Qurd totemli türklər - Bunu hər kəs oxuyacaq

Qurd totemli türklər -


Dünyada ilk inanclı millətlərdən ən böyüyü türklər olmuşdur. Sadə, eyni zamanda dərin fəlsəfi çalarlara malik səmavi inanclar təkamül nəticəsində türk təfəkküründə formalaşmağa başlamışdır. Belə ki, bəsit təfəkkürlü insanlar ilk zamanlar heyvan totemlərinə inanmışlar, yəni heyvan atadan gəldiklərini iddia etmişlər. Qədim türklər də inanc kimi qurdu özlərinə totem bilərək “Qurd ata”dan gəldiklərini düşünürdülər. Öz xarakterini Qurda oxşatmaq, onun həyat yaşamından özləri üçün dərs alınacaq dərəcədə qurdu özlərinə örnək bilmişlər. Totemizmin bir çox özəllikləri də vardir:

- Totem ilə kütlə arasında duyğusal qohumluq vardır, yəni eyni totemdən olanlar eyni atadan gəldiyinə inanır;

- Eyni totem ətrafında toplanan insanlar bir-biriylə evlənə bilməz;

- İnanclı totemin insan kütləsini bütün təhlükələrdən qoruduğuna inanılır və s.

Bəli, bu inanclar 21-ci əsr insanı üçün çox gülünc görsənə bilər. Amma zaman-zaman bu inanclar üzərində bərqərar olmuş daha dərin inanclar yaranmağa başladı. İnsan təfəkkürü inkişaf etdikcə ilahi idarəedici qüvvə haqqında olan təsəvvürlər daha da dərinləşirdi. Türklərin sonrakı dini inanclarında Göy Tanrıçılığı xüsusi yer tutmuşdur. Göy Tanrısı yüksəkliklərdə mövcud idi. Göy Tanrı ibadətləri dağ yüksəklikləri istiqamətində Günəşə doğru həyata keçirilərdi. Göy Tanrı ümumilikdə insanların yaşamına elçisiz, peyğəmbərsiz qarışır, buyurduğu tələblərə, ayinlərə əməl etməyənləri cəzalandırar. Göyün tələblərinə qarşı çıxılmaz. And içmə, şükür etmə Göy Tanrıya ünvanlanar. Bu gün də Asyada tarix səhnəsində mövcud olmuş Hunların, Göytürklərin, Uyğurların dini inanclarında Göy Tanrı inancının izlərinə rast gəlinir. Belə ki, hələ də Göy Tanrının adına qurbanlar kəsilərək ondan imdad və bağışlanma dilənilir.
Hətta ərəblərin iddiasına baxsaq məlum olar ki, qurban kəsmə adətinin İbrahim peyğəmbərlə bağlanması da səhv fikirdir. Birincisi, İbrahim peyğəmbərin məlum rəvayətə görə oğlu İsmayılı qurban kəsmək istəməsi və bu qurbanlığın əvəzində göylərdən qara qoçun “endirilməsi” islamdan çox-çox əvvəl olmuşdur. Yeni təşəkkül tapan islam dinində ərəblərin etiqat etdiyi bir çox adətlər kimi, qurban kəsmə adətini də saxlamaqla köhnə inanclı kütləni öz tərəflərinə çəkmək üçün çox əlverişli bir yönətim qazanıldı... Amma qurban kəsmə adəti türkün qədim dini mədəniyyətinin əsas inanclarından olub və çox sadə, məntiqi fəlsəfəyə bağlıdır. Məsələn, Altay mifоlоgiyasına görə göy üzünə dоğru çоx böyük şam ağacı yüksəlir. Göyləri dəlib çıxan bu ağacın təpəsində Tanrı Ülgən оturur. Həmin ağacın zirvəsinin şəninə qurbanlar kəsilərək, diləklər edilərmiş. Qədim hunların isə ağaca at qurbanı kəsməsinə, kəlləsini və dərisini də budaqlarına asmalarına bənzər adətin izlərinə “Düldül ocağı”nda rast gəlinməkdədir.
