3 SAYLI XƏSTƏXANADAN NÖVBƏTİ ŞİKAYƏT...

3 SAYLI XƏSTƏXANADAN NÖVBƏTİ ŞİKAYƏT...


Şikayətçi xəstə: “Baş həkim Fikrət Zeynalov hara baxır?”

“Bu məmləkətdə kiminsə eybini göstərən güzgünü sındırırlar, eyblərsə qalır...”


“Hürriyyət”də “Sabunçudakı 3 saylı xəstəxanada tibbi xidmət niyə pulludur? başlıqlı yazı dərc olunub. Yazı Bakı şəhər Xətai rayon sakini, II qrup əlil Firqətçi Hüseynovun şikayəti əsasında hazırlanıb. Şikayətçinin sözlərinə görə, bu xəstəxanada iynə-dərmanı xəstə özü alır.

Ötən həftənin sonu Firqətçi Hüseynov redaksiyamıza gələrək bildirdi ki, yazı rezonansa səbəb olub. Xəstəxanadan çıxarkən Terapiya şöbəsinin müdiri onu çağırtdırıb və soruşub ki, tibbi xidmətdə onu nə qane etməyib, tibbi personalda kim ondan rüşvət tələb eləyib? F.Hüseynov hesab edir ki, onunla xəstəxananın baş həkimi Fikrət Zeynalovun tapşırığı ilə maraqlanıblar. Çünki ona məlumat verilib ki, baş həkim tapşırıb, öyrənin görün o xəstə nə istəyir: “Şöbə müdiri İsmət həkim yazı dərc olunduqdan sonra məni çağırtdırıb soruşur ki, hansı həkidən, tibb bacısından, xadimədən şiakyətin var? Dedim ki, sıravi işçilərdə günah görmürəm. Nəzarəti rəhbərlik eləməlidir. Xəstəxanada nə görmüşəm, onu da demişəm. Dedim ki, sizdən iynə-dərman istədim, dediniz yoxdu. Bu xəstəxananın baş həkimi Fikrət Zeynalov hara baxır?

Sərxoş hər gecə xəstələri yatmağa qoymur

Təsəvvür edin, xəstəxanaya sərxoş yerləşdiriblər, hər gecə xəstələri narahat eləyir. Şöbə müdirinə deyirəm, bu sərxoşu niyə çıxarmırsız, səhərə kimi xəstələri yatmağa qoymur. Deyir onun atası demaqoqdu, biz onu xəstəxanadan çıxara bilmirik.

Sistem şlanqının pulu da xəstədən alınır

Xəstəyə sistem yazılır, sistemin şlanqının da pulu xəstədən çıxır. Onların mənə verdiyi yeganə müalicə 70 qəpiklik dərman mayesi olub. Guya müayinədən sağlam çıxmışam, heç bir xəstəliyim yoxdur. Halbuki mən qaraciyər serrozundan əziyyət çəkirəm. Kor-kor, gör-gör. Üstəlik də ürək çatışmazlığına görə, II qrup əliləm. Açıq-aşkar xəstəliyim göz qabağındadı. Qaraciyərimə görə qarnım necə şişkindisə, hərəkət edə bilmirəm. İldə 2 dəfə ciddi müalicə almalıyam, amma müalicəyə pulum yoxdu.

Axı dövlət xəstəxanalarına dövlət büdcəsindən pul ayrılır ki, mənim kimi pulsuzlar gedib orda müalicə olunsun.

Çarpayılar sınıq-salxaq...

Həkim deyir xəstəxanın təcili tibbi yardım maşını yoxdur, mən taksiyə pul verib qan analizi üçün getməli oldum. Çarpayıların ortası yoxdur, yazı gedəndən sonra mənə ortası olan çarpayı verilib. Yemək də tam verilmir, xəstəyə ayrılan normadan kəsilir.

Xəstəxanada guya yer yoxdur, amma kim ki, 15 manatdan başlayaraq pul verəcək, yer tapılır. Doğrudur əksər xəstəxanalarda özbaşınalıq baş alıb gedir, amma bu xəstəxanada tamam biabırçılıqdır.

Reanimasiyadan demək olar ki, hər gün ölüm xəbəri çıxırdı, vay-şüvən səsi gəlirdi.

Xəstəxanadan çıxanda da mənə otlar yazıblar ki, get evdə al bu otları iç sağalacaqsan. Otla sağalacaqdımsa, daha xəstəxanaya niyə gəlirdim?”

Tibb bacısının gileyi...

Məsələ ilə əlaqədar Sabunçu rayon Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan bildirdilər ki, tibb müəssisəsinin rəhbərliyilə yalnız günün birinci yarısı əlaqə saxlamaq mümkündür, daha doğrusu saat 15.00-a qədər. Hər hansı bir şikayət varsa, xəstə baş həkimə yazılı müraciət eləsin. Telefonda bizə cavab verən tibb bacısı, hətta gileyləndi ki, bu xəstəxanaya əraziyə aidiyyatı olmayan şəxslər də müraciət edəndə onları qəbul edib, bacardıqları tibbi xidməti göstərirlər, amma yenə də üzü danlanan onlar olur.

Onu da qeyd edək ki, F.Hüseynov Səhiyyə Nazirliyinin qaynar xəttinə də telefon açıb. Oradan isə ona cavab verilib ki, məsələ araşdırlacaq və ona cavab veriləcək: “Mən Qaynar xəttə deyərkən bir iradımı da bildirdim. Dedim ki, yaşadığım ərazidə yerləşən 20 saylı xəstəxanada da çox acınacaqlı vəziyyət var. Bu xəstəxana normal fəaliyyət göstərsəydi, mən ora müraciət edərdim. Yeri gəlmişkən, qəzetinizdə o xəstəxananın vəziyyəti haqda yazı dərc olunduqdan sonra, mənə oradan da zəng gəldi ki, niyə şikayət eləmişəm? Təəssüf ki, bu məmləkətdə kiminsə eybini göstərən güzgünü sındırırlar, eyblərsə qalır. Amma yenə də ümidimi üzmürəm. Çünki nə vaxtsa məni anlayıb, düzgün nəticə çıxaranlar da olacağına inanıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...