri Daxili İşlər Naziri cənab Ramil Usubovun müdaxiləsinə zəmin yaradır. Sumqayıta icra başçısı təyin olunan Zakir Fərəcovun ilk olaraq polis rəisi postuna dostu Əkbər İsmayılovu gətirməsi təsadüf olmadığı aşkara çıxıb. Məhz yeni və dostu vasitəsilə qanunsuz tələblərini həyata keçirən icra başçısının “qoçu”luğu sərhəd tanımır.
1121 dəfə oxundu