...Əgər dini mifolagiyalara inansaq görərik ki, tarix boyu türk millətinə nəbilər, peyğəmbər, elçilər göndərilməmişdir. Türklər daim özlərinin başı üzərində Ulu bir varlığın nüfuzunu hiss etmişlər. Lakin qədim türklərlərdə peyğəmbər adına bərabər tutulacaq “yalvac” adı da mövcud olmuşdur. Bu sözün kökündən də Yaradana yalvarış, arzu-dilək istəyi mənası ortaya çıxır. (Yalvac yalvarmaqla yanaşı, xəbər vermək mənalasını da daşıyır. Yal sözü monqolcada cəzalandırmaq deməkdir). Lakin türklər böyük ərazilərə sahib olduğundan onların vahid dini inancları arasında oxşarlıqlar olsa da, fərqliliklər də az deyildi. Türklərin sonuncu dini təsəvvürlərində təktanrıçılıq meydana çıxdığından, onlar tarix boyunca təktanrıçılığa əsaslanan müxtəlif dinlərə və bu dinlərin fərqli məzhəblərinə tabe olmuşlar. Məhz türklərin islam dinini də tez bir zamanda qəbul etmələrinin başlıca səbəbi bu idi. Amma islam türklərə formaca öz dinləri kimi görsənsə də, mahiyyət tam fərqli idi. Mahiyyət ərəb işğalı, ərəb xilafətinin ərazi genişlənməsi idi. Minilliklər boyunca damla-damla toparlanan türk kültürü, türk mədəniyyəti ərəb mədəniyyətinin, ərəb kültürünün içində kiçilməyə və bölünməyə başladı. Xilafət hakimiyyəti uğurunda gedən mübarizədə islam dinində parçalanmalar yaranaraq məzhəb qopmaları yaranmış və bunun da əsasında müxtəlif təriqətlər meydana çıxmışdır. Türklər “islam köynəyi”ni əyininə geyindikdən sonra kənardan qızışdırılma məzhəb çəkişmələri daxilində öz kökündən olan qardaşları ilə dəfələrlə qanlı döyüşlərə girmişdilər. Və sonucda düşmən münasibətlərdən qaynaqlanaraq milli kimlik anlayışı unudularaq dini mənsubiyyət məsələsi önə çıxmışdır. Bax, biz türklərin bədbəxtçiliyi bu zamanlardan başladı.
Ümumiyyətlə, türk milləti kimi ikinci millət tapilmaz ki, öz ərazisinin, öz mədəniyyətinin, öz əxlaqının işğalçısına bu qədər yanğı ilə yanaşsın, onu bu qədər sevsin.
Bu gün bizim qurtuluşumuz naminə öz milli keçmişimizə sahib çıxmağımız daha çox gərəkdir. Parçalanmış vətənimiz Azərbaycanın bütövlənməsi üçün qan, can, ağıl gərək olduğu qədər də tarixi keçmişimizə sahiblənməyimiz gərəkdir. Sadə düşüncələrlə Böyük Türk Birliyi qurmaq istəyimizi mürəkkəb situasiyalardan üzüağ çıxmağımızla reallaşdıra biləcəyik. Öz kökümüzə enərək milli kimliyimizi öyrənmək istəyimizə müxtəlif zamanlarda qəbul etdiyimiz yad dini inanclar sözün həqiqi mənasında mane olur. Bunun üçün bütün enerjimizi, bütün düşüncələrimizi ancaq və ancaq vahid milli ideologiya ətrafında birləşdirmək gərəkdir. Artıq yetişən gənc nəsil yaxın keçmişimizin utancı olan Qarabağ itkisini qəbul etmək, həzm etmək iqtidarındadır. Onda kim zəmanət verə bilər ki, tarixi Türkmənçay faciəmizi övladlarımız başqa dövlətlərin tarixi hadisəsi kimi qəbul etməyəcək?. Ağlamalı dərd budur. Torpaq, vətən itkisini qəbul edən gəncin dini təəssübkeşliyi də formal xarakter daşıyır. Çünki kökünü, kimliyini bilməyən insanın yaşamaq və düşünmək haqqı da öz əlində olmur!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...