81 nəfərin pulunu mənimsəyən bankirin atası həbsdən qorxur

81 nəfərin pulunu mənimsəyən bankirin atası həbsdən qorxur


Vüqar Xasayev: “Vətəndaşa dəymiş ziyan mühakimə olunan şəxsin əmlakı hesabına tam ödənilməlidir” 2008-ci ildən “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il cəza alan Zal Yusifovun əmlakının müsadirə edilməsi barədə də qərar qəbul edilib. Sonradan Zal Yusifovun atası Zakir Yusifov şikayət verərək bildirib ki, əmlaklar guya oğluna yox, onun özünə məxsusdur. Bununla bağlı Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrlik etdiyi kollegiya Zakir Yusifovun şikayətini təmin edib. Hakimlər müsadirə olunacaq əmlakla bağlı məsələni apelyasiya instansiyasına qaytarıb. Bundan sonra mətbuatda məhkəmənin qərarı geniş müzakirəyə səbəb olub. Məhkəmənin qərarını şərh edən millət vəkilləri, tanınmış hüquqşünaslar iş üzrə zərərçəkmiş 81 nəfərin hüquqlarının pozulması kimi qiymətləndiriblər.

Bundan sonra qorxu, təlaş içində olan Zakir Yusifov tələm-tələsik bəzi saytlarda açıqlama verərək, günahsızlığını sübuata yetirməyə çalışıb. Amma onun bu tələskənliyinin özü də məsələnin nə qədər ciddi olmasını, cinayətkar atasının qanunsuz olaraq vətəndaşlara vurulmuş ziyanın ödənilməsinə necə mane olmasını bir daha sübut edir.


Qeyd edək ki, məhkəmənin müvafiq qərarı ilə Zal Yusifovun müsadirə olunmuş əmlakları hərraca çıxarılmışdı. Artıq bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icrası şöbəsinə bununla bağlı rəsmi məktubla müraciət olunmuşdu. Zal Yusifovun müsadirə olunan əmlakının satılması üçün tədbirlər görülməyə başlanmışdı. Maraqlıdır, necə olur ki, birdən-birə Ali Məhkəmənin hakimləri cinayətkara “yaşıl işıq” yandırır? Bu da çox maraqlıdır, 80 yaşlı ahıl pensiyaçı dəyəri milyonlarla manat olan əmlakı necə əldə edib? Adi pensiyaçıda bu qədər maliyyə vəsaiti haradandır? O, bu pulları haradan və necə əldə edib? Əgər bütün bunlar ahıl pensiyaçının öz halal sərvətidirsə, o zaman onun oğlu Zal Yusifovun fırıldaq yolu ilə vətəndaşlardan mənimsədiyi 38 milyon manat haradadır? Bu müəmmalı məsələ ölkədə hər kəsin diqqət mərkəzindədir.

Və ən maraqlı məqam: əgər üzərində həbs olan əmlaklar həqiqətən də cinayətkar oğula deyil, məhkəmələri aldatmağa çalışaraq növbəti cinayətə əl atan ataya məxsusdursa, niyə Zal Yusifovun aldatdığı, istintaq və məhkəmənin zərərçəkən kimi tanıdığı şəxslərə həmin mülklər notarial qaydada etibar olunurdu? Zakir Yusifov bu məntiqi məhkəmələrə necə və hansı üzlə izah edəcək??? Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli bildirib ki, “Texnikabank” işində zərərçəkmişlər pozulmuş hüquqları ilə bağlı müvafiq qaydada da məhkəmələrə müraciət edə bilərlər. Mətbuat katibinin sözlərinmə görə, zərərçəkmişlərin hüquqlarının məhkəmələr tərəfindən müsbət qaydada həll edilməsi vacib məsələdir. Allahverdi Məmmədli qeyd edib ki, “Texnikabank”la bağlı materiallarla tanış deyil: “Burada tərəflər şikayətçidir. Haqlı olan və olmayan tərəf mövcuddur. Hakimlər də həmin tərəflərin şikayətini araşdırır və sonda qərar qəbul edir. Hakimin qərarı şərh oluna bilməz. Bütün şikayətlərə məhkəmə instansiyalarında qiymət veriləcək”.

Məhkəmənin qərarı ilə müsadirə olunması üçün nəzərdə tutulan mülklərin Zal Yusifov tərəfindən cinayət yolu ilə əldə olunmasına gəlincə, Allahverdi Məmmədli bildirib ki, Zakir Yusifov məhkəmələri aldatmaq üçün materiallar təqdim etməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır: “Bununla bağlı məhkəmələrə müraciət olunur, hakim müəyyən edir ki, Zakir Yusifovun məsuliyyəti nədən ibarətdir. Şübhəsiz ki, belə olan halda məhkəmə həmin şikayətçinin barəsində tədbir görür. Qanunda böhtan, təhqir və yalana görə nəzərdə tutulan maddələr var”. Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv, 15 saylı hüquq məsləhətxanasının müdiri, Beynəlxalq Kommersiya Arbitrajı Məhkəməsinin hakimi Vüqar Xasayevin sözlərinə görə, cinayət yolu ilə vurulan ziyan ödənilməlidir: “Məhkəmə müəyyən edir ki, vətəndaşa dziyan vurulub. Dəymiş ziyanın ödənilməsi vacib məsələdir. Fərqi yoxdur ki, burada ziyanı vuran ya dövlət orqanıdır, ya da ki, adi bir vətəndaşdır. Vətəndaşa dəymiş ziyan mühakimə olunan şəxsin əmlakı hesabına tam ödənilməlidir. Ödənilmədiyi halda həmin şəxs məsuliyyət daşıyır. Başqa tərəfdən bank ziyan vurubsa, bankın əmlakı var. Bu da birmənalı şəkildə ödəməlidir. Bankın hesabı var, vətəndaşa vurulmuş ziyan var. Məhkəmə icraçısı bankın hesabının üzərinə həbs qoyur. Amma Texnikabank” işində pullar bankın hesabına qoyulmayıb və bankın filial rəhbərinə verilməsi sübuta yetirilib. Burada iş qeyri-rəsmi olması üzə çıxır. Belə olan halda bankın rəhbərinin əmlakı hərraca çıxarılmalıdır və dəymiş ziyan ödənilməlidir”. Vüqar Xasayev bildirib ki, Zal Yusifovun atası Zakir Yusifovun mülklərin ona məxsus olması ilə bağlı iddiası məhkəmə tərəfindən hərtərəfli araşdırılmalıdır: “Burada əmlakların üzərinə yenə də həbs qoyulmalıdır. Məhkəmə tərəfindən sübut olunmalıdır ki, bu əmlaklar bankın rəhbəri tərəfindən alınıb, amma başqasının adına rəsmiləşdirilib. Müəyyən edilməlidir ki, əmlaklar bankın rəhbəri tərəfindən əldə edilib. Amma əslində həmin mülklər bankın rəhbərinindir, onun cinayət yolu ilə əldə etdiyi pullar hesabına alınıb. Bunu Azərbaycanda hər kəs bilir. Belə olan halda əmlaklar dəyərləndirilməlidir, satılmalıdır və zərərçəkmişlərə olan borc ödənməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...