Xocalı tədbirinə gələnləri Bakıda cərimələdilər - DYP-dən inanılmaz addım

Xocalı tədbirinə gələnləri Bakıda cərimələdilər -

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Azərbaycanın Milli Qəhrəmanları və onların valideynləri, Qarabağ Vətən müharibəsi veteranları, Azərbaycan Xüsusi Xidmət Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və "Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai birliklərinin rəhbərləri və üzvləri, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali təhsil müəssisələrinin zabit və kursantları, əsgərləri, həmçinin Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına daxil olan gənclər təşkilatlarının təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi polkovnik, professor Cəlal Qasımov çıxış edərək DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin adından tədbir iştirakçılarını salamlayıb. O, bu tədbirin bir neçə gündən sonra bütün xalqımız tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin maarifləndirilməsi və dövlətçilik amallarına sədaqət ruhunda tərbiyələndirilməsində əhəmiyyətini qeyd edib.

Belə bir əhəmiyyətli tədbiri DYP əməkdaşları "darmadağın" etdilər.

DTX Mədəniyyət Mərkəzində hər kəs bilir ki, Rəşid behbudov küçəsində yerləşir. Bu ərazidə isə demək olar ki, Mərkəzə yaxın bütün parkinqlər Formula 1 yarışlarına görə bağlanıb. Yəni müharibə zamanı, xüsusən də, aprel döyüşlərində öz fiziki imkanlarını qismən itirən Milli Qəhrəmanlarımız isə yol hərəkətinə mane olmadan avtomobillərini Mərkəzin qarşısında saxlayıblar. DYP əməkdaşıAbdullayev Emin Hüseyn oğlu isə DTX tərəfindən dəvət olunan bütün avtomobillərə cərimə yazıb. Məsələ burasındadır ki, Mərkəzin gözətçiləri DYP əməkdaşlarına tədbirin mahiyyəti, iştirakçıları, zəruri güzəştlərlə bağlı xəbərdarlıq ediblər. Buna baxmayaraq DYP əməkdaşları heç bir mənəvi dəyərləri nəzərə almayaraq protezlərlə hərəkət edən Milli Qəhrəmanlara,Qazilərə, jurnalistlərə, QHT təmsilçilərinə cərimələr yazıblar.

Tədbir iştirakçılarından aprel döyüşlərində bir ayağını itirən, düşmənə xeyli sayda itki verən, 2-ci və 3-cü dərəcəli, eyni zamanda, qüsursuz xidmətə görə 10 illik Vətən Naminə medal alan Hüseynov Eşqin Seyfəddin oğlu 7NEWS.az-açıqlamasında DYP-nin bu addımının ölkəmiz adına ləkə olduğunu dedi: "Söhbət cərimənin məbləğindən getmir. Sadəcə bu adama mənəvi təsir edir. Axı bizi DTX dəvət edib, mötəbər tədbir keçirib. Belə bir tədbirdə, belə bir insanlara cərimə yazmaq nə deməkdir axı? Həm də bilə-bilə".

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxladıq. V. ƏsədovBNEWS.az-a açıqlamasında bildirib ki, tədbirə gələnlərin DYP əməkdaşı Abdullayev Emin Hüseyn oğlu tərəfindən cərimə olunmasına etirazları varsa, o zaman Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər. Müraciət əsasında araşdırma aparılacaq və məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...