İcra başçılarına rəsmi xəbərdarlıq - Növbə kimindir?

İcra başçılarına rəsmi xəbərdarlıq -


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bir neçə gün əvvəl Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad olunub. Onun boşalan postuna isə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə təyin edilib. Təyinatlarda diqqətçəkən məqamlardan biri də odur ki, azad olunan icra başçısı Mübariz Ağayev Kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini təyin edilib.

Mia.az xəbər verir ki, hələlik nazirlikdən bu fakt təsdiqlənməsə də, sabiq icra başçısı mediaya açıqlamasında nazir müavini təyinatı haqda açıqlama verib. Bildirib ki, bu etimada görə Prezidentə təşəkkür edib...

Mia.az onu da xəbər verir ki, bu və ya digər təyinatlarla bağlı "Reytinq” qəzeti yazıb ki, Mübariz Ağayev icra başçısı kimi ona göstərilən etimadı doğrultmadığı üçün vəzifəsindən alınıb: "Mübariz Ağayev 27 yanvar 2015-ci ildə Göyçaya icra başçısı təyin edilsə də, ötən bir il altı ay ərzində o, qarşısına qoyulan vəzifələri icra edə bilmədi. Ona görə də başçı vəzifəsindən azad olundu. Düşünürəm ki, onun nazir müavini təyinatı da işgüzarlığına görə deyil, məhz nəqliyyat naziri Ziya Məmmədovun "çətir”i altında olmasından irəli gəldi.

Bu yerdə yada salaq ki, Mübariz Ağayevin müavini olduğu nazir Heydər Əsədovla Ziya Məmmədov qudadırlar. Sabiq icra başçının nazir müavini təyinatında məhz bu faktorun həlledici olduğu da bu səbəbdən təəccüblü deyil”.

Müsahibimiz deyir ki, Mehdi Səlimzadənin təyinatı bir çoxları üçün gözlənilməz olsa da, əslində, o, illərdir rayonların birinə icra başçı göndərilməsinə çalışıb: "Mənim bildiyimə görə, o, daha çox doğulduğu rayonun – İmişlinin icra başçısı vəzifəsinə can atıb. Amma görünən odur ki, İmişlinin hazırkı icra başçısı Vilyam Hacıyev laxlayan mövqeyini xeyli gücləndirib. Ona görə də Mehdi Səlimzadənin doğma rayonuna təyinatı gerçəkləşmədi”.

Məlumatlı şəxs deyir ki, adı çox ciddi qalmaqallarda hallanan Vilyam Hacıyevin də İmişilidəki vəzifə ömrü uzun çəkməyəcək: "Tək o, deyil, hazırda 15-dən çox icra başçısını ciddi sınaq mərhələsindədir. Mənim bildiyimə görə, İmişli, Hacıqabul, Bərdə, Şamaxı, Cəlilabad, Ağstafa, Xaçmaz, Xanlar, Leriklə yanaşı, Bakının 3 rayonunun icra başçıları "tikan” üstə oturublar. Bu ilin sonunadək Prezidentin bu rayonların icra başçılarını mərhələlərlə vəzifələrindən azad edəcəyi gözlənilir”.

Məlumatlı şəxs deyir ki, bu rayonlardan bəzilərinin icra başçılarına hələ bir neçə ay əvvəl açıq şəkildə xəbərdarlıq edilib: "Məsələn, Bərdənin icra başçısı Vidadi İsayev prezidentin pambıq əkini ilə bağlı tapşırıq və tövsiyyələrinə etinasız yanaşdığından ona bir neçə ay əvvəl sərt xəbərdarlıq edilib. Hətta qısa müddətdə rayonda pambıq əkini sahəsini nəzərdə tutulduğu səviyyəyə çatdırmadığı təqdirdə, prezidentə məruzə edilərək, vəzifədən çıxarılacağı da şəxsinə çatdırılıb. Həmin vaxtı rayona dönən Vidadi İsayev qısa zaman ərzində pambıq əkin sahəsini tələb olunan səviyyəyə qaldırdığını Prezident Administrasiyasına məruzə edib. Onun bunu kağız üzərində edib-etmədiyi isə yəqin ki, yığım zamanı ortaya çıxacaq məhsuldarlıqla aydınlaşacaq. Əgər o, yalan statistika ilə yuxarı qurumları aldadarsa, bu, ona daha baha başa gələcək. Buna şübhə etmirəm. Ümumiyyətlə, bu il kənd təsərrüfatı ilə bağlı nəzərdə tutulan nəticələri əldə etməyən, o cümlədən prezidentin qarşıya qoyduğu tələblərə cavab verməyən rayon rəhbərlərini heç də müsbət sonluq gözləməyəcək. Əminəm ki, bu dəfə heç kimə güzəşt olunmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